Qəbələdə yeddinci
görüş
Avropa ölkələrindəki yay mövsümündə musiqi
festivallarının keçirilməsi ənənəsi
artıq Azərbaycanda da formalaşıb
İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti incəsənət bayramının - VII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. 2009-cu ildə əsası qoyulan ənənəvi festivala İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna və İsraildən tanınmış kollektivlər, musiqiçilər qatılıb. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına müraciəti oxunub.
Müraciətdə festivalın ölkəmizin gözəl guşələrindən birində, əsrlər öncə qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirildiyi diqqətə çatdırılır: “Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqa daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq festivalların, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı”.
Qəbələ
festivalı ilə musiqi mədəniyyətində
yeni ənənənin təməli qoyulub
Müraciətdə qeyd olunur ki, 2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub: “Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək, musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur.
İyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalına Azərbaycandan və xarici ölkələrdən görkəmli
musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılıblar. Builki festival Azərbaycan professional musiqisinin
banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə təsadüf
edir. Festivalın proqramında dahi
bəstəkarın əsərləri
də yer alıb.
* * *
Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim olunub. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, M.Maqomayevin, C.Rossininin, K.Sen-Sansın, J.Bizenin, P.Maskanyininin və digər tanınmış Avropa bəstəkarlarının əsərlərindən
parçalar səsləndirilib.
Qeyd edək ki, İtaliya
Simfonik Orkestri dünyanın ən məşhur kollektivlərindən
biridir və 30 ildən çoxdur fəaliyyət göstərir.
Azərbaycan Avropanın klassik
musiqi şəbəkəsinin
ayrılmaz hissəsinə
çevrilib
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ənənəvi
bir incəsənət
bayramına çevrilib. Festival günlərində Qəbələdə
böyük izdiham yaşanır. Buraya gələn xarici qonaqlar xalqımızın
mədəniyyəti, milli
musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış
olurlar. Qəbələdə bu gözəl
təbiət qoynunda istirahət edən yerli və xarici
turistlər hər axşam festivalın konsertlərində iştirak
edərək dünya
musiqi incilərini dinləyirlər.
Bu sözləri jurnalistlərə
müsahibəsində Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyib. Nazir diqqətə
çatdırıb ki,
Azərbaycan mədəniyyətinin
təbliğinə xidmət
edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada
tanıdılması üçün
bir vasitədir: “Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi
ilə Azərbaycanda çoxsaylı mədəniyyət
layihələri həyata
keçirilir. Bu mədəniyyət tədbirlərindən
biri olan Qəbələ Beynəlxalq
Musiqi Festivalı öz möhtəşəmliyi
ilə musiqisevərlərin
rəğbətini qazanıb”.
Qeyd edilib ki, Qəbələ Musiqi Festivalı neçə illərdir yay mövsümündə
regionda keçirilən
ən vacib mədəni tədbir hesab olunur. Avropa ölkələrində
yay mövsümündə
bu cür musiqi festivallarının keçirilməsi ənənəsi
illər öncədən
mövcuddur. Ölkəmizdə də bu ənənə
artıq formalaşdırılıb.
Azərbaycan dünyanın
tanınmış musiqiçilərinin
iştirakı ilə
bu tədbiri hər il
yüksək səviyyədə
keçirməklə Avropanın
klassik musiqi şəbəkəsinin ayrılmaz
bir hissəsinə çevrilib. Bu festival haqqında
hər il
Avropanın aparıcı
televiziya kanallarında,
mətbuat orqanlarında
geniş məlumatlar verilir. Ölkəmizdə
hələ birinci Avropa Oyunlarının xoş təəssüratlarının
yaşandığı, həmin
Oyunların hələ
də dünya mediasının diqqətində
olduğu bir vaxtda Azərbaycan yeni bir mötəbər
mədəni tədbirə,
musiqi festivalına ev sahibliyi
etməyə başlayıb.
Avropalılar ölkəmizin idman
və mədəniyyət
mərkəzinə çevrilməsinin
bir daha şahidi olurlar. Bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti, Heydər Əliyev Fondunun təşəbbüslərinin uğurla icra edilməsi, ölkəmizdə
olan sabitlik və cəmiyyətin inkişafı Azərbaycanda
bu cür mötəbər tədbirlərin
keçirilməsinə imkan
yaradır.
Nazir Azərbaycan musiqiçilərinin
təcrübə mübadiləsi
baxımından dünyada
məşhur musiqiçilərlə
birgə konsertlər verməsini festivalın önəmini daha da artırdığını
bildirib: “Belə möhtəşəm tədbirlərdə
bizim musiqiçilər
öz bacarıqlarını
nümayiş etdirməklə
Avropada keçirilən
festivallara dəvətlər
alırlar. Artıq Azərbaycanın klassik musiqi ifaçıları Avropada
tanınır, qəbul
olunur və böyük tədbirlərdə
iştirak edirlər”.
Mədəniyyət.-2015.- 29 iyul.- S. 3.