Mədəniyyət və İncəsənət Universitetinin təmsilçiləri dünya konfransında çıxış ediblər

 

İyulun 16-dan 22-dək Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü dünya konfransının keçirilməsi barədə məlumat vermişdik. Beynəlxalq tədbirdə Azərbaycan alimləri və musiqiçiləri də iştirak ediblər.

 

Astanadakı Qazaxıstan Milli İncəsənət Universitetində gerçəkləşən dünya konfransına 70 ölkədən 600-dən çox ekspert, alim, tədqiqatçı, musiqiçi qatılmışdı.

Gün ərzində paralel olaraq müxtəlif seksiyalarda 30-dan artıq sessiya keçirilib. Sessiyalarda tədqiqatçılar təqdimatla çıxış edib, filmlər göstərilib, seminarustad dərsləri təşkil olunub.

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralovanın “Azərbaycan və İran muğam dəstgahlarının müqayisəli təhlili” mövzusunda məruzəsi tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilib.

ADMİU-dan bildirilib ki, konfrans çərçivəsində keçirilən konsertlərdə universitetin magistr tələbələri - Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) və gənc xanəndə Aytən Məhərrəmovadan ibarət “Ayparaqrupunun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Musiqiçilərimiz iştirakçıların istəyi ilə konfransın qala-konsertində də çıxış ediblər. Onların ifasında səslənən muğam parçaları, təsniflər dinləyicilərə xoş anlar bəxş edib.

Konfransda uğurlu çıxışlarına görə musiqiçilərimizə diplomlar təqdim olunub.

Qeyd edək ki, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM ) UNESCO ilə rəsmi məşvərətçi əlaqəsi var. Şura müxtəlif mədəniyyətlərə malik xalqları birləşdirir, onlar arasında əlaqələr yaradır. Şuranın dünya konfransı 1948-ci ildən etibarən iki ildən bir keçirilir.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 5.