Teatra sevgi nağılı

 

“Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. Tənqidi də sevgi ruhunda etməlisən”

 

Onun həyatı, həqiqətən, bir nağıl qədər şirin, sənət kimi əbədi od-alovludur. Emosiyaları, yaradıcı düşüncələri, hər halında kreativliyi ilə ən ağır məsələlər ətrafındakı sərt fikirlərə də yumşaq, bəlağətli, zərif qadın yozumunu verə bilən nadir sənətşünaslardandır. Qəribə bir sadəlik, mehribanlıq, məhrəmlik də var onda. Tanıdığım illər ərzində böyüklə böyük, kiçiklə kiçik təşbehinə bir an belə xəyanət etməyən, sadəliyini, səmimiyyətini, təbiiliyini itirməyən və ildən-ilə təravətini qoruyan xanım-xatın Məryəm Əlizadə ilə ömrün 65-ci dayanacağında həmsöhbət oldum.

 

Həyatda zəhməti, əzmi, bilik və bacarığı ilə bir qadının yüksələ biləcəyi mərtəbədə qərarlaşıb. Sənətşünaslıq doktoru, professordur. ADMİU-nun elmi işlər üzrə prorektoru, ölkənin ən tanınmış teatrşünas xanımıdır.

Amma bütün bunların ötəsində o, əsl ziyalıdır. Düşünürəm ki, bir insan ömrü üçün yetərli olan maddi-mənəvi qazancların mayasında duran bu iki xüsusiyyətə sahib olduğu üçün o həm də xoşbəxtdir. Səmimiyyət dolu xanımla xatirələr yüklü ömrə səyahət maraqlı və bir az da nostalji oldu.

Xüsusən sənət və həyat müəllimləri, dünyasını dəyişmiş qardaşı, tanınmış alim Əbdül Əlizadə ilə bağlı məqamları xatırladıqda kövrələn, gözlərindəki kədəri qovmağa çalışan qadın həm də çox maraqlı müsahibdir:

 

- Doqquzuncu sinifdə oxuyurdum. Qəfildən televizorda bir söhbət diqqətimi cəlb elədi. Bir kişi özünün Vatikan səfərindən danışırdı. Elə heyranlıqla, elə aludəliklə danışırdı ki, mənə elə gəldi, o adam əlimdən tutub, məni danışdığı yerlərdə gəzdirdi. Sonra baxdım ki, titrlərdə yazıldı: Cəfər Cəfərov - teatrşünas. O vaxta qədər mən teatrı sevirdim. Həmin dövrdə ailəvi, uşaqlarla birlikdə tamaşalara getmək ziyalılığın göstəricisi idi. Hər şənbə-bazar insanlar teatra gedirdilər. Bu, mədəni həyatın bir tələbi idi. Bizim ailə də belə ailələrdən biri idi. Amma teatrı nə qədər sevsəm də, teatrşünaslığın nə olduğu barədə heç bir təsəvvürüm yox idi. Böyük qardaşım, həyat müəllimim, ömrümün böyük bir hissəsində mənim mayakım olan professor Əbdül Əlizadədən Cəfər Cəfərovun kim olduğunu soruşdum. Dedi ki, o, çox böyük şəxsiyyətdir. Maraqlandığımı görüb, mənə onun kitablarını, teatrşünaslıq barədə materiallar tapıb gətirdi. İndi də içimdə ona qarşı böyük bir minnətdarlıq hissi var ki, o məni bu dünya ilə tanış elədi. Doqquzuncu sinfi bitirəndə mən artıq bilirdim ki, teatrşünas olacağam. Amma atamla anam həkim olmağımı istəyirdi. Qardaşım mənə arxa oldu: dedi ki, onun həvəsi teatrşünaslığadı, qoyun, bu işin dalınca getsin. Orta məktəbi qızıl medalla bitirdim. İstədiyim universitetə imtahan vermədən gedib oxuya bilərdim. Əlimdə tibb, hüquq kimi fakültələrdə oxumaq imkanı vardı. Mənsə ancaq teatrşünas olmaq istəyirdim.

Beləliklə, 1968-ci ildə Teatr İnstitutuna qəbul olundum. Dördüncü kursda oxuyanda bizə Cəfər Cəfərov dərs deməyə başladı. Həmin vaxt başa düşdüm ki, mən hələ nə qədər ibtidai qatda imişəm. Onunla birsaatlıq söhbət bir kitabı oxumağa bərabər idi. O, bizə azad düşünməyi, sözünü azad deməyi, fikirlərini azad ifadə eləməyi öyrətdi. O, bizə öyrətdi ki, insan ilk növbədə subyektiv düşünməyi bacarmalıdır. Mühakimələrini ələməli, sonda obyektiv qərara gəlməlidir. Nəhayət, o, bizə sevməyi öyrətdi. Deyirdi ki, siz müəllifi, aktyorları sevmədən yaza bilməzsiniz. Onlara heyran olmaq lazımdı. Tənqid edəndə belə, bu tənqidin kökündə sevgi durursa, sizi anlayacaqlar. Cəfər müəllimin o vaxt içimə atdığı o sevgi toxumu bu gün də artmaqda davam eləyir. Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. Bu teatra, aktyora, dramaturqa, rejissora xidmət edən peşə sahəsidir.

 

- Teatrşünaslıq bu peşəyə sevgi və obyektivlik tələb edir. Bu günün prizmasından baxdıqda o dönəmdə də yanaşma təxminən eyni idimi?

- Həmin dövrdə sosialist realizmli sənət nəzəriyyəsi hökm sürürdü və tənqid rejimin əlində sənətkarları cilovlamaq, ipə-sapa yatmayanlar üçün cəza metodu idi. Ona görə mən bu tənqid sözünü heç sevmirəm və teatrşünas deyiminə üstünlük verirəm (gülür).

 

- Deməli, o zamanın tənqidi obyektivlik baxımından şübhə yaradırdı?

- Yox. Çünki o dövrdə bizim çox böyük, obyektiv tənqidçilərimiz var idi. Onu da deyim ki, o dövrdə təkcə teatrşünaslar yox, ümumən bu sahəyə sevgisi olan insanlar - böyük alimlər, şair və yazıçılar, ədəbiyyatşünaslar da teatrşünaslığın başqa-başqa istiqamətlərində dövri mətbuatda maraqlı məqalələrlə çıxış edərdilər.

 

- İndiki gənclərə, teatrdan yazanlara münasibətdə də daim obyektivsiniz...

- Bu normaldır. Həm o siz deyən gənclərin - istər teatrşünas, istərsə də jurnalistlərin - maraqlı fikirləri var. Onların mühakimələri, stereotipdən uzaq düşüncələri, fərqli rakurslardan yanaşmaları mənə maraqlı gəlir. Amma eyni zamanda elələri də var ki, onlar bu işi bilmədən yazırlar. Bu sahə özəl bir sahədir, mürəkkəb sənətdir. Bunu öyrənmədən və sevmədən yazmaq olmaz. Ona görə də tənqidi də sevgi ruhunda etməlisən.

 

- Yəqin bu mənada ilk tənqidinizi də yaxşı xatırlayarsınız...

- İkinci kursda oxuyurdum. Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrında Şekspirin «Maqbet» tamaşasını qoymuşdu. Baş rolları böyük sənətkarlarımız Hökumə Qurbanova ilə Məlik Dadaşov ifa edirdi. Mən həmişə Hökumə Qurbanovanın heyranı olmuşam. Amma tamaşaya baxanda hiss elədim ki, alınmayıb. Bunu da qeyd eləyim ki, Hökumə Qurbanovanın qızı Vəfa Fətullayeva ilə mən o vaxtdan rəfiqə idim, biz ailəvi dost idik. Bir sözlə, tamaşanı da, aktyorların oyununu da bəyənmədim. Gəldim, çox səmimi bir yazı yazdım. Bərk tənqid elədim. Yazı «Bakı» qəzetində çıxdı. Hökümə xanım tənqidi sakit qarşıladı. Bir kəlmə də olsun münasibət bildirmədi. Sonra eşitdim ki, Məlik Dadaşov gedib Mərkəzi Komitəyə məndən şikayət eləyib. Amma özü də bilməyib ki, bununla həm də məni tanıtmış olub. Ondan sonra teatrla bağlı nə tədbir olsa, obyektiv tənqid lazım olsa, mütləq məni çağırırdılar (gülür).

Məlik müəllim böyük sənətkar idi. Onunla söhbətlərdən böyük zövq alırdım. Amma xoşu gəlməmişdi, nə etmək olar? Sonra anladıq bir-birimizi.

 

- O dövrü təxmini bildik. Bəs indiki aktyorların peşəkar olaraq sizlərin tənqidinə münasibəti necədir?

- Zaman dəyişib və tənqidə münasibət də başqa bir formaya düşüb. Yəni tənqid sovet dönəmindəki sənətə və sənətkara qarşı “silah” rolundan çıxıb.

 

- Tənqid etdiyiniz, lakin çap etdirməkdən çəkindiyiniz məqaləniz olubmu?

- Yox, olmayıb. Mən bu gün də əminliklə deyə bilərəm ki, obyektivliyinə şübhə olunacaq bir məqaləm belə olmayıb.

 

- Azərbaycanın müasir teatrı hansı üslubdadır və o sizin teatrşünas üslubunuzdadırmı?

- Bunu hər hansı ad altında birləşdirə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan teatrı müasir dünya teatrının bir qoludur. Sadəcə o köhnə, kirəcləşmiş düşüncədən ayrılma prosesimiz çətin gedir. Məsələn, elə adamlar var ki, o düşüncəni yaşatmaq istəyir və buna görə də yeni, parlaq ideyanı qəbul edə bilmir. Yeni düşüncə tam oturuşmadığından onun üçün zaman və mühit formalaşdırılmalıdır. Xoşbəxtlikdən bizim bu sahəyə nəzarət edən qurum bu kimi ideyalara münasibətdə olduqca obyektivdir. Elə götürək teatrın inkişafı ilə bağlı məlum dövlət proqramını. Bu özlüyündə teatrın inkişafını, nəinki indiki, hətta illər sonrakı tərəqqisini şərtləndirən bir tarixi sənəddir. İnanıram ki, bunun tam icrası ilə nikbin və bizim arzu etdiyimiz nəticə hasil olunacaq.

 

- Teatrlar texniki baxımdan tam təmin olunub. Yaradıcı cəbhə barədə nə deyə bilərsiniz?

- Mənə elə gəlir ki, milli teatrımız özünün inkişafında doğru yoldadır, axtarışlar gedir. Görəcəksiniz ki, qəfil gənc nəsildən adlar çıxacaq. Sanki indi onlar bir ələkdən keçirlər. Heç şübhəm yoxdur ki, meydanda əsl istedadlılar qalacaq. Təbii ki, söhbət rejissor sənətindən gedir. Aktyorluq bizdə heç vaxt problem yaratmayıb, yəni teatrımızda istedadlı aktyorlar olub və bu heyətdən narazılıq eləməyə haqqımız yoxdur. Axsayan tərəf həmişə rejissor sənəti olub. 60-70-ci illərdə də, ondan sonra da bizim nəhəng rejissorlarımız olub və bu təbii ardıcıllıq heç zaman pozulmayıb. Amma say etibarilə az olub. Bizim teatrımızın yükünü, sənət yolunu müəyyənləşdirən rejissorlara ehtiyac var və inanıram ki, bu zaman zənciri heç vaxt qırılmayacaq.

 

- Sizin üçün teatrın əsas fiquru rejissordur? Təbii ki, dramaturq-rejissor-aktyor üçbucağını nəzərdə tuturam.

- Aktyor yoxdursa, teatr da yoxdur. Amma aktyoru da layiqli şəkildə tamaşaçı qarşısına çıxaran rejissordur. Bu, mürəkkəb prosesdir və bu yöndə maraqlı işlər gedir. Ayrı-ayrılıqda bütün teatrlarda maraqlı, fərqli, qığılcımlı sənət yenilikləri baş verir. Zamanla o proseslər özünün oturuşmuş formasını tapacaq. Əsas odur ki, yaradıcı proses üçün geniş meydan açılıb.

 

- Həmin yeni, ümidverici nəsil də əsas etibarilə sizin çalışdığınız ali təhsil ocağında yetişir. Bir pedaqoq kimi onlardan nə gözləyirsiniz? Və ya gənclərin sənət yolundakı məqsədlərini aydın sezirsinizmi?

- Mənim ümidim böyükdür, çünki onlar bu işlə elmi müstəvidə məşğul olurlar.

 

- Sizin üçün teatr hadisəsi olan tamaşalar varmı?

- Təbii ki, var, sadəcə adlarını qeyd etməklə kimlərisə ayırmaq istəmirəm.

 

- Son sual. Dövrün ziyalısı öz ziyalı ampluasındadırmı?

- Ziyalıya həmişə, hər dövrdə çətin olub. Amma o öz missiyasını bütün çətinliklərə rəğmən daşımalıdır.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət.-2015.- 29 iyul.- S. 7.