“Doğma Azərbaycanı
Avropada layiqincə təmsil etməyə
çalışıram”
İstedadlı Azərbaycan rəssamı Nigar Nərimanbəyovanın adı incəsənət aləminə yaxşı bəllidir. Tanınmış Nərimanbəyovlar nəslindən olan bu xanım Bakıda anadan olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub. Azərbaycanda, eləcə də Fransa, Almaniya, Avstriya və digər ölkələrdə sərgilərdə iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Assosiasiyasının üzvüdür, hazırda Parisdə və Bakıda yaşayır.
- Nigar xanım, yəqin ki, peşə seçiminizdə Vidadi və Toğrul Nərimanbəyovlar faktoru danılmazdır...
- Mən uşaq vaxtından rəsm çəkməyə başlamışam. Yadımdadır ki, kiçik mənzilimizə görkəmli rəssamlar, yazıçılar, bəstəkarlar toplaşardı. Onlar bizim italyan üslublu məhəlləmizdəki tut ağacının altında bütün gecəni çay içərdilər, incəsənət haqqında möhkəm mübahisə, müzakirə edərdilər. Sürrealistlərə, impressionistlərə tənqid və təriflər yağdırardılar. Toğrul əmi italyan serenadaları ifa edərdi, yazıçı Viktor Qolyavkin öz yeni hekayələrini oxuyardı. Məşhur rəssamlar olan Səttar Bəhlulzadə, Tələt Şıxəliyev, Müslüm Abbasov, Qorxmaz Əfəndiyev, Fərhad Xəlilov, Rauf Şaşikaşvili deyib-gülər, zarafatlaşardılar. Əlbəttə ki, bu könül oxşayan kampaniyada atam Vidadi Nərimanbəyov da var idi. O, inanılmaz erudisiyalı insan, filosof, mütəfəkkir idi. Ömər Xəyyamdan, Bella Axmadulinadan, Yevgeni Voznesenskidən əzbər şeirlər söyləyərdi. Mən isə, rəssamlığı son dərəcədə sevən qızcığaz, akvarellə çəkdiyim rəsmlərimi gətirib onlara göstərərdim. Yadımdadır ki, Səttar əmi məni tərifləyib, demişdi ki, "bu lap Sezanndan da əla çəkir". Mən də bundan çox qürurlanmışdım. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə başa vurandan sonra Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun multiplikasiya kinosu fakültəsinin quruluşçu rəssamlıq bölümündə məşhur multiplikasiya ustası Lev Milçinin sinfinə qəbul oldum. Əlbəttə, peşə seçimimdə böyüyüb, boya-başa çatdığım mühit böyük rol oynadı. Uşaqlıq hər bir rəssamın həyatında gözəl nağıl kimidir. Uşaqlıqda həmişə xəyalpərəst olmuşam. Həmin illərdə şeirlər də yazırdım. Anna Axmatovanın, Marina Svetayevanın vurğunu idim. Sonradan öz şeirlərimin əsasında rəsm çəkmək ideyası yarandı. Nə vaxtsa kitabımı nəşr etdirsəm, oraya fantasmaqorik sətirlərimi də əlavə edəcəyəm. Adətən, rəsmlərim uşaqlıq xatirələrimin simbiozundan yaranır. Bunlar kiçik qardaşım Əmirbəyə söylədiyim və uydurduğum nağıllardır. Yeri gəlmişkən, "Uşaqlıq yuxuları" seriyasından əsərlərim bu ilin yanvarında Parisdə Paulia Rosa qalereyasında, həmçinin ötən il Pyer Karden Mərkəzində - “Salon Biznes Art”da uğurla nümayiş olunub.
Digər tərəfdən mənim rəngkarlıq, rəsm və kompozisiya üzrə yaxşı pedaqoqlarım olub. Yaxşı klassik və akademik təhsil almışam. Diplom işim dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri olub. Bu vaxta kimi 25 əsər yaratmışam. Diplom işim böyük maraqla qarşılanıb və hətta Moskvada Manejdə kino və teatr rəssamlarının ümumittifaq sərgisində nümayiş olunub, "Dekorativ incəsənət" jurnalında dərc edilib.
- Rəsmləriniz arasında nar təsvirləri də var. Vaxtilə əminiz Toğrul Nərimanbəyovla müsahibəmizdə onun da xüsusi diqqət ayırdığı bu təsvir haqqında soruşmuşdum. Bildiyiniz kimi, Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının əsas atributlarından biri nar idi. Maraqlıdır, sizin aləminizdə nar elementi nəyi ehtiva edir?
- Mənim üçün
nar doğma Azərbaycanımızın
simvoludur. Bu, sevgi, qan kimi parlaq
və istidir. Bərəkət və nağıl simvoludur. Axı, onun dənələri
sehrli və müəmmalı aləmin
qiymətli daşı
hesab olunur. Özünüz təsəvvür edin, qalın və kobud qabığın
altında incə, kövrək, sehrli cisim, ruh gizlənib.
O qiymətli mücrü
kimidir, özündə
bizim xalqın qədim sirlərini və ənənələrini
qoruyur, insanlara al qırmızı qan kimi öz şirəsini
verir. Nar xalqımızın
sirli nağılıdır,
heç kim
heç zaman onun sirrini aça
bilməyəcək. Bu, böyük Azərbaycan xalqının gücü
və ruhu deməkdir. Əsərimdəki nar Bakı gecəsinin fonunda təsvir olunub, onun ətrafında nağıl və əfsanələrin qoruyucuları
olan pərilər uçurlar.
- Fransada keçirilən sərgiləriniz fransızlar
tərəfindən necə
qarşılanır və
bu tədbirlərlə
Azərbaycanı nə
dərəcədə təmsil
edə bilirsiniz?
- Artıq neçə illərdir ki, Parisdə yaşayıb yaradıram. Bu gözəl
şəhərin qədim
tarixindən, azad ruhundan, onun poeziya ilə dolu küçələrindən,
musiqisindən ilhamlanıram.
Mən Bulon meşəsindən bir qədər kənarda yaşayıram.
Səhər pəncərəni açanda otağa şam ağacının,
çəhrayı kolların,
təravətli otların
ətri dolur. Hər yerdən quşların cəh-cəh səsi gəlir. Ağ kətanı qoyuram,
rəsm özü-özünə
yaranır. Elə bil
ki, Tanrı özü fırçanı
kətanda idarə edir. Viktor Hüqo
və Volterin dəfn olunduğu qədim Sorbonn və Panteonun yanındakı Latın məhəlləsinin küçələrini
bloknotumda çəkməkdən
xoşum gəlir.
Pikassonun, Dalinin, Modilyaninin, Van Qoqun getdiyi kiçik rahat kafedə oturub, küçə musiqiçisinin akkordeonda
Edit Piafın repertuarından
səsləndirdiyi mahnıların
sədaları altında
bloknotuma eskizlər etməyi sevirəm. Luvra, xüsusən də fransız klassisizm zalına baş çəkməkdən böyük
zövq alıram.
Delakruanın, Davidin, Enqrin əsərlərindən
ilhamlanıram. Sonra italyan
renessans zalına gedirəm, Botiçellinin,
Rafaelin və sevimli Leonardonun əsərlərinə baxıb
onun sirlərini açmağa çalışıram.
Ernest Heminquey yazır ki, Paris səninlə həmişə
olan bir bayramdır. Paris və Bakı çox oxşardırlar.
Onlar mənə görə dünyada ən gözəl və doğmadı. Hər ikisi
də adamı maqnit kimi özünə
çəkir və həmişəlik sevdirir.
Dünyaya böyük mədəniyyət
nümunələri bəxş
etmiş iki şəhəri birləşdirən
bir sərgi açmaq fikrindəyəm.
Fransanın bir çox
yerlərində, o cümlədən
atamla və qardaşım Əmirbəylə
Fransanın cənubunda
yerləşən Bordo,
Po, Kulunye-Şamye, Biariss
və digər şəhərlərdə birgə
sərgilərimiz olub.
Bu sərgilər haqqında bir çox fransız qəzetləri və jurnalları yazıb.
"Adajio" əsərim uzun müddət parislilərin
və turistlərin sevimli gəzinti yeri olan Parisin
mərkəzindəki Marre
rəssamlar məhəlləsindəki
qalereyanın mərkəzi
vitrinini bəzəyib.
Mənə çox xoş
və qürurvericidir
ki, doğma Azərbaycanı Avropada böyük incəsənət
layihələrində təmsil
edirəm. Çox xoşdur
ki, fransız sənətsevərləri yaradıcılığımı
böyük maraqla qəbul edir. Beynəlxalq sərgilərdə iştirak
edirəm. "Teatrın bütün həyatı" silsiləsi
Kannda ustad Pablo Pikassonun nəvəsi olan Marina Pikassonun kuratoru olduğu "Dünya rəssamları"
beynəlxalq sərgisində
nümayiş olundu.
- Xaricdə yaşayan hər bir həmvətənimiz
həm də diasporumuzun nümayəndəsidir.
Siz özünüzü bu rolda necə görürsünüz?
- Bizim Parisdə
səfirliyimizlə sıx
bağlı olan çox mehriban diasporumuz var. Bu əməkdaşlıq
sayəsində Fransada
Azərbaycanın təbliğatı
istiqamətində çox
işlər görülür. Eyfel qülləsinin
yanında, gözəl
yerdə yerləşən
heyranedici Azərbaycan
Mədəniyyət Mərkəzi
var. Diaspor nümayəndələri
və parislilər bura gəlməyi sevirlər. Mərkəzdə tez-tez Azərbaycan
musiqisi konsertləri, bayramları, sərgiləri,
poeziya və Azərbaycan tarixi günləri keçirilir.
Mehparə
Mədəniyyət.-2015.- 29 iyul.-
S. 10.