Milli mətbuat tariximizdən
Mirzə Ələkbər Sabirin
ilk qonorarı və Məhəmməd Hadinin satdığı şeirlər
140 il əvvəl Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan milli mətbuatının zəngin tarixi var. Bu baxımdan XX əsrin əvvəllərində, 1905-1917-ci illərdə Bakıda dərc edilən qəzet və jurnalların siyahısına nəzər salanda rəngarəng mənzərənin şahidi oluruq. Bu mətbu nümunələrin bir qismi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında saxlanılır.
Sözügedən dövrdə mətbuat cəmiyyət həyatını imkanlar və siyasi şərtlər daxilində əks etdirməyə çalışırdı. Qəzet və jurnalların səhifələrində dövrün ziddiyyətləri ilə yanaşı, din, dil və mədəni sahədə gedən proseslər işıqlandırılırdı.
Dövri nəşrlərin çap-mətbəə işlərinin böyük hissəsinə Orucov qardaşları və Haşım bəy Vəzirov nəzarət edirdi. “Orucov qardaşları mətbəəsi” daha təchizatlı, imkanlı olduğundan Azərbaycan mətbuat tarixində ilk olaraq burada qonorar sistemi tətbiq edilmişdi. Görkəmli satira ustası Mirzə Ələkbər Sabir də ilk qonorarını bu mətbəədən almışdı. O, yazılarına görə ayda 10 manat qonorar alırdı ki, bu da dövrünə görə az məbləğ deyildi. Tanınmış yazıçı Qılman İlkin “Bakı mətbuatı 1917-ci ildə” adlı məqaləsində yazır: “1910-1911-ci illərdə Orucov qardaşları Sabiri öz qəzetlərinə cəlb etmək üçün ilk dəfə olaraq bir ona yazılarından ötrü “yüksək qonorar” təsis etdilər”.
Həmin dövrün mətbu mənzərəsinə diqqət yetirəndə aydın olur ki, qəzet və jurnallar sanki növbələşirmişlər. Yəni birinin fəaliyyəti dayandırılandan az müddət sonra yeni mətbu orqan onu əvəz edirmiş. Üzeyir Hacıbəylinin rəhbərliyi altında işıq üzü görən, bir ildən sonra fəaliyyəti dayandırılan “Həqiqət” (1909) qəzetinin naşiri Orucov qardaşları idi. Bir müddət sonra “Həqiqət”in əvəzinə “Günəş” qəzeti çıxmağa başladı. Bu qəzetin də ömrü cəmi bir il oldu. Həmin ildə nəşr edilən “Yeni həqiqət” qəzetini də Orucov qardaşları nəşr etdirirdi. Qəzetdə Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və dövrün tanınmış şəxsiyyətləri çıxış edirdi. 1911-ci ildə qəzet bağlanır və naşirlərdən Oruc Orucovla birlikdə bir neçə mühərrir də həbs edilərək sürgünə göndərilir.
Milli Kitabxananın mətbuat tarixinə dair arxiv materiallarında qeyd olunur ki, 1910-1915-ci illərdə əksər ədiblər qəzet və jurnallarda dərc edilən yazılara görə qonorar almaq hüququndan məhrum olmuşdular. Görkəmli romantik şair Məhəmməd Hadi ehtiyac içində yaşayırdı, şair şeirlərini vərəqələrdə çap edərək küçə və meydanlarda özü satırdı.
1910-1913-cü illər ərzində Bakıda “Məlumat”, “Yeni irşad”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Asari-həqiqət”, “Təzə xəbər”, “Haqq yolu” adlı qəzetlər nəşr olunurdu. Ancaq bu mətbu orqanların müstəqil fəaliyyəti üçün ciddi maneələr yaradılır, nəşrinə qadağalar qoyulurdu.
Tanınmış maarif xadimi, ədəbiyyatşünas F.Köçərli və M.Ə. Rəsulzadənin elmi məqalələrinin dərc olunduğu qəzetlərdən biri də 1911-ci ilin dekabrından nəşr olunan “Haqq yolu” idi. Qəzetdə siyasi, iqtisadi, ədəbi mövzular əhatə olunur, dil və yazı qaydaları ilə bağlı məqalələr yer alırdı.
Həmin dövrdə nəşr edilən jurnallar da qəzetlər kimi uzunömürlü olmurdu. Çar senzurasının yersiz müdaxilələri mətbu inkişafın qarşısında ciddi maneələr törədirdi. “Mirat” satirik jurnalı 1910-cu ildən nəşrə başlayır. Sonra yazıçı-publisist Seyid Hüseynin təsisçiliyi, Hacı İbrahim Qasımovun rəhbərliyi ilə “Kəlniyyət” jurnalı nəşr olunur. Jurnal yarım il fəaliyyət göstərə bilir.
1913-cü ildən nəşrə başlayan “Şəlalə” jurnalında ədəbi, ictimai və elmi mövzularda məqalələr dərc olunurdu. İsa bəy Aşurbəylinin müdirliyi ilə ayda iki dəfə işıq üzü görən jurnalın səhifələrində türk ədəbiyyatından nümunələr də yer alırdı. Jurnalda çap edilən məqalələrin əksəriyyəti Osmanlı türkcəsində olurdu.
Ötən əsrin əvvəllərində nəşr olunan jurnalların ən uzunömürlüsü isə “Məktəb” idi. Uşaq məcmuəsi olan dərgi 1911-1918-ci illər arasında fəaliyyət göstərmişdi. Jurnal Qafur Rəşad və Əbdürrəhman Əfəndizadənin mətbəəsində çap olunur, iki həftədə bir dəfə çıxırdı. Jurnalın ətrafına dövrün görkəmli qələm sahibləri toplanmışdı. Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi və başqaları uşaqların dünyagörüşünə, tərbiyəsinə təsir edəcək ideya-sənətkarlıq cəhətdən mükəmməl bədii nümunələrini jurnalda dərc etdirirdilər. Bu məcmuənin Azərbaycan pedaqoji elmində mühüm rolu olmuşdu.
O dövrdə “Molla Nəsrəddin” satirik dərgisinin təsiri ilə işıq üzü görən jurnallar da vardı ki, onlar da maarifçilik prosesinə mühüm töhfələr verirdilər. Bakıda dərc edilən “Leylək” və “Arı” jurnalları Azərbaycan satirik mətbuatının maraqlı səhifələrini təşkil edirdi.
Bir yazıya sığmayan mətbuat tariximizin şanlı səhifələrində biz bir neçə qəzet və jurnalın adını sadalaya bildik. Ancaq müxtəlif təzyiq və təhdidlərə rəğmən xalqın dünyagörüşünün, müasir təfəkkürünün formalaşması və inkişafında böyük işlər görən mətbu orqanlarımız daha çoxdur...
Lalə Azəri
Mədəniyyət.-2015.- 29 iyul.-
S. 13.