Didaktik əsərlər müəllifi
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı bir sıra meyarlarına görə diqqəti cəlb edir. Belə ki, bir tərəfdən anadilli poeziya geniş vüsət almağa başlayırdısa, digər tərəfdən Nizami Gəncəvi məktəbindən gələn didaktik poeziya ənənələri yeni-yeni keyfiyyətlər qazanırdı. Zəngin yaradıcılığında klassik Şərq ədəbiyyatının ənənələrinə söykənən görkəmli mütəfəkkir şairlərimizdən biri də Marağalı Əvhədi olub.
Rüknəddin Əvhədi 1274-cü ildə Marağa şəhərində dünyaya göz açıb. Gəncliyi Marağa rəsədxanasının fəaliyyət göstərdiyi dövrə təsadüf edib. Buna görə də dini elmlərlə yanaşı, dünyəvi elmləri də mənimsəyib, həm də şair kimi tanınıb. Bilik və səadət arzusu ilə Şərq ölkələrini səyahətə çıxan Əvhədi bir çox məmləkətləri, şəhərləri dolaşır. Nəhayət, İsfahan şəhərində qərar tutur, iyirmi ildən çox bu şəhərdə yaşayır. 59 yaşında Marağa şəhərinə qayıdır. 1333-cü ildə ensiklopedik səciyyə daşıyan “Cami-Cəm” poemasını yazır. Bu əsər gələcək nəsillər üçün dərin məzmunlu böyük bir irs hesab edilir. Onun lirik şeirlər divanı “Dəhnamə” və “Cami-Cəm” poeması intibah dövrü Azərbaycan ədəbiyyatının dəyərli nümunələri hesab edilir.
“Cami-Cəm” klassik Şərq didaktik poemaları silsiləsinə daxil edilir. Ancaq bir çox xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bu əsər Əvhədinin uzunillik həyat təcrübəsi və zəngin yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Bu əsəri yazana qədər çox əziyyətli, şərəfli bir həyat və yaradıcılıq yolu keçib. Müəllif sələflərindən öyrəndiklərini də burada etiraf edib:
Kuzəmdə bir damcı varsa da əgər,
Haman dənizlərdən bir paydır məgər.
Məni
özlərinə bilərək
məhrəm,
Məhrum etmədilər göstərib
kərəm.
Şair bu əsərdə həm də bir alim kimi
elmi məsələlərə
baş vurur. Canlıların yaradılmasından maraqla
söhbət açır.
Əsərin əvvəlindən
sonuna kimi elmi tərifləyir:
Bu uzaq göylərin sirlərini biz,
Dərk edə bilmərik yəqin elmsiz.
Yoxdur bilik kimi bir
abi-həyat,
Ancaq bilik verər insana nicat.
O, bununla gələcək nəsillərə oxumaq və elm öyrənməyi
tövsiyə edir. Elmsiz heç nə etməyin mümkün olmadığını diqqətə
çatdırır. “Cami-Cəm” əsərini başqa poemalardan fərqləndirən bir cəhət də həyat hadisələrinin
ayrı-ayrı başlıqlar
altında verilməsidir:
“Mey içməyin qaydaları”, “Ev tikməyin şərtləri”,
“Övlad tərbiyəsi”
və s.
Əvhədi qəsidə, rübai və tərcibəndlərdən
ibarət divan, “Məntiqül-üşşaq”
(“Aşiqlərin məntiqi”)
poemasını yazsa da, ədəbiyyat tariximizdə daha çox “Cami-Cəm” əsəri ilə yadda qalıb. Bu əsərində
sufi rəmzlərini
və ifadələrini
də məharətlə
işlədib. Müəllif bildirir ki, məhəbbətlə,
eşqlə Allahı
dərk etmək və ona qovuşmaq
mümkündür. Qəlbində
Allah sevgisi olmayan kamillik zirvəsinə yetişə bilməz:
Aşiq
olmayanlar kamil olmadı,
Kim eşqə düşdüsə,
o, çiy qalmadı.
Əsərin adının “Cami-Cəm” adlandırılması da təsadüfi deyil. Rəvayətə görə, İran şahı Cəmşidin
hər şeyi özündə əks etdirən camı olub. Şair əsərinə bu adı verməklə demək istəyir ki, Cəmşidin camında olduğu kimi bu məsnəvidə
də istənilən
məsələyə cavab
tapmaq olar:
Adını “Cəmşidin camı”
qoydum mən,
Varlığın əksini onda görərsən.
Əsər üç fəslə bölünür. Şair birinci fəsildə
yer üzündəki
bütün canlıların
və təbiətin yaradılmasından, ikinci
fəsildə cəmiyyətin
idarə olunmasından
və sufiliyin şərtlərindən, irfan
məktəbinin rəmzlərindən
bəhs edir. Üçüncü fəsildə isə
axirət və əbədi səfər hazırlığından söhbət
açılır.
Poema maraqlı
hekayələrlə başa
çatır. Bu baxımdan
“Kəsranın hekayəsi”
diqqət çəkir.
Günlərin bir günü Kəsra saraydan çıxır və əyalətlərin birinə
səfər edir. Yolda abad
və ətirli bir bağa rast
gəlir. Soruşur:
“Bu bağ haradan su içir ki, belə ətirli
və al-əlvandır”.
Bağban dərhal cavab verir:
Sənin
ədalətin su vermiş ona,
Onun üçün
görməyir heç
kəs viranə.
Burada Əvhədi demək istəyir ki, şahın ədaləti
abadlıq yaradırsa,
zülmü də xarabalığa səbəb
olur...
Marağalı Əvhədi irsi onun ölümündən
sonrakı dövrlərdə
Şərq ədəbi
aləmində daha böyük marağa səbəb olub. Farsdilli poeziyanın
görkəmli nümayəndəsi
Hafiz Şirazi Əvhədini
özünün təriqət
ustadı hesab edib. Mütəfəkkir şair İmadəddin
Nəsimi Əvhədini
sevə-sevə oxuyub.
Onun “Nədir” rədifli şeirinə cavab yazıb.
Şərqinin ensiklopedik biliyə malik şairlərindən
olan Əvhədi
1338-ci ildə, 64 yaşında
Marağada vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-2015.- 29 iyul.-
S. 13.