Milli mətbuatımız və
qadın azadlığı
XIX əsrin ikinci yarısında Azərbaycan ziyalılarının fəaliyyətində maarifçilik, ana dilində təhsil, qadınların təhsilə cəlb olunması və özünüdərk ideyaları əsas yer tutub. Bu ideyaların gerçəkləşməsi heç də asan deyildi.
Bu ideyanın o zamankı əsas ideoloqu Həsən bəy Zərdabi olub. Sonralar Əli bəy Hüseynzadə İstanbulda, Əhməd bəy Ağayev Parisdə, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqda ali təhsil alaraq Bakıya dönürlər. Onlar əl-ələ verərək azərbaycanlıları türkçülük və milli azadlıq ideyaları ətrafında birləşdirməyə çalışırlar...
H.Zərdabinin maarifçilik ideyasında ana dili və qadınların təhsil alması başlıca yer tutur. O zaman “Şərqi-rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnalların naşirləri və redaktorları böyük maarifçinin səsinə səs verirlər. Öz səhifələrində qadın mövzusuna geniş yer ayırırlar. Bu mövzuda H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Rəsulzadə, S.Hüseyn və başqaları daha fəallıq göstərir, problemlərin aradan qaldırılması üçün səylə çalışırdılar.
H.Zərdabi “Əkinçi” qəzetində adət-ənənələrimizdən bəhs edən bir yazısında azyaşlı qızların ərə verilməsinin yolverilməz olduğunu bildirir, qadınların təhsil almasının zəruriliyini diqqətə çatdırırdı.
Azərbaycan qadınının azadlığı məsələsi ciddi şəkildə ilk olaraq 30 mart 1903-cü ildə “Şərqi-rus” qəzetində qaldırılır. Qəzet öz səhifəsində qadın azadlığı məsələsindən bəhs edən məqalələr dərc edir. Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtlı bakılıları öz fikir və düşüncələrini “Şərqi-rus”a yazmağa çağırıb. Qadın azadlığı məsələsini müzakirəyə çıxarmağa və günün mövzusu etməyə çalışıb. Milli mətbuat tariximizdə “Gəncəli bir xanım”, “Bakılı bir xanım” ilk qadın imzaları da məhz “Şərqi-rus” qəzeti səhifələrində dərc olunub.
Məlum olduğu kimi, 1901-ci ilin payızında Bakıda Hacı Zeynalabdin Tağıyev tərəfindən Qızlar Məktəbi açılıb. Bu əlamətdar hadisə ilə bağlı Əhməd bəy Ağayev “Kaspi” qəzetində “Müsəlmanlar arasında qadın təhsili” mövzusunda çıxış edir. Məktəbin açılış günü - oktyabrın 7-də “Kaspi” qəzeti Cənubi Qafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını dərc edir. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadına vacibdir” sözlərini diqqətə çatdırır. İslamın tarixindən, həkim, alim kimi tanınan müsəlman qadınlarının həyatından misallar gətirir və deyir: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, islamda bu qədər şöhrətli müsəlman qadını olmazdı. Əgər bu vaxta qədər ölkəmizdə qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.
Müsəlman qadınının təhsilə cəlb edilməsi ilə bağlı görkəmli dramaturq, publisist Nəcəf bəy Vəzirov “Həyat” qəzetində “Balaca mütəfərriqələr” başlıqlı felyeton dərc etdirir, bu məsələdə xalqın üzərinə mühüm vəzifələrin düşdüyünü bildirir: “Bu iş camaat işidir, kömək camaatdan gərək...”
Əhməd bəy Ağayevin nəşr etdirdiyi “Tərəqqi” qəzeti də öz səhifəsində qadınların təhsil problemləri ilə bağlı xeyli məqalə dərc edir. Behbud ağa Şahtaxtinski dövri mətbuatda qadın azadlığından söz açır. “Kaspi” qəzetində mətbuatın qadın azadlığı uğrunda gördüyü işlərdən bəhs edən müəllif yazırdı: “Təkzibolunmaz faktlarla sübut edildi ki, müsəlman qadınının özünəməxsus şəkildə “mədəniyyəti” - ətraf aləmdən təcrid olunması şəriətin hökmü yox, uzaq keçmişdən bizə miras qalan biabırçı adətlərlə bağlıdır...”
İllər keçdikcə görkəmli azərbaycanlı ziyalıların zəhməti öz bəhrəsini verir. Azərbaycan qadınları ictimai-siyasi həyatda özünü göstərməyə başlayır. 1917-ci ildə Bakı Müsəlman İctimai Təşkilatlarının İcraiyyə Komitəsinə ərizə ilə müraciət ünvanlayan B.Şahtaxtinski rayon ərzaq komitələrinə seçkilərdə müsəlman qadınların iştirakı məsələsini təklif kimi irəli sürür. Seçki ərəfəsində Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti Şəfiqə Əfəndizadənin sədrliyi ilə yığıncaq təşkil edir. Toplantıda Pəri Topçubaşova qarşıdakı seçkilərdə qadınların iştirakı ilə bağlı çıxış edir. Seçki günü məscidlərə səsverməyə xeyli qadın gəlir. Cəmiyyətin təyin etdiyi ziyalı qadınlar onlara seçki qaydalarını başa salırlar.
Mənbələrdə göstərilir ki, həmin il səsvermədə 11 min qadın iştirak edir. Müsəlman Şərqində ilk dəfə olaraq azərbaycanlı qadınlar seçkilərdə iştirak etmək hüququ qazanır. Bu, azərbaycanlı qadınların siyasi həyatda atdığı ilk addımlar olur. Bütün bu nailiyyətlərin başında isə Azərbaycan mətbuatı dayanırdı...
Savalan Fərəcov
Mədəniyyət.-2015.- 22 iyul.-
S.12.