Türk Dünyası Elmlər
Akademiyaları İttifaqı yaradılıb
İyunun 29-da Beynəlxalq Türk Akademiyası Astanada Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasını keçirib. Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstan, Qırğızıstan və Türkiyə Milli Elmlər akademiyalarının prezidentləri Murat Jurinov, Abdıqanı Erkebayev, Acar Əhməd Cavad, Tatarıstan EA-nın rəhbəri Məkzüm Salahov iştirak ediblər.
Təsis toplantısında Türk Dünyası Elmlər Akademiyaları İttifaqının yaradılması haqqında sənəd, habelə onun fəaliyyətini müəyyənləşdirən Əsasnamə imzalanıb. Bundan başqa, türkdilli dövlətlərin vahid təhsil məkanının yaradılması, onların elmlər akademiyaları arasında sıx əlaqələrin qaydaya salınması məsələləri müzakirə edilib.
Yeni yaradılan bu qurum sayəsində üzv ölkələrin elmlər akademiyaları arasında işbirliyinin genişlənəcəyi, alimlər və elmi jurnallar arasında intensiv mübadilə olacağı vurğulanıb. Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov Türk Dünyası Elmlər Akademiyaları İttifaqının rəhbəri seçilib. Qurumun növbəti toplantısının gələn il Türkiyədə keçirilməsi qərara alınıb.
Mehparə
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 2.