Mirzə Fətəli Axundzadənin məzarı önündə xatirə mərasimi

 

İyunun 30-da Tbilisidə görkəmli ədib, mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin anım günü keçirilib. Bir qrup azərbaycanlı və gürcü ziyalı, yazıçı və şair Tbilisidəki Botanika bağına gələrək böyük ədibin məzarı önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Gürcüstan İctimai Televiziyasının əməkdaşı Mirzə Məmmədoğlu, yazıçı-jurnalist Nizami Məmmədzadə, tərcüməçi-şair Allahverdi Təkləli və başqaları çıxış edərək mütəfəkkir ədiblə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, yaradıcılığa şeirlə başlayan ədib 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan milli dramaturgiyasının təməlini qoyub. 1868-ci ildə Tbilisidə çap olunmuş ilk əlifba kitabının müəllifi də Mirzə Fətəli Axundzadə olub.

Mətbuata da geniş maraq göstərən M.F.Axundzadə “Əkinçi” qəzetində “Vəkili-milləti-naməlum” təxəllüsü ilə çıxış edibbir sıra maarifləndirici məqalələr yazıb.

Çıxışlarda M.F.Axundzadə mükafatının təsis olunması, bununla bağlı məqalə, araşdırma və tərcümə müsabiqələrinin keçirilməsi barədə təkliflər səslənib. Təkliflər müsbət qarşılanıb və mükafatın təsis olunması yekdilliklə dəstəklənib.

 

Mədəniyyət.-2015.- 1 iyul.- S. 2.