Avropa Oyunları Azərbaycanın gücünü nümayiş
etdirdi
“Biz
Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf
edən,
öz mədəniyyətinə, tarixinə bağlı olan
xalq kimi, dövlət kimi göstərmişik”
İyunun 29-da Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Əvvəlcə Oyunların möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
* * *
Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Bakıda birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətlə bütün iştirakçıları və Azərbaycan xalqını təbrik edib: “Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir. Bu Oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxtımız var idi. Təsəvvür etmək çətin deyil ki, biz nə qədər gərgin iş gördük. Avropa Oyunlarının standartları o vaxt mövcud deyildi. Əslində, Oyunların standartlarını biz birlikdə Azərbaycanda yaratdıq və bu, ən yüksək standartlardır”.
Dövlət başçısı Oyunların hazırlanmasında və keçirilməsində Beynəlxalq Əməliyyat Komitəsinin, bütün tərəfdaşların, könüllülərin rolunu yüksək qiymətləndirib: “Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitaldır. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli gənclərdir, - gecə-gündüz çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər”.
Prezident Oyunların Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyət göstərdiyini vurğulayıb: “Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər”.
İdmançıların uğurlarından fərəhlə söz açan Prezident qeyd edib ki, Oyunları yüksək səviyyədə keçirilməsi ölkəmizin potensialını, gücünü göstərdi: “Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik”.
Azərbaycanın müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli getdiyini vurğulayan Prezident qeyd edib ki, bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var: “Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq. Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram”.
* * *
Sonra mükafatlandırma mərasimi keçirilib. “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslərin, həmçinin Avropa Oyunlarında uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyaları sədrlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Şöhrət”, “Dostluq”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Tərəqqi” medalı ilə təltif edilmələri barədə dövlət başçısının 2015-ci il 29 iyun tarixli sərəncamları oxunub.
Azərbaycan Prezidenti mükafatları təqdim edib. “Dostluq” ordeni ilə təltif olunan Avropa Oyunları
Əməliyyat Komitəsinin
əməliyyatlar üzrə
baş direktoru Saymon Kleq, “Şöhrət”
ordeninə layiq görülən gənclər
və idman naziri Azad Rəhimov çıxış edərək
dövlətimizin başçısına
minnətdarlıqlarını bildiriblər.
* * *
Mərasimdə Azərbaycan Respublikasında
mədəniyyətin, təhsilin,
səhiyyənin və
idmanın inkişafında
səmərəli fəaliyyətinə,
Azərbaycan xalqının
mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə
və birinci Avropa Oyunlarının təşkilində böyük
xidmətlərinə görə
Mehriban Əliyevanın
“Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli
sərəncamı oxunub.
Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.
Əməyinə verilən yüksək
qiymətə görə
minnətdarlığını bildirən “Bakı-2015” Avropa
Oyunları Təşkilat
Komitəsinin sədri
Mehriban Əliyeva bu günlər Azərbaycanın öz qüdrətini, əzəmətini
və birliyini dünyaya bir daha nümayiş etdirdiyini vurğulayıb:
“Hörmətli cənab
Prezident! Müstəqil Azərbaycanın hər bir qələbəsinin
arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ
olun ki, Sizin və Azərbaycan
xalqının birliyi nəticəsində ölkəmiz
belə inanılmaz nailiyyətlərə imza
atıb. Mən idman leksikasından
istifadə etsəm deyə bilərəm ki, bu 17 gün
ərzində Azərbaycan
xalqı bir komanda idi və
Siz bu komandanın
şərəfli kapitanı
idiniz. Belə olan halda qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza
xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini
görüb yaşamaq
ən böyük xoşbəxtlikdir”.
* * *
Sonda Avropa Oyunlarının həyəcan
və sevinc dolu anlarını əks etdirən videoçarx nümayiş
olunub.
Mədəniyyət.-2015.- 1 iyul.- S. 3.