Ənənəvi irland rəqsləri ecaz yaratdı

 

Böyük idman bayramının daha bir konsert proqramı

 

I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyi və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə tərtib olunan mədəniyyət proqramı çərçivəsində tamaşaçılara millidünya musiqisinin, rəqs ənənələrinin ən yaddaqalan nümunələrini izləmək imkanı yaradıldı. Belə konsertlərdən biri iyunun 26-da Heydər Əliyev Sarayında gerçəkləşdi.

 

Tamaşaçılar sarayın səhnəsində İrlandiyanın dünyaca məşhur "Rhythm of the Dance" rəqs qrupunun "Back to our İrish Roots" (“İrland köklərimizə qayıdış”) adlı konsert proqramını izlədilər. Əsrarəngiz ritmdinamik rəqs elementləri, gözoxşayan xoreoqrafiya sənətsevərləri qədim irland mədəniyyətinin cazibəsinə sala bildi.

"Rhythm of the Dance" dünyanın ən məşhur ənənəvi rəqs kollektivlərindən biridir. Möhtəşəm şou İrlandiya keltlərinin tarixi inkişafını canlandırır və orijinallığına görə sənət tənqidçilərinin rəğbətini qazanıb. Kollektiv irland rəqslərinin ənənələrini yaşadır və onları müasir formada təqdim edir.

İndiyədək müxtəlif ölkələrdə milyonlarla tamaşaçının izlədiyi ikisaatlıq proqram ənənəvi və müasir rəqslərlə musiqini koloritli tərtibata malik bir şouda birləşdirir. Konsertdə orkestrin canlı müşayiəti ilə iki tenor və 20-dən çox rəqqas çıxış edirdi. Onlar dünyayerli irland bəstəkarlarının məşhur mahnı və romanslarını da maraqlı üslubda təqdim edir, əbədi eşq, gözəllik, füsunkar qadın haqqında şərqlilərini emosionallıqla tamaşaçılara çatdırırdılar. İfaları rəqslər və zərb alətlərinin müşayiətində ritm şousu əvəzləyirdi. Skripkada solo ifalar və tamaşa-rəqslər proqrama xüsusi bir özəllik qatırdı. Səhnə kostyumları və solistlərin, xüsusən də solo alətlərdə ifaçıların artistizmi və tamaşaçı ilə birbaşa dialoqu dinamik və baxımlı idi.

Beləcə tamaşaçılara musiqinin, rəqsin, teatrın, xüsusi işıq effektlərinin və improvizasiyaların yer aldığı bənzərsiz şou təqdim olunaraq hər kəsə unudulmaz anlar yaşadıldı. Konsert izləyicilərin sürəkli alqışları ilə başa çatdı.

 

Həmidə

Mədəniyyət.-2015.- 1 iyul.- S. 5.