Heydər Əliyev Mərkəzinin maketi Ermitaj muzeyində

 

İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb. Müəllifin layihəsi əsasında Bakıda inşa olunmuş Heydər Əliyev Mərkəzinin maketiekspozisiyada nümayiş etdirilir.

Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur. Ekspozisiyada memarın 1980-ci illərə aid eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir. Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunmuş Çinin Quançjou operası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun su idman növləri mərkəzi və digər tikililərin maketləri yer alıb. Sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, böyük britaniyalı Zaha Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, arxitektura sahəsində ən yüksək təltif sayılan Pritzker mükafatını almış ilk qadın-memardır. Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb.

 

Mədəniyyət.-2015.- 1 iyul.- S. 5.