Orta əsrlərin musiqi səsləri

 

Qədim Musiqi Alətləri Dövlət Ansamblının idman bayramına həsr olunmuş konserti

 

Bakıda keçirilən I Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli sakinlər və xarici qonaqlar üçün maraqlı mədəni proqramlar təqdim olundu. Bu sıradan daha bir yaddaqalan musiqi axşamı iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşdi.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti tamaşaçılara xoş anlar bəxş etdi.

Kollektivin ifasında Azərbaycan xalq mahnıları, təsniflər, rənglər və Şərq musiqiləri səsləndirildi. Solistləri əməkdar artistlər Nuriyyə HüseynovaTeyyub Aslanov olan ansamblın bədii rəhbəri Əməkdar artist Munis Şərifovdur. Proqramda bəstəkar mahnıları ifa olundu. Böyük səylə bərpa edilmiş qədim musiqi alətlərimizin ecazkar müşayiəti ilə təqdim olunan bir-birindən gözəl musiqi nömrələri tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətə başlayan ansamblın yaranmasında mərhum Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərimovun böyük əməyi olub. Orta əsrlərdə Azərbaycanda mövcud olmuş, lakin sonralar tədricən unudulmuş çəng, bərbət, rud, çəqanə, səntur, setar, tənbur kimi musiqi alətləri sənətkar tərəfindən bərpa edilibbu kollektiv yaradılıb. Qədim Musiqi Alətləri Dövlət Ansamblının üzvləri əsrlər öncə yaranmış musiqilərin, Azərbaycan xalq mahnılarının mahir ifaçılarıdır. Musiqiçilərin geyimləri də orta əsr miniatürlərində təsvir olunmuş libaslara uyğun olaraq hazırlanıb.

 

F.Hüseynov

Mədəniyyət.-2015.- 1 iyul.- S. 6.