Bakıda Meksika musiqisi axşamı
İyunun 29-da "ADA" Universitetində Meksikanın Azərbaycandakı səfirliyinin fəaliyyətə başlaması münasibətilə bu ölkənin "Mariaçi" qrupunun ifasında Latın Amerikası musiqisi axşamı keçirildi.
Qeyd edək ki, Meksikanın Xalisko ştatında yaranan mariaçi musiqisi dünyada bu ölkəni təmsil edən bir musiqi janrıdır. Meksika və digər Latın Amerika ölkələrində şənliklərdə, bayramlarda geniş ifa olunan bu musiqi növü 2011-ci ildə UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib.
Meksika səfirliyi və "ADA" Universitetinin birgə təşkilatçılığı ilə reallaşan konsertdə bir sıra ölkələrin Bakıdakı diplomatik korpuslarının nümayəndələri də iştirak edirdilər.
Universitetin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq konsert proqramının əhəmiyyətini vurğuladı. Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores təşkilati dəstəyə görə "ADA" Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. Meksika ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələrə toxunan səfir vurğuladı ki, bu mərasim həm də Azərbaycanda Meksika günlərinin başlanğıcıdır. Diplomat Azərbaycanda uğurla başa çatan birinci Avropa Oyunlarına görə xalqımızı təbrik etdi.
Sonra müxtəlif klassik musiqi nömrələri ilə çıxış edən "Mariaçi" qrupunun ifası böyük maraqla qarşılandı.
Mehparə
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 6.