“Cənub şəhər və insanlar”

 

Avropa Oyunları paytaxtının rəngləri

 

İyunun 26-da Bakıdakı “Art Villa” qalereyasında Əməkdar rəssam, UNESCO Rəssamlar Federasiyasının üzvü, beynəlxalq "Sülh səfiri" mükafatı laureatı Əşrəf Heybətovun "Cənub şəhər və insanlar" adlı sərgisinin açılış mərasimi keçirildi.

 

Arts Council Azerbaijan”ın təşkilatçılığı və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə təşkil edilən sərgi paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına həsr olunmuşdu.

Mərasimdə çıxış edən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov bildirdi ki, bugünlərdə Azərbaycan böyük bir bayram əhvalı yaşayır: “İlk Avropa Oyunları bizim ölkədə keçirilir və belə bir idman hadisəsi eyni zamanda mədəni tədbirlərin aktivliyinə də təsirsiz ötüşmür. Bakıdan uzaqda yaşayan, ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşımız əlamətdar günlərdə şəhərimizdə olmaq, öz töhfəsini vermək barədə düşünür. Belə insanlardan biri də rəssam Əşrəf Heybətovdur. O, bütün dünyada Azərbaycanı təbliğ edir”.

Rəssam Əşrəf Heybətov bildirdi ki, “Cənub şəhər və insanlar” sərgisində Bakının koloriti, ab-havası əksini tapıb. Vurğuladı ki, uzun illər xaricdə yaşamasına baxmayaraq, hər zaman Azərbaycanı, ölkəmizin pozitiv imicini təbliğ edir. Bu, xaricdə yaşayan hər bir azərbaycanlının borcudur.

Sərgidə Bakı və onun insanlarından bəhs edən 30-a yaxın əsər nümayiş olunurdu. 2013-cü ildə rəssamın Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada keçirilən “Bakı və bakılılar” adlı sərgisində yer almış rəsmlər tamaşaçılarda maraq doğururdu. Rəngarəng rəsmlər əsl bayram əhvalı yaratmışdı. İstedadlı bəstəkar Sevinc Tofiqqızının I Avropa Oyunlarına həsr etdiyi mahnının klipinin təqdimatı tədbirə toplaşanların ovqatına daha bir rəng qatdı.

 

L.Azəri

Mədəniyyət.-2015.- 1 iyul.- S. 10.