Bu bayram şirin bir xatirəyə
çevriləcək
İlk Avropa Oyunlarından bir
günün təəssüratı
Ölkəmizin
uğurla ev sahibliyi etdiyi, Azərbaycanın və “köhnə
qitə”nin tarixinə yazılan “Bakı-2015” I Avropa
Oyunlarının keçirildiyi arenalar 17 gün ərzində
idmançıların hünər meydanına çevrildi.
Müxtəlif ölkələri təmsil edən atletlər
medallar uğrunda yarışarkən bu mənzərəni izləyənlər
də mənəvi zövq aldılar...
49
ölkədən gələn nümayəndələr,
turistlər vətənimizin gözəllikləri, özəllikləri
ilə tanış olmaq imkanı əldə etdilər. Beləliklə,
müxtəlif dilləri, dinləri, mədəniyyətləri
birləşdirən Avropa Oyunları əsl zəfər
bayramı, dostluq, qardaşlıq və sülhə
çağırış rəmzinə çevrildi...
Könül xoşluğu yaradan
könüllülər
İyunun
25-də, Oyunların 14-cü günündə boks
yarışlarını izləmək üçün
“Kristal Hall”a getmək qərarına gəldim. Məkana gedən
avtobusun dayanacağını dəqiq bilmirəm. “Sahil” metro
stansiyasında Oyunların könüllülərindən
birinə yaxınlaşıram. Gülərüz və
mehriban gənc “28 May” metrosu yaxınlığında “Ekspress”
avtobusa minməyi məsləhət görür.
Artıq “Kistal Hall”dayam. Burada könüllülər
çoxdur. Xidməti
işlər üzrə,
yolları işarə
edənlər, tərcüməçilər
və s. İlk qarşılaşdığım könüllü Könül
Əliyevadır. Söhbətimiz zamanı bildirir ki, fevralın 1-dən hazırlıq prosesində
iştirak edir. Tədbir xidmətləri üzrə
çalışır və
bu işi çox sevib.
Boks yarışlarını
izləyirik. Arabir tamaşaçı zalını da gözdən keçirirəm.
İdman
azarkeşlərinin təmsilçilərimizi
can-dildən dəstəklənməsini
seyr etmək də xüsusi bir hisdir. Bu ara yaxınlıqdakı
daha bir könüllü Ağasəf
Kazımla həmsöhbət
oluram. Deyir ki, Avropa Oyunlarına
qoşulmaqda məqsədi
təcrübə qazanmaqdır:
“Azərbaycana gələn
qonaqlar ölkəmiz haqqında ətraflı məlumat ala bilirlər. Ən çox xoşuma gələn də elə budur. Xaricdən gələn idmançılar
bizimlə ünsiyyət
zamanı müəyyən
məlumat əldə
edir, tarixi yerlərimiz haqqında suallar verirlər. Hətta elə olur ki,
biz xaricdən gələn
könüllülərlə birlikdə şəhərin
tarixi məkanlarını
gəzir, onları memarlıq abidələrimizlə
tanış edirik”.
Yarışların keçirildiyi məkanda tamaşaçılara lazımi
məlumatları çatdıran
könüllülərdən biri də Sevinc
İbrahimovadır. Bu günlər əsl bayram əhvalı yaşadığını bildirir.
Gün ərzində yorğunluq keçirsə də, digər könüllülər
kimi ölkəmiz üçün əlamətdar
olan bir hadisədə iştirakından
məmnundur. İnsanlarla
ünsiyyət onun üçün bu iki həftədə çox asanlaşıb: “Hər zaman xarici dövlətlərdə
könüllülərin olduğunu
müxtəlif tədbirlərdə
onların fəaliyyəti
barədə məlumatlar
əldə edirdik. Bu dəfə isə
biz özümüz belə
bir prosesin iştirakçısı olduq.
Bundan böyük xoş hislər ola bilməz.
“Bakı-2015” bizə təşkilatçılıq bacarığını öyrətdi”.
Bəli, könüllülərimiz paytaxtımıza
gələn qonaqlara sübut etdilər ki, Azərbaycan gəncliyi sülhsevər
və qonaqpərvər
olmaqla yanaşı, həm də geniş intellektual səviyyəyə malikdir.
“Əsrarəngiz
Azərbaycan koloriti yaddaşımdan silinməyəcək”
Boks yarışlarında
finalçılar müəyyənləşəcək.
Rinqdə Fransa və
Böyük Britaniya təmsilçiləridir. Media
nümayəndələri üçün
nəzərdə tutulan
bölmədə əyləşən
əcnəbi həmkarlarıma
yaxınlaşıram. Burada yenə ingilis dilinə tərcümədə
köməyimə könüllülər
çatır.
Aleks
Steven Böyük Britaniyadandır.
Bildirir ki, hər şey gözlədiklərindən də
yaxşıdır: “Xüsusilə
şəhəriniz və
insanlar, həm də əla təşkilatçılıq. Burada olduğum ilk gündən
insanların həssaslığı
diqqətimi çəkib.
Nəqliyyatda, yaxud küçədə
bir nəfərin çətinlik çəkdiyini
görəndə o dəqiqə
yaxınlaşıb kömək
edirlər”.
Daha bir həmsöhbətim irlandiyalı
Stiv Rosedir. O, azarkeşlik
edir, hərdən də yanındakı azərbaycanlı gənclərlə
fikirlərini bölüşür.
Qonaq bildirir ki, artıq
neçə gündür
yarışları izləyir.
Eyni zamanda şəhərimizi
gəzib. Azərbaycanın mətbəxi və musiqisi onu heyran
edib. Düşünür
ki, atletlərimiz ev sahibliyi
məsuliyyətini hiss edib
daha yaxşı hazırlaşıblar: “Əgər
belə olmasaydı, komanda hesabında ikinci yerdə olmazdılar. Azərbaycan idmançılarına daha böyük uğurlar arzulayıram”.
Vill Doving İsveçdən gəlib. Bir çox
dünya çempionatları
və Olimpiya Oyunlarının açılışında
iştirak edib. Oyunlardan, təşkilatçılıqdan və Bakıya səfərindən böyük
zövq alır.
Mariya Lebedeva paytaxtımıza Rusiyadan gəlib. Bakıdan xoş təəssüratlarla
ayrılacaq. Deyir
ki, əsrarəngiz Azərbaycan zəngin koloriti ilə yaddaşından silinməyəcək:
“Rəqslərinizi, musiqinizi
çox bəyəndim.
İçərişəhər isə lap çox
xoşuma gəldi.
Oyunların açılış mərasimini televiziya vasitəsilə izlədikdən
sonra Bakıya səfər etməyə qərar verdim. Oyunları və bağlanış mərasimini canlı izləmək istəyirəm”.
Özümüzünkülər...
“Kristal Hall”ın həyətində
yerli azarkeşlərə
yaxınlaşıram. Onlar axşamkı
final görüşünü səbirsizliklə gözləyirlər.
Çünki boksçumuz Teymur
Məmmədov rinqə
çıxacaq. Böyük bir
coşqu hissi var.
Gənclərdən Fərid Hüseynov öz təəssüratlarını bizimlə bölüşür:
“Bütün xalqımızı
təbrik edirəm. Avropa Oyunları ölkəmiz üçün böyük
nailiyyətdir. Zalda bizimlə
birlikdə Oyunları
izləyən əcnəbilər
də şahid oldular ki, xalqımız
necə sülhsevər,
tolerant və xeyirxahdır.
Ölkəmizin nələrə qadir olduğunu sübut edirik”.
Onun dostu
Elman isə bildirir ki, Azərbaycan üçün çox önəm daşıyan bir tədbirə şahidlik etmək bir gənc kimi
onun üçün qürurvericidir. Bildirir ki, çalışdığı
təşkilatda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin
iştirakçısı olub.
* * *
Tamaşaçılar arasında azyaşlıları
da görürük. İlk Avropa
Oyunları uşaqlara
da sevinc bəxş edib. Yəqin ki, bu möhtəşəm idman bayramı onların yaddaşından
heç zaman silinməyəcək, şirin
bir xatirəyə çevriləcək...
Lalə
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 10.