İllərə qalib
qadın
Azərbaycan teatr və kino sənətinin gözəl qadın simalarından biri də, şəksiz ki, odur. Özünəməxsus oyun manerası, qadın cazibəsi, səhnə texnikası və heç zaman onu tərk etməyən məlahətli səsi ilə illərdir tamaşaçıların yaddaşında iz salıb. Bilmirəm niyə, amma adama elə gəlir ki, bu qadın səhnənin işıq və cazibəsində özündən nə isə fəda edib sənətin şöhrətini şəxsi keyfiyyətlərində müəyyənləşdirən və bütün detalları ilə sənətində səadətinə qovuşan az sayda xoşbəxt sənətkarlardandır.
Gözəlliyini sənət, səhnə əzəməti ilə tamamlayıb illərə meydan oxuyan bu qadın artıq 70 yaşındadır. Səhnə və sənətkarlıq anlamında bütün fəxri adlara, bir çox orden və medallara layiq görülən Xalq artisti Amaliya Pənahova bu gün ömür nərdivanının bu pilləsində yenə də xoşbəxt və sevimlidir...
Gəncəli
qız
Onun ömür yolu zəngin və maraqlı, əsasən də sənət sevgilidir. Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncədə ziyalı ailəsində anadan olub. Teatra, sənətə uşaqlıqdan meyl göstərib. Orta məktəbi bitirdikdən sonra aktrisa olmaq istəyini ailəsinə açıqlayır. Atası sənətin çətinliklərinə bələd olduğundan qızının bu yoldan çəkindirmək istəyir. Lakin arzusunu gerçəkləşdirməkdə israrlı olan gənc qız 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Kurs rəhbəri, görkəmli rejissor, aktyor, pedaqoq Adil İsgəndərovdan sənətin sirlərini öyrənir, tez bir zamanda müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanır. İkinci kursdan Akademik Dram Teatrının səhnəsində çıxış edən aktrisanın güclü intuisiyası, qüsursuz xarici görünüşü, şaqraq səsi səhnə tələblərinə cavab verir, yaratdığı rollara uğur gətirir.
Amma bir neçə cümləyə sığdırılan bu yol elə də asan keçilmir. Sonralar sənətə gəlişini xatırlayaraq deyir: “Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur. Gəncədə, bizim qonşuluğumuzda bir bina vardı. Orada Gəncə Teatrının işçiləri, onların ailələri yaşayardılar. Səhər açılandan axşam düşənə qədər bizim həyətdən uşaqların səs-küyü əskik olmazdı. Mənim doğma, şirin uşaqlıq xatirələrim bu səsli-küylü mühitlə bağlıdır. Bəlkə sənət seçimim də elə o mühitdən gəlirdi”.
Sənət arzusu
1956-cı ildə atasının işi ilə əlaqədar onlar Gəncədən Bakıya köçürlər. Bu zaman orta məktəbin dördüncü sinfində oxuyan gələcəyin aktrisası təhsilini Bakıdakı 4 saylı məktəbin rus sektorunda davam etdirməyə başlayır. Onuncu sinfi bitirəndə Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna gedəcəyini qətiləşdirsə də, amma bu arzusu ürəyində qalır. Atasının qəti etirazı ilə razılaşsa da, aktrisa olmaq niyyətindən əl çəkmir.
Teatra yol
Sənət yolu keşməkeşli olan aktrisa böyük amalları uğrunda çəkinmədən irəliləməkdə davam edir. Onuncu sinifdə oxuyarkən indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq kursunda bir il dinləyici olur. Aktrisa həmin dövrü belə xatırlayır: “Mənim üçün böyük xoşbəxtlik üz vermişdi. Adil İsgəndərov kimi nəhəng sənətkarın rəhbərlik etdiyi kursun dərslərində otururdum. Hətta tələbələrlə hazırlanan tamaşalarda da iştirak edirdim. Bununla əlaqədar bir səhnə ömürlük yaddaşıma həkk olunub və bunu heç vaxt unutmayacağam. May ayının axırları idi. Adil müəllim sonuncu dərsi deyib otaqdan çıxanda qapının ağzında ayaq saxladı. Geri çevrilmədən dedi:
- Mən sizinlə vidalaşıram. Bu bir ildə mən sizin kursu bəyənmədim. Gələn ildən özümə yeni kurs götürəcəyəm.
Elə addımını atıb qapıdan çıxmaq istəyirdi ki, yenə dayandı, azca geri çevrilib mənə dedi:
- Emilya, bu sənə
aid deyil. İstəyirsən, səni ikinci
kursa keçirim?
O, məni «Emilya» çağırırdı. Onun təklifi
mənim üçün
gözlənilməz oldu.
Özümü itirmədən
mən də ona sual verdim:
- Adil Rzayeviç, siz ikinci kursa
dərs deyəcəksiniz?
- Yox, mən birincilərdən
başlayacağam.
- Onda mən də elə qaydası üzrə imtahan verib birinci
kursa daxil olacağam”.
Beləcə, məktəbi qurtaran kimi sənədlərini həmin təhsil ocağına verən A.Pənahova Adil müəllimin kursunda oxumağa başlayır.
İkinci kursda oxuyanda dördüncü kursun rejissorlarının hazırladığı
«Romeo və Cülyetta»
tamaşasında Cülyetta
rolunda oynayır. Kursa Azərbaycan
Akademik Dövlət
Dram Teatrına (indiki Milli Dram Teatrı) baş rejissor təyin olunan Tofiq Kazımov rəhbərlik edirdi.
Elə həmin vaxt teatr İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən»
pyesini qəbul edib tamaşaya hazırlayır. Tofiq müəllim
pyesi ona verib oxumağı və öz qeydlərini etməyi tapşırır. Gənc aktrisa
sənət yolunda ilk
uğuruna da beləcə imza atmış olur. “Əgər mən teatra «Sən həmişə mənimləsən»
tamaşasındakı Nargilə
ilə gəlməsəydim,
bəlkə də mənim tamam başqa taleyim olardı”, - deyən aktrisa beləliklə əfsanəvi obrazlar qalereyasını yaratmış
oldu.
Ümumiyyətlə, A.Pənahovanın səhnə
fəaliyyəti görkəmli
dramaturq, Xalq yazıçısı İlyas
Əfəndiyevin yaradıcılığı
ilə sıx bağlıdır. Ədibin əsərlərinin qəhrəmanlarına uğurlu
səhnə həyatı
bəxş edən aktrisa ilk gündən orijinal ifası ilə diqqət çəkir. Nərmin (“Unuda
bilmirəm”), Nargilə
(“Sən həmişə
mənimləsən”), Şahnaz
(“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”) və başqa personajlar aktrisanın səmimi duyğularını,
həyat mövqeyini bizə tanıtdığı
obrazlardır. 300-dən
artıq rola səhnə həyatı verən aktrisa bir sənətkar kimi xoşbəxt sayılmalıdır.
Kinoda bənzərsiz rollar
İstedadlı aktrisa 30-dan artıq filmdə bənzərsiz rollar oynayıb. Kinoda azərbaycanlı
aktyor nəslinin daha çox rol almasına şərait yaradan Adil İsgəndərov kurs tələbələrini
1963-cü ildə ekranlaşdırdığı
“Əhməd haradadır?”
filminə çəkir.
Amaliya xanıma da epizodik rol verir.
Bu filmdən sonra
görkəmli rejissor,
yazıçı və
kinodramaturq Həsən
Seyidbəyli “Cazibə
qüvvəsi” filmində
aktrisaya idmançı
obrazını tapşırır.
Əlbəttə ki, tələbə
aktrisa üçün
kinoda çəkilmək
böyük uğur idi. Lakin Amaliya xanım
bacarığını kinoda
daha geniş planlı rollarla təsdiqləmək istəyirdi.
Azərbaycan qadınının həyat mövqeyini əsərlərində və
filmlərində geniş
şərh edən H.Seyidbəyli aktrisaya “Sən niyə susursan?” (1966) filmində uşaqlı ana rolunu həvalə
edir. Onun “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər,
“Xatirələr sahili”ndə
Xalidə, “Səmt küləyi”ndə Xədicə,
“Mezozoy əhvalatı”nda
Nərminə və başqa lirik-psixoloji ekran personajları realist təqdimatına görə
seçilir, tamaşaçını
obrazın daxili dünyasına varmağa sövq edir.
Aktrisanın kinoda ilk böyük rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə
çəkdiyi “Qərib
cinlər diyarında”
film-nağılındakı Zərri obrazıdır. Şux qamətinə,
rəqs bacarığına,
mülayim çöhrəsinə
görə əcinnədən
çox gözəl məxluq təsiri bağışlayan aktrisanın
maraqlı ifası, jestləri kiçik tamaşaçılarda bu
obraza nifrətdən çox məhəbbət
yaradır.
“Arxadan vurulan zərbə” filmindəki Ziba obrazı da geniş tamaşaçı auditoriyasının diqqətini çəkir. Ziba hay-küylü, əslində isə halal zəhməti ilə yaşayan bir xanımdır.
A.Pənahovanın “Babək” filmindəki Zərnisə obrazı xüsusilə yaddaqalandır. Aktrisa o məğrur və gözəl qadını orijinal çalarlarla yarada bilib.
Televiziyamızdakı
səs
Ədəbi materialın, rejissor yozumunun spesifik tələblərini yaxşı bilən, obrazların psixologiyasını tam açan aktrisa səhnədə bitkin fikir yaradır, tamaşaçını hadisələrin reallığına inandırır. Məhz bu məqamı üstün tutan mütəxəssislər onun səs texnikasından da istifadə edirlər. Beləliklə, aktrisa 1973-cü ildə Azərbaycan Televiziyasının rəngli yayıma keçməsi münasibətilə efirdə 55 dəqiqəlik canlı monotamaşa oynayır. İlk sınağın uğuru ona sonrakı “Qapalı orbit”, “Ömrün yolları” kimi teletamaşalarda iştirak imkanı yaradır. Bununla yanaşı, 10-dan artıq televiziya tamaşasına (“Sənsiz”, “Mənim günahım” və s.) quruluş verərək rejissor potensialını da ortaya qoyur.
Amaliya xanım yüksək danışıq mədəniyyəti və diksiyası sayəsində bir neçə filmdə səsi ilə də yadda qala bilib. 20-dək filmdə qəhrəmanlar onun səsi ilə danışır. Bir çox xarici filmlərin dublyajında onun gözəl diksiyalı məlahətli səsini eşidirik.
Yeddinci onilliyin
arzuları
1992-ci ildən Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru kimi səhnə arzularını daha azad şəkildə reallaşdıran aktrisa sənətə xidmətini ən böyük mükafatı sayır. Bütün böyük arzularını da sənətlə, teatrla bağlayan aktrisa daim tamaşaçılara sənətin əzəmətində nümunələr təqdim etmək amalı ilə yaşayır.
Sənətə sonsuz sevgisi sayəsində ən yüksək titulları qazanan aktrisaya görə ən böyük mükafatı xalqın sevgisidir.
Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1972-ci ildə Azərbaycan Dövlət mükafatına, 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 1995-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Bu yaxınlarda mədəniyyətimizin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə də təltif edilən aktrisa tamaşaçılarını 70 yaşının təntənəsini birgə qeyd etmək üçün iyulun 3-də Heydər Əliyev Sarayında gözləyir. Həyatını səhnəyə, sənətə həsr edən gözəl qadın, bacarıqlı aktrisa, əvəzsiz sənətkar kimi onu təbrikə tələsək...
Həmidə
Nizamiqızı
Mədəniyyət.-2015.- 1 iyul.-
S. 11.