Anımnamə...

 

Başdan-başa lirik şair, etik-estetik xanım Nigar Rəfibəyliyə

 

Şairlərin özləri də şeirlər kimidir; biri elə, o biri belə, biri başqa, o biri bambaşqa...

Xaraktercə, hal-xasiyyətcə də poetiklərin poeziyası ədəbiyyatdan əlavə, mənəviyyat da dadır.

Bu xanımın məlum “Neyləyim”ini istər kitabından oxu, istər efirdən eşit, ya bu gün mütaliə elə, ya min ildən sonra, - fərqi yoxdur, gözlərin qarşısında, xəyalın arşınında birvaxtların tərtəmiz bir nişanlısı, gəlini, ev qadını, el anası, can nənəsi canlanacaq!..

 

Bağçamızda qızılgüllər hər səhər,

Tezdən açır, vaxtsız solur, neyləyim?..

 

...Belə bir gülzari giley-güzarnamə müəllifinə anımnamə yazmaq asanmı? Hələ ardınca gələn bu zərif dramatizm: “Qərənfillər saçın yolur, neyləyim?”!..

Şeirlərinin heç birindən öz surəti də əskik olmur bu xanımın; hər misrada sözü ilə yanaşı, özügörünür. O sözlər ki, oxunanda - gəlinqədəmi “Vağzalı” tək səslənir, o özü ki, kəlmə-kəlmə süslənir...

İşə bax (baxaq!) ki, onun haqqındakı ən rəsmi sənəddə də dil-üslub zərifliyi sarıdan bir “qaçılmazlıq” olub. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 4 mart tarixli sərəncamından gedir: “Nigar Rəfibəyli milli ədəbiyyatımızı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır”.

 

Hər cəhətdən xanımanə...

 

...Bəli, xanımlar var ki, istedadından əvvəl “adı” çıxır, özündən-sözündən çoxsözü” yayılır. Xanımlar da var ki, elələrilə daban-dabana, həya-həyaya, ismət-ismətə zidd. Qızlıqları ən yüksək əyarlı qızıl, ağır-batman xatunluqları altun dəyərində. Belələri ancaq yaxşı işlər, gözəl əməllər peşində. Tərəzigöz xalqın “alnı açıq, üzü ”, “aydan arı, sudan duru” qiymətində. Əzəl gündən sevib-seçdikləri sənət-peşə, ər kişi sərkeşində. Necə ki, bu əfsanəvi sevgi və sənət cütlüyünün dünyadəyişimində (bir-birindən xəbərsiz və təxminən eyni gün, eyni saatda!) həmkarlarından biri bu folkloranə qoşalığa belə bir qoşma qoşmuşdu:

 

Zalım dünya öz işində,

Gəlişində, gedişində,

Gəl ağlayaq yetmişində

Sevgilitək ölənlərə...

 

...Həmin oNigar və Rəsul” qoşalığı - hər gün anıla-anıla, barələrində deyilə-deyilə, yazıla-yazıla, Fəxri xiyabanda cismən uyuya-uyuya bu günyaşamaqda...

Yüz üç yaşına keçən bu xanımın tərcümeyi-halından və məhkum edildiyi siyasi qeylü-qalından -

 

Bir neçə “xal”...

 

Çox əzab-əziyyətlərdən, psixo-sovetoloji “ölüm”lərdən sonra sağ qalan, bəylik-bəyzadəlik namını saxlaya-saxlaya yazıb-yaradan bu xanımın tərcümeyi-halında elə məqamlar da var ki, onlar kiçik yazılıq yox, bəlkə də bütöv bir dastanlıqdır.

1913-cü il iyulun 23-də Gəncədə doğulub. Bəyzadəlik, qənirsiz gözəllik-özəllik qismətləri “azmış” kimi, Tanrı ona özünəməxsus poetik istedad, çox az xanıma xas olan milli-mental kod da bəxş etmişdi. Hələ paytaxta gəlib, dövrün canlı “seçilmiş əsərləri” içərisində ən seçilmişi ilə - Rəsul Rza ilə rastlaşacağı, onunla Kür-Araz kimi birləşib, ən nümunəvi gender bərabərliyilə axıb sənət Xəzərimizə incilər bəxş edəcəyi bir yana qalsın. Amma bu mənzilə çatmaq üçün o, qısaca coğrafi cığırlar, uzunca tarixi-repressiv yollar keçməli imiş...

On yeddi yaşında Bakı Pedaqoji Texnikumunu bitirir, 1932-1936-cı illərdə Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirir. Bakı kinostudiyasının ssenari şöbəsində, habelə fəhlə-kəndli məktəbində çalışır. İstedadını, işgüzarlığını sezənlər, geniş dünyagörüşünü duyanlar onu daha üstün məqam-mərtəbələrə dəvət edirlər. “Azərnəşr”də mükəmməl tərcüməçi adıyla tanınır, “sözü anında, üslubu banında” tutan redaktor fəaliyyətində olur. Daha sonra “Uşaqgəncnəşr”də məsul vəzifələr. Dövrün xüsusi diqqət, maraq və məhəbbətilə qarşılanan şeirləri, kitabları ilə bərabər, ədəbi tənqid və ictimaiyyətin yüksək qiymətləndirdiyi, yenicə savadlanmaqda olan fəhlə-kəndli oxucuların “su kimi içdiyi” tərcümələrilə də məşhurlaşır. “Məkr və məhəbbət” (F.Şiller), “Vanya dayı” (A.P.Çexov), “Ovod” (E.L.Voyniç) kimi əbədiyyət-ədəbiyyat nümunələrini dilimizə çevirir. Puşkin, Lermontov, Şevçenko, Mitskeviç, Sereteli, Petöfi kimi ölməz klassikləri Azərbaycan dilinin bütün gözəllik və incəliklərilə oxucularımıza çatdırır.

Poeziya aləminə 16 yaşında ikən “Dan ulduzu” jurnalında çap etdirdiyiÇadra” adlı ilk şeirilə düşən Nigar xanımın ilk kitabı ömrünün iyirmi birinci baharında (1934) işıq üzü görür.

O, qırmızı sovetlərin “ictimai mənşəyi” adlı paraqrafına rəğmən müxtəlif baryerlərlə üzləşib. Çox məşəqqətlər çəkib. Ancaq yaradıcılıq yarına olan sonsuz sevgisi onu daim sənətə - əbədi sabaha səsləyib. Həmin o sonsuz sənət sevgisi ömrün gənclik düşərgəsində elə bir insan-məhəbbətlə də birləşdirib ki, daha ona heç bir qurama qüvvə mane ola bilməyib. Bu məhəbbətin Məcnun tayı “Gözlərinə denən ki, yuxuma girməsinlər!” kimi əfsanəvi poetik namələr nidalayır, Leyli tayı isə “Ala gözlüm, səndən ayrı gecələr - Bir il kimi uzun olur, neyləyim?” suallayırdı. Belə məsələlərdə - poetik qəlb aləmində hər biri tam azad olan bu cütlük böyük milli amal platformasında çəkici eyni zindana vururdu: “Mübarizə bu günvar, yarın da, Mən də onun ən ön sıralarında!”

Ömrünün sonunadək “Anaların səsi”, “Günəşin cavabı”, “İşıqlı dünyam”, “Bizə bahar yaraşır”, “Həzin bir axşamda düşsən yadıma” və başqa kitablar üzərinə sevimli imzası düşür, hər bəndi bir ürək havası, hər misrası bir qəlb ritmitək səslənirdi Nigar xanımın.

O ürək havaları ki, hələ də çalınmada, o qəlb ritmləri ki, bu gün də döyünmədə...

bu astagəl, xana-xana xəyallardan -

 

İlmə-ilmə bəyanlara...

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır, neyləyim?

 

* * *

 

Mən ki doymamışdım heç vüsalından,

Mənə zülm elədi yaman, ayrılıq.

olardı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq...

 

* * *

Mən ki çox sevərdim dağ havasını,

Sevən ürəklərin xoş sevdasını,

Bir qərib gəlinin tutub yasını,

Dost üçün doyunca ağlayın, dağlar.

 

* * *

Qadın olmasaydım əgər,

Bu qazanlar, bu qablar,

çömçə-nimçələr

aləmindən qaçardım...

...Bəzən ürəyim

bu mətbəx aləmində

yamanca darıxır...

Mən bir azca da

şairəm axı...

 

* * *

Əlvida, otağım, mavi dənizim,

Əlvida, qumlarda görünən izim.

Yollara tökülən xəzəl, əlvida,

Soyuq təbiətli gözəl, əlvida.

Görüşə gələndə hər yay, hər payız

Sizi yenə belə xoşhal görəydim.

Dünya sevinc ilə dolaydı yalnız -

Hicran görməyəydim, vüsal görəydim...

 

Bu poetik arzu-diləkdən sonra yenə bu şairin məşhurNeyləyimşeirindəki poetik “dilemma”. Hansı ki, bu an bəndəniz həmin çabada. Yəni, daha yazım?..

Necə ki, söz sözü çəkər, eləcə sual sualı. Yəni, nümunə gətirdiyim şeirlərdən sonuncusunda onun arzuladığı vəsl-vüsal məsələsi. Ötəri-keçəri vüsallara meyllilər hərdən bu kimi klassikləri mütaliəyə bir-iki kupletlik vaxt ayırsalar, cəmiyyətimizin ərlik-xanımlıq etiketləri daha yüksəkliklərə ucalarmı, ucalmazmı?..

 

Tahir Abbaslı

Mədəniyyət.-2015.- 1 iyul.- S. 13.