Amaliya Pənahovanın sevgi etirafı”

 

Görkəmli aktrisanın yubiley gecəsi

 

İyulun 3-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli teatrkino xadimi Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçiriləcək.

Amaliya Pənahovanın sevgi etirafı” adlı yubiley gecəsində videoçarxların müşayiəti ilə aktrisanın yaradıcılığından söhbət açılacaq, sənət dostlarının, vaxtilə səhnədə tərəf-müqabil olduğu insanların ürək sözləri, təbrikləri dinləniləcək. Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar, eləcə də bir sıra səhnə əsərlərində ifa etdiyi mahnılardan ibarət mini konsertin təqdimatı olacaq.

Amaliya Pənahova 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili obraz yaradıb, 10-dan çox teatrteleviziya tamaşasına quruluş verib. 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrına orta və yaşlı nəsillə yanaşı, gənc aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib.

Teatrkino sənətinin inkişafında böyük xidmətlərinə görə 1974-cü ildə respublikanın Əməkdar artisti, 1985-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Sənətşünaslıq elmləri doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 2.