Əməkdar artist Rahib Əliyev 70 illiyi münasibətilə mükafatlandırılıb

 

Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Rahib Seyidağa oğlu Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunubbu günədək fasiləsiz olaraq həmin teatrda çalışır. Teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb. Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Aşıq ("Yolda", Hüseyn Arif), Mirzə Salman ("Mahmud və Məryəm", Elçin), Hərbi geyimli ("Mənim göyərçinim", Tamara Vəliyeva), Molla Xudaverdi, Kərəmli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Fərəcov ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Ancelo ("Səhvlər komediyası", Uilyam Şekspir) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Rahib Əliyev qırx ildən artıq dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla təltif olunub. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə respublikanın Əməkdar artisti fəxri adına, 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 3.