“Musiqi ürəyimin bir parçasıdır”
Əməkdar artist Mircavad Cəfərov:
“50 ilin necə keçdiyini
hiss etmədim”
Musiqi bir naxışdır. Rəngarəng, coşqulu, kədərli, əlvan, bəzən də solğun rəngli naxış. Yeddi notun rənglərindən, sintezindən toxunan naxış. Bu naxışı toxuyanlar, ona min bir ilmə vuranlar isə musiqiçilər, ömürlərini bu sehrli aləmə həsr edən ifaçılar, bəstəkarlardır.
Yaşının 50-ci baharını qarşılayan Əməkdar artist, tarzən, ud ifaçısı və "Cəngi" etno-caz qrupunun yaradıcısı Mircavad Cəfərov da musiqini ürəyinin bir parçası hesab edir. Azərbaycan musiqisini, sənətimizi təbliğ edib tanıtmaq onun ən ali məqsədlərindən biridir.
Yubilyarla Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görüşdük. Həmsöhbətimiz bildirir ki, həm ruhən, həm də fiziki baxımdan 50 yaşı sağlam qarşılayır və buna görə Tanrıya minnətdardır. Ad gününün ölkəmizin tarixinə yazılan ilk Avropa Oyunlarına təsadüf etməsi və rəhbərlik etdiyi kollektivin idman bayramı münasibətilə konsert proqramının uğurla keçməsi ikiqat sevincinə səbəb olub.
Salyandan başlanan yol
Mircavad müəllim arxada qalan ömrün anlarını belə nəql edir:
- 1965-ci ildə Salyan torpağında dünyaya gəldim. Xatırladığım odur ki, hələ kiçik yaşlarımdan taxta parçasına kapron tellər bağlayıb çalıb-oxuyardım. Musiqiyə marağımda atamın rolu böyük olub. Onun özünün musiqiyə olan hədsiz həvəsi məndə də tar alətinə vurğunluq yaratdı. 9 yaşımdan musiqi məktəbinə yazıldım. Birinci sinfin sonunda artıq “Bayatı-Şiraz” muğamını, “Qarabağ” şikəstəsini tam ifa edirdim. Musiqi məktəbini əla qiymətlərlə bitirdim. Müxtəlif müsabiqə və festivallarda laureat oldum. Orta məktəbi bitirib sənədlərimi indiki Mədəniyyət və İncəsənət Universitetinə verdim. 1982-ci ildə özfəaliyyət teatrının rəhbəri fakültəsinə qəbul olundum. Burada ikinci bir sənəti, aktyorluğu və rejissorluğu öyrənirdim. Təhsil aldığım müddətdə bir sıra rollarda çıxış etdim. Üçüncü kursda hərbi xidmətə getdim. Hərbi xidmət zamanı vokal-instrumental ansambl yaratdım. Rusiyanın Arxangelsk vilayətinin qəsəbələrində konsertlər verirdik. Ən yaddaqalan isə odur ki, qəsəbələrdən biri bu konsertə görə hərbi hissəmizə 3 ton kartof, 3 ton kələm və 3 min rubl pul mükafatı göndərmişdi.
Hərbi xidməti başa vurduqdan sonra təhsilimi davam etdirdim. İnstitutda Vaqif Gərayzadə ilə tanış oldum. O vaxt udda ifa edirdim. Vaqif müəllim məni rəhbərlik etdiyi “Aypara” ansamblına dəvət etdi. Orada çalışdığım zaman xanəndə Alim Qasımovla tanış oldum. 1986-cı ildə ilk dəfə Alim Qasımov “Bayatılar” adlı mahnının klip çəkilişində mənimlə çıxış etmək istədiyini bildirdi. Mən razılaşdım və onun konsertində ifa edəcəyi muğamları tarda iki aya hazırlayacağıma söz verdim. 1986-cı ilin sonuna yaxın Alim Qasımovla konsert proqramında çıxış etdim. Bu da mənim ilk uğurlarımdan biri idi. Bundan sonra həm “Aypara”da, həm də Alim müəllimlə paralel çalışmağa başladım. Uzun müddət musiqidə müxtəlif sənətkarla işlədim.
Həmsöhbətim 90-cı illərdə bir müddət Salyan Rayon İcra Hakimiyyətində çalışsa da, məmur işi onu özünə cəlb etmir və yenidən musiqiyə qayıdır.
- 2000-ci ildə UNESCO-da “Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə musiqiçi kimi iştirak etdim. Həmin tədbirdə musiqimizin müxtəlif janrları təqdim edilirdi. Bu böyük hadisə idi. İndiyədək dünyanın bir çox yerlərində musiqimizi təbliğ etmişəm. 2002-ci ildən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində “Cəngi” estrada folklor ansamblına direktor təyin edildim.
“Cəngi”də həyat
həmişə qaynayır
- Həmin dövrdən bu günə kimi ansamblda daim yeniliklər baş verir. Kollektivin 35 üzvü var. Rəqs və estrada bölümü, inzibati işçilər. Kostyumların yenilənməsindən repertuaradək hər bir sahədə daim axtarışdayıq. Bütün repertuarın fonoqramlarını tam yenilədik, lakin həmin musiqilərin milli ruhuna toxunmadıq. Ansamblın adı Xalq artisti, bəstəkar Rafiq Babayevlə bağlıdır və ənənəni davam etdirmək arzusunda idim. Axtarışlardan sonra Tural Qasımov və Vasif Hüseynzadəni tapdım. Hazırda bu solistlər ansamblda işlərini davam etdirirlər. Hər ikisi çox istedadlı pianoçudur. Bir də hamının gözəl tanıdığı, Azərbaycanda zərb aləti üzrə ustadlardan biri olan İsgəndər Ələsgərov.
2013-cü ildə “Cəngi” etno-caz ansamblını yaratdıq. Hər kəs tərəddüdlə yanaşırdı. Düşünürdülər ki, milli musiqi ilə məşğul olan insan nə demək istəyir. Amma şükürlər olsun ki, ilk dəfə biz elə həmin il caz festivalında uğurla çıxış etdik. Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab, Elçin Şirinovla birgə çalışmışdıq. Ötən iki il ərzində çoxlu nailiyyətlərimiz olub. Fransada caz festivalında iştirak etmişik, solo konsertlərimiz keçirilib. Müxtəlif ölkələrdə təqdim etdiyimiz konsert proqramları maraqla qarşılanıb. Repertuarda tar, ud, piano üçün əsərlər yer alır. Solistimiz Arzu Həsənli də hərtərəfli ifaçıdır.
Son nailiyyətlərimizdən biri isə Avropa Oyunları çərçivəsində təşkil etdiyimiz konsert oldu. Mən yeniliklər tətbiq edərək musiqimizi təbliğ edirəm. Bütün uğurlarımızda kollektivin üzvlərinin rolu var. Konsertimizi Rusiya kanalı da filmə daxil etmək üçün lentə aldı. Şadam ki, 50 yaşımda bu işləri görə bildim...
“Dövlətimizin
verdiyi qiymət yaradıcı insan üçün stimuldur”
- 50 yaşımı mərhələlərə
bölsəm, görərəm ki,
ildırım sürəti ilə keçib.
2007-ci ildə Əməkdar artist adına
layiq görüldüm.
Dövlətimiz fəaliyyətimi qiymətləndirir. Bütün bunlar mənə sevinc gətirir, stimul verir. Millətimiz, musiqimiz var olsun.
Fəxr edirəm ki, ölkəmin Əməkdar
artistiyəm. Çünki mən bu yolda
əziyyətlər çəkmişəm.
90-cı ildən bu günə kimi bütün tədbirlərdə ölkəmizin
musiqisini təbliğ
etmişəm. Bu gün gənc istedadlara kömək etmək ən başlıca prinsipimdir.
İstedadlı gəncləri hər
zaman dəstəkləyirəm.
Biz Azərbaycan dəyərlərini dünyaya
göstərə bilirik.
Biz bunu Avropa
Oyunları zamanı da nümayiş etdirdik. Qarşıda yeni layihələrimiz
var. Düşünürəm ki, payız aylarında Heydər Əliyev Sarayında bir tamaşa-konsert hazırlayım. Rəqs, caz
və muğamın
non-stop təqdimatı olacaq.
İnanıram ki, ideyamız
müvəffəqiyyətlə reallaşacaq. Nə qədər
ki, sağam, incəsənətimizə, musiqimizə,
mədəniyyətimizə xidmət edəcəyəm.
Müsahibim sonda musiqidə rəngarəngliyin tərəfdarı
olduğunu, musiqiçinin
fərqliliyi duymağının
vacibliyini qeyd edir. İfası zamanı
qırmızı, qara,
hətta ağ
xətləri duyduğunu
bildirir. Tarixi filmlərə, ədəbiyyata
da maraq göstərən musiqiçi
“Həyat mütaliəsi
ilə məşğulam,
realistəm, bu gün ətrafımda baş verənlərə
dərhal reaksiya verirəm. Buna görə də 50 ilin necə keçdiyini hiss etmədim”,
- deyir.
İstedadlı musiqiçiyə cansağlığı
və yeni-yeni uğurlar arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 6.