Əbədi zirvə əzəməti
Adil İsgəndərov - 105
Adil İsgəndərov Azərbaycan teatrı və kinosunun tarixində əbədi zirvə timsalında yaşayır. Zaman bizi bu zirvədən uzaqlaşdırdıqca onun ucalığı daha aydın görünür. 105 yaşına çatan bu zirvə yenə də hamını əzəməti ilə heyrətləndirir...
O, Azərbaycan Dövlət Dram Teatrına rəhbərlik etdiyi illərdə yeni teatr yaranır. Bu teatr səhnə estetikası, orijinallığı, realizmi, bədii pafosu, monumentallığı ilə fərqlənir. Rejissor teatrı kimi şöhrət tapır. Moskvada keçirilən incəsənət dekadalarında Adil İsgəndərov teatrı dəfələrlə alqışlarla qarşılanır. Quruluş verdiyi "Vaqif", "Otello" tamaşaları Moskva teatr dünyasının böyük marağına səbəb olur. Mərkəzi mətbuat səhifələrində Azərbaycan teatrının səhnə nailiyyətləri yüksək dəyərini alır. Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Rza Təhmasib, Fatma Qədri, Sidqi Ruhulla, Rza Əfqanlı, Sona Hacıyeva, Kazım Ziya, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Əli Qurbanov, Möhsün Sənaninin sənət həyatında Adil İsgəndərov teatrı müstəsna rol oynayır.
Adil İsgəndərov 1910-cu il mayın 5-də qədim Gəncədə dünyaya gəlib. Orta təhsil illərində məktəb səhnəsindəki çıxışları ilə gözəl bədii qiraətçi, rejissor-təşkilatçı kimi tanınır. Teatr sənətinə böyük sevgisilə Bakıda Teatr Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda oxuyur. Moskva Bədaye Teatrında, Y.Vaxtanqov adına Akademik Teatrda sənət təcrübəsi keçir.
1936-cı ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində "Polad qartal" (A.Korneyçuk) tamaşası ilə debüt edir və ilk sənət uğurunu qazanır. M.İbrahimovun "Həyat" pyesilə teatrın səhnəsinə yeni həyat gətirir. Tamaşada yaratdığı maraqlı aktyor ansamblı, peşəkar rejissor yozumu, ifadəli simvollar fərqli səhnə ənənələrinin əsasını qoyur. Müxtəlif illərdə səhnə tariximizin parlaq səhifələri olan "Aydın", "Fərhad və Şirin", "Xanlar", "Otello", "Dumanlı Təbriz" tamaşalarını hazırlayır.
1938-ci ildə səhnəyə qoyduğu "Vaqif" zamanın ən böyük sənət hadisələrindən biri olur. Tamaşanın şöhrət qazanmasının ilkin səbəblərindən biri Adil İsgəndərovun rejissor sənətkarlığından qaynaqlanır. Vətən sevgisi, torpağa bağlılıq, qəhrəmanlıq, xalqımızın milli-mənəvi xüsusiyyətləri pyesin səhnə təcəssümündə ön plana keçir. Qüvvətli realizm, üslub və forma gözəlliyi qazanılan uğurda təsirsiz ötüşmür.
Adil İsgəndərov Vaqif rolunu özünü səhnədə və ekranda təsdiqləyən Ələsgər Ələkbərova həvalə edir. Düzgün rejissor şərhindən irəli gələrək Ələsgər Ələkbərov Vaqifi təkcə şair yox, görkəmli dövlət xadimi, bacarıqlı siyasətçi, Vətənin qəhrəman oğlu, gözəl ailə başçısı, mətin, yenilməz insan kimi canlandırır. Uzun illər səhnədən düşməyən "Vaqif"in 31 may 1977-ci ildə mininci tamaşası oynanılır.
Tamaşalarında özünəməxsus üslubu, güclü müasirlik ruhu, fərqli dəst-xət həmişə aydın görünür. 1949-cu ildə hazırladığı "Otello" tamaşasında üslubuna sadiq qalan rejissor pyesin çoxsaylı səhnə quruluşlarından heç birini təqlid etmir. Moskva dekadasında pyesin orijinal səhnə yozumu Adil İsgəndərova yeni şöhrət gətirir.
Mirzə İbrahimovun, Sabit Rəhmanın, Mehdi Hüseynin, İlyas Əfəndiyevin dramaturgiyaya gəlişində Adil İsgəndərovun sənətkar əməyi var. “Xoşbəxtlər”, “Nişanlı qız”, “Nizami”, “Cavanşir” kimi əsərlər onun quruluşunda uğurlu səhnə həyatı yaşayıb.
Teatrdan fərqli olaraq, kinoda rejissor debütünün bir addımlığında dayansa da, sənət taleyi üzünə gülmür. Çəkilişlərinə hazırlaşdığı "Fətəli xan" gözlənilmədən ondan alınır. İlk dəfə 1956-cı ildə "O olmasın, bu olsun" filmində Qoçu Əsgər rolunda görünür. Az sonra kino aktyoru və rejissoru kimi sənətkar ömrünə yeni səhifələr yazır. "Uzaq sahillərdə" sahibkar Rosselini, "Qara daşlar"da Xəlilov, "Romeo mənim qonşumdur"da professor Quliyev, "Qanun naminə" filmində prokuror Kamilov, "Arxadan vurulan zərbə"də Dadaşlı, "Məhəbbətim mənim, kədərim mənim"də qoca usta kimi rollar məşhur ekran obrazlarındandır. İfa tərzində aktyor Adil İsgəndərovu rejissor Adil İsgəndərovdan ayrı təsəvvür etmək çətindir. Bu iki cəhət sənətkar simasında bir-birini tamamlayır.
1956-cı ildə Ağarza Quliyev "Qara daşlar" filmində onu əsas rollardan birinə - professor Xəlilov roluna dəvət edir. Kinoya gəlməsinə mane olanlar Ağarza Quliyevə ekran təcrübəsi olan aktyoru dəvət etməyi məsləhət görür. Lakin seçimində möhkəm dayanan Ağarza Quliyev fikrindən dönmür.
Bu rol Adil İsgəndərovun istedadlı kino aktyoru kimi yeni yaradıcılıq imkanlarını açır. Filmdə xarakterin amiranəliyi, vəzifəpərstliyi, bürokratlığı parlaq əksini tapır. Müxtəlif illərdə Tofiq Tağızadə, Lətif Səfərov, Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov, Muxtar Dadaşov, Arif Babayev həvəslə filmlərə onu çəkir. Oynadığı rolun böyük-kiçikliyinə baxmayaraq, həmişə bənzərsiz ifa tərzilə fərqlənir.
Teatr sənətində olduğu kimi, kinoda da böyük xidmətləri danılmazdır. 1963-cü ildə görkəmli rejissorun Sabit Rəhmanın ssenarisi əsasında lentə aldığı "Əhməd haradadır?" filmi milli kino tariximizdə xüsusi yer tutur. Film dinamik süjet xətti, bitkin aktyor oyunu ilə diqqət çəkir. Məmmədrza Şeyxzamanov (Şirin), Nəcibə Məlikova (Nərgiz), Mustafa Mərdanov (Məmməd kişi), Ağahüseyn Cavadov (Usta Əhməd) ekranda unudulmaz xarakterlər yaradırlar.
Lütfəli Abdullayevin Zülümovu parlaq satirik boyaları ilə izləyicilərə gülüş bəxş edir. Aktyorun təqdimində Zülümov canlı satirik tipə çevrilir. Filmdə ikicə epizodda görünən Əliağa Ağayev yeni rollardan birinə imza atır. Gənclərə xüsusi qayğı ilə yanaşan rejissor bu filmdə Elxan Qasımova, Eldəniz Zeynalova, Amaliya Pənahovaya, Səyavuş Şəfiyevə ekrana ilk sənət vəsiqəsi yazır.
Komik hadisələrlə zəngin olan film eyni zamanda bəstəkar Rauf Hacıyevin oynaq, şən musiqisi ilə də diqqəti cəlb edir. Tələt Əyyubovun sözlərinə bəstələnən mahnılar filmin kompozisiyasında özünəməxsus rol oynayır.
SSRİ Kinematoqrafiya Komitəsinin kollegiyası baxış zamanı filmin ekran məziyyətlərini düzgün qiymətləndirə bilmir. Kəskin tənqidlərə tuş gələn "Əhməd haradadır?" üçüncü kateqoriyaya layiq görülür. Ekranlara çıxan film nüfuzlu kollegiyanın proqnozlarını darmadağın edərək böyük uğurla nümayiş olunur. Çoxsaylı sifarişlər əsasında filmin əlavə nüsxələri hazırlanır.
1966-74-cü illərdə Adil İsgəndərovun C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərliyi zamanı irimiqyaslı işlər görülür. Kinostudiyanın maddi-texniki bazası əsaslı şəkildə yenilənir. Böyük şöhrət qazanan “Yeddi oğul istərəm”, "Axırıncı aşırım", “Nəsimi” filmləri çəkilir.
1971-ci ildə ekranlara çıxan "Axırıncı aşırım" filmində Kərbəlayı İsmayıl Adil İsgəndərovun ən uğurlu ekran rollarından biridir. Kərbəlayı İsmayılın var-dövlət hərisliyi, qəddarlığı ilə bərabər mərdliyi, duz-çörəyə verdiyi yüksək dəyər də ifa tərzində əksini tapır. Adil İsgəndərov xarakterin milli xüsusiyyətlərini, milli koloritini ön plana çəkir. Görkəmli sənətkarı 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında münsiflər heyəti yüksək dəyərləndirir. O, ən yaxşı kişi roluna görə mükafata layiq görülür.
Şamil Mahmudbəyovun "Dərviş Parisi partladır" filmindəki Hətəmxan ağa da uğurlu ekran obrazlarındandır. Hətəmxan ağanın xarakterik xüsusiyyətlərində o, incə yumor boyalarından məharətlə yararlanır.
Müəllimlik fəaliyyəti Adil İsgəndərovun həyat və sənət bioqrafiyasının ayrılmaz hissəsidir. O, uzun illər rejissor və aktyor sənətindən dərs deyir, sənətin sirlərini taleyini səhnəyə bağlayan gənclərə həvəslə öyrədir. Nəzəri və praktik məşğələlərində digər kurslarda oxuyan tələbələr də həmişə könüllü olaraq iştirak edir. 1956-cı ildə professor elmi dərəcəsini alır.
Adil İsgəndərovun kinorejissor Əjdər İbrahimovla son dərəcə yaxın dostluq və sənət əlaqələri var idi. Əjdər İbrahimovun "Bir məhəlləli iki nəfər" filmində məhkəmə sədri, "Ulduzlar sönmür"də Nəsib bəy kimi maraqlı xarakterlər yaradır. "İyirmialtılar"da kiçik epizodda görünən daşnak partiyasının nümayəndəsi Xaçaturov bəzi sənətçilərin narazılığına səbəb olur. Onların fikrincə, aktyor xarakterin riyakarlığını, ikiüzlülüyünü, mənfurluğunu qabartmağa daha çox diqqət yetirir. Əsassız, qərəzli tənqidləri sakit qarşılayan Adil İsgəndərov cavabında “Qadam, mən Xaçaturovun obrazını yaratmışam", - deyir.
1978-ci ildə o, Əjdər İbrahimovun quruluş verdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmində çəkilmək arzusunu bildirir. Kinorejissor unudulmaz sənətkarı qoca usta roluna təsdiqləyir. Türkiyədəki çəkilişlərdən qayıdandan sonra Adil İsgəndərov qəflətən vəfat edir. Qoca usta rolu onun sonuncu ekran obrazı olur. O, məhəbbətindən də, kədərindən də əbədi ayrılsa da, tamaşaçıların könlünə köçür...
Adil İsgəndərov kino və teatr sənətinin inkişafı naminə fədakarcasına çalışdı. Fəth etdiyi sənət zirvəsi illərin axarında baş verən zaman və sənət inqilablarından həmişə qalib və müzəffər çıxdı. Əbədiyyətə bağlı ömrü ilə yaşadı....
Hatəm Əsgərov,
Suraxanı rayonu 8 mart adına mədəniyyət
evinin bədii rəhbəri
Mədəniyyət.-2015.- 3 iyul.-
S. 12.