Gözlərindən şeh dərən şair

 

Çəkin aşağıdan nərdivanları,

Belə asılmağa həvəsim gəlir.

Söz adam öldürmür, adam dirildir,

Nə qədər yellənsəm nəfəsim gəlir.

 

Yazıçılar Birliyinin üzvü, şair Ramiz Kərəmin bu misraları ustad FüzulininSöz” qəzəlindən

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz...

 

beytini yadımıza salır. Yəni sözə can verib diriltsən, o da səni əbədi yaşadar, izini itirməz. Müəllifin “Mən sözdən asıldım” adlı şeirlər kitabını nəzərdən keçirərkən bu qənaətə gəlirsən ki, o, sözüdirisaxlamağa çalışan şairdir. Ramiz Kərəm ilham pərisinin töhfəsi ilə eldən, xalq ruhundan və təbiətdən gələn büllur bulaq kimi saf kəlmələri ipə-sapa düzür, mənalardan naxışlar hörür. bütün bunlar süni təsir bağışlamır, əksinə, təbiətin özü kimi təbii görünür. Çünki Gədəbəy rayonunun Ataxal kəndində - səfalı bir guşədə dünyaya göz açan şair təbiətin bir parçası olub, idillik ortamda boya-başa çatıb. Quşların cəh-cəhi, dərələrin şırıltısı nəğməyə dönərək qəlbinə süzülüb. Ən əsası isə saz-söz oylağı yurd yerinin mənəvi zənginliklərindən qor alıb, öz işığı, söz işığı şölələnib. Qismət elə gətirib ki, Ramiz Kərəm elmi işçi kimi çalışdığı AMEA-nın Folklor İnstitutunda aşıq yaradıcılığı dünyasına daxil olub, min illərin söz və səs incisinin soraqçısına çevrilib.

Buna görə də müəllifin şeirlərində soy-kökündən, minillik adət-ənənələrdən uzaq düşənlərin, özündən qopanların halına dərin təəssüf hissi var. Şair xalqın sahib olduğu mənəvi dəyərlərə dərindən bələd olduğundan qeyd olunan məqamlar onun ruhunu sarsıdır. Bu vəziyyət sanki ana təbiətin mizan-düzənini də pozub, şairin təbini məngənəyə salıb:

 

Çoxdandı şeir yazmıram,

Deyəsən, sözüm tükənir.

Gözə dəymir sığırçınlar,

Tənəkdən üzüm tükənir.

 

Çağırmağa gur səsim yox,

Köhlən attək nəfəsim yox,

Dağ aşmağa həvəsim yox,

Yollardan izim tükənir.

 

Səhər durub meh dərirəm,

Gözlərimdən şeh dərirəm.

Ah dərirəm, eh dərirəm,

Qəlbimdə dözüm tükənir.

 

Bu bazar qatdı başımı,

Yaddan çıxartdım yaşımı.

Apar verdiyin arşını,

Qumaşım, bezim tükənir.

 

Ancaq şair o qədər də bədbin deyil. Axı onun Tanrıya şükür etməsi üçün çoxlu səbəbləri var: aldığı nəfəs, yeridiyi ayaqlar, düşdüyü həvəs, doğmalar, əzizlər, dağ-daş, dənizlər, dost-tanışı görmək, ulduzları dərmək... Şair həm də

Arzuları şirin, dadlı,

ümidləri atlı-atlı,

Ömür adlı, dünya adlı,

bu boyda qəfəsə görə

- şükranlıq edir.

Ramiz Kərəm fərqli məqamlarda, ayrı-ayrı keyfiyyətlərdə maraqlı eyniliklər tapa bilir. Bu eyniləşdirmə qocadan uşağa, sevincdən qorxuya, yenidən köhnəyə və bir sıra başqa məqamlarda reallaşır. Müəllif “Eynilik” adlı şeirində poetik imkanları daxilində və dəqiq müşahidələri ilə bu kontekstdə diqqəti sosial məsələlərə yönəldir:

Qocalar bütün evlərdə

Əyləşir eyni yerdə,

baxırlar eyni səmtə.

Yaddaşlar açılır, açılır.

eyni yerdə bir düyünə ilişir,

Səhərlər açılır eyni cür,

axşamlar eyni cür düşür.

 

Uşaqlar hamısı

eyni cür sevinir təzəliklərə,

çiçəklərə, kəpənəklərə,

baharın nəfəsinə.

Hamısı eyni cür

diksinir güllə səsinə...

 

Adamlar hamısı

eyni cür qorxur -

unudulmaqdan,

tənhalıqdan, qürbətdən,

vaxtsız yağan qardan

və ayrılıqlardan.

Ramiz Kərəmin bu kitabı oxucularla ikinci görüşüdür. Şair 2007-ci ildə “Bütün sevdiklərim, unutduqlarım” adlı kitabını ədəbiyyatsevərlərə ərməğan etmişdi. Müəllifin birinci kitabından bəzi nümunələr də yeni nəşrdə yer alıb. Gözlərindən şeh dərən, “Biləsən gecələr ay işığını, Ağaclar bu qədər niyə sevirmiş”, - deyən şairə yaradıcılıq uğurları arzulayırıq.

 

Fariz Yunisli

Mədəniyyət.-2015.- 3 iyul.- S. 15.