“Vətən uğrunda!”
hərbi-vətənpərvərlik mahnı müsabiqəsinə
yekun vurulub
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, nazirliyin birləşmiş həmkarlar təşkilatının və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Vətən uğrunda!” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, tədbirdən əvvəl mahnı müsabiqəsinə
və iştirakçılara həsr olunan videoçarx
nümayiş etdirilib.
Azərbaycan
Respublikasının xalq artisti Azərin, Müdafiə Nazirliyi
birləşmiş həmkarlar təşkilatının sədri
Abuhəyat Dadaşova və polkovnik Elşad Əbilov
çıxış edərək bildiriblər ki, müsabiqənin
keçirilməsində məqsəd əsgər və zabitlərimizin,
eləcə də gənclərimizin vətənpərvərlik
ruhunun yüksəldilməsi, milli mədəniyyətimizin,
musiqimizin təbliği ilə yanaşı, yeniyetmə və
gənclərdə hərbi xidmətə olan diqqət və
marağın artırılmasıdır.
Müsabiqə cəbhəyanı bölgədə yerləşən bütün hərbi hissələri əhatə etdiyindən Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tərtər, Beyləqan, Füzuli rayonlarından olan hərbi qulluqçular və gənclərin fəallığı daha çox müşahidə edilib. Müsabiqə dövründə yeniyetmə və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanışlıq imkanı əldə ediblər. Mahnı müsabiqəsi bir daha göstərib ki, gənclərimizin vətənpərvərlik ruhu, döyüş əzmi, Vətənə, xalqa sədaqət hissləri yüksəkdir.
Seçim turlarında daha çox fərqlənən finalçılar Sabir Hüseynov, Sabir Əliyev, Rəşad İsmayıl, Abdulla Mədinovun ifaları alqışlarla qarşılanıb.
Münsiflər heyətinin qərarına əsasən, Sabir Əliyev və Rəşad İsmayıl birinci, Sabir Hüseynov ikinci, Abdulla Mədinov isə üçüncü yerə layiq görülüblər.
Tədbirin sonunda xalq artisti Azərin əsgər və zabitlərimizi qələbəyə səsləyən mahnılar ifa edib.
Sonda müsabiqə qaliblərinə
fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim
olunub.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.2.