UNESCO Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası
Xəbər verdiyimiz kimi, iyunun 28-dən Almaniyanın Bonn şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir. Sessiyanın işində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.
UNESCO baş direktorunun müavini ilə görüş
Səfər çərçivəsində, UNESCO-nun Parisdəki mənzil-qərargahında Vasif Eyvazzadə qurumun baş direktorunun müavini Nada al-Naşif ilə görüşüb. Görüşdə bu ilin mayında Bakıda keçirilən 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, gələn il paytaxtımızda gerçəkləşəcək UNAOC Forumu, Dünya Sülh və Mədəniyyətlərarası Dialoq Mərkəzinin yaradılması, təşkilatın bu istiqamətdə layihələri müzakirə edilib.
Xanım Naşif Forumun yüksək səviyyədə təşkilinə görə ölkə rəhbərliyinə və nazirliyə öz təşəkkürünü bildirib və “Bakı prosesi”nin davamlılığı üçün UNESCO-nun lazımi dəstək göstərəcəyini deyib. Eyni zamanda, ölkəmizin dünyada sülh və mədəniyyətlərarası dialoq üçün öz töhfələrini bundan sonra da davam etdirəcəyi UNESCO rəsmisinin diqqətinə çatdırılıb.
Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.
“Dünya irs siyahısı”nın sıraları genişlənir
Qeyd edək ki, UNESCO Ümumdünya İrs Komitəsinin sessiyasında müxtəlif ölkələr tərəfindən qurumun “Dünya irs siyahısı”na təqdim olunan fayllar müzakirə olunub, müvafiq qərar qəbul edilib.
Türkiyənin təqdim etdiyi iki nominasiya faylı - Diyarbəkirin qala divarları (5700 m) və bölgədə ilkin təbii vəziyyətini qoruyub saxlamış Hevsel bağçaları, eləcə də İzmirin Səlcuq bölgəsindəki məşhur Efes antik şəhər qalıqları UNESCO-nun “Dünya irs siyahısı”na daxil edilib. Efes 1994-cü ildən UNESCO-nun gözləmə siyahısında idi. Xatırladaq ki, ötən il İzmirin digər bir tarixi məkanı - Berqama bu siyahıya salınmışdı. Beləliklə, Türkiyənin UNESCO-nun “Dünya irs siyahısı”nda yer alan məkanlarının sayı 15-ə çatıb.
Siyahıya həmçinin Almaniyanın Şpayxerştadt anbar kompleksi və Hamburqdakı Kontorhausfirtel kontor məhəlləsi, Sinqapur Botanika bağı, Fransanın Şampan və Burqundiya regionları, İranın Suzı və Meymand şəhərləri, Danimarkanın cənubundakı Kristiansfell qəsəbəsi daxil edilib. Çinin Tusı hökmdarlarının memarlıq kompleksi, Cənubi Koreyada Pekçe sülaləsi kompleksi, Monqolustanda Burxan-Xaldun dağı da dünya mirası elan edilib. Yaponiya, Meksika, Uruqvay, İtaliya, İordaniya, Səudiyyə Ərəbistanı, İsrail və digər ölkələrin təqdim etdikləri məkanlar da siyahıya daxil edilib.
Ümumiyyətlə, UNESCO-nun "Dünya irsi siyahısı"na 1000-dən çox obyekt salınıb. Bu sırada ölkəmizdən Qobustan qoruğu və İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası) də var.
UNESCO Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası iyulun 8-də işini başa vuracaq.
Mədəniyyət.-2015.- 8 iyul.-
S.4.