Azərbaycan yaxın vaxtlarda beynəlxalq görüşlər məkanına çevriləcək

 

Konqreslər Bürosu mətbuat nümayəndələri üçün brifinq keçirdi

 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu iyulun 6-da «Baku Bulvar» hotelində media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Qurumun icraçı direktoru Florian Sengstschmid tədbirdə çıxış edərək əsas fəaliyyət istiqamətləri, Konqreslər Bürosu ilə Görüşlər Sənayesinin əməkdaşlığı barədə ətraflı məlumat verdi.

 

Bildirdi ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonunda ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılıb, dövlət və özəl sektorun birgə layihəsidir. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir.

İcraçı direktor Azərbaycanın bugünlərdə çox yüksək səviyyəli bir tədbirə - ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayaraq dünyaya örnək ola biləcək bu təşkilatçılığa görə ölkəmizi təbrik etdi.

Konqreslər Bürosunun əldə etdiyi nailiyyətlərdən danışan Florian Sengstschmid qeyd etdi ki, qurum Beynəlxalq KonqresKonvensiya Assosiasiyasının (İCCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Onun sözlərinə görə, İCCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə reytinqi hər il dərc olunur. Bu reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməlidir və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir. Bu meyarlar nəzərə alınmaqla, Azərbaycan İCCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və assosiasiyanın iclaslarının keçirilməsi üzrə hazırlanan 2014-cü il üzrə reytinqində 79-cu yeri tutub.

İcraçı direktor qeyd etdi ki, Azərbaycan Konqreslər Bürosu İCCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. 100 ölkə arasında Azərbaycanın ilk dəfədən belə bir yüksək qiymət alması böyük bir uğurdur. Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub. Reytinqə ABŞ, Almaniyaİspaniya başçılıq edir. Şəhərlər üzrə reytinqdə paytaxt Bakı Kann, Lüsern, Verona, Tbilisi, Tel-Əviv, Baltimor, BonnLids kimi şəhərləri qabaqlayıb.

Florian Sengstschmid onu da bildirdi ki, Azərbaycan Konqreslər Bürosunun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətədavamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaqinkişaf etdirməkdir.

Azərbaycan Konqreslər Bürosunun satış və marketinq üzrə menecerləri Anar Nərimanov və Ayan Zeynalova Azərbaycanda Görüşlər Sənayesinin təşkilindən, ölkəmizdə keçiriləcək assosiasiya görüşlərinin əhəmiyyətindən danışdılar.

Anar Nərimanov bildirdi ki, AKB-nin əsas fəaliyyət sahəsinə Azərbaycanda Görüşlər Sənayesinin təşkili və buraya daha çox üzvlərin cəlb edilməsi, həmçinin beynəlxalq təşkilatların bu sahədə təcrübəsini ölkəmizdə tətbiq etmək daxildir: «Bir sıra mehmanxanaturizm şirkətləri də bizim üzvlərimizdir. Biz bu üzvlərimizə də beynəlxalq təcrübəni tətbiq etməyə çalışırıq və onlar üçün müxtəlif təlimlər təşkil edirik. AKB-nin və Azərbaycan Görüşlər Sənayesinin əsas hədəf bazarları Rusiya, MDB ölkələri, həmçinin Türkiyə, Almaniya və Ərəbistan yarımadasıdır. Bu ölkələrdə AKB-nin əsas fəaliyyəti satış səfərlərinin təşkil olunması, müxtəlif peşələrdə işləyən insanlarla görüşlər, həmçinin də kütləvi informasiya vasitələri və sosial media ilə əlaqələr yaratmaqdır».

O, AKB-nin nəşrlərindən, saytından, mobil proqram təminatından da danışdı və bildirdi ki, sentyabr ayından Azərbaycanın Görüşlər Sənayesinə aid olan videoçarx CNN, “Euronewskimi beynəlxalq kanallarda yayımlanacaq.

Ayan Zeynalovanın sözlərinə görə, assosiasiya görüşləri son vaxtlar çox əhəmiyyətli bir sahəyə çevrilib: «Assosiasiya görüşləri daha çox elmturizmin vəhdətini yaradır. Bu görüşlərdə iştirakçıların sayı daha çox olduğundan ölkəyə gətirdiyi gəlir də çox olur. Dünyada 70 minə qədər beynəlxalq assosiasiya var. Onların hər biri müxtəlif konfranslar və konqreslər keçirir. Hər bir iştirakçı günə 400 avro xərcləyir. Bu da assosiasiya görüşlərinin iqtisadi faydalarından biridir. Assosiasiya görüşlərinin turizm tərəfini götürsək, qeyd etməliyik ki, bu, ölkəmizə gələn turistlərin sayının artmasına xidmət edir. Elm tərəfinə gəldikdə, bu görüşlər bizim elmi ictimaiyyətin beynəlxalq səviyyədə tanınmasına yardımçıdır».

Qeyd olundu ki, qurum bir neçə beynəlxalq konfransın Bakıda keçirilməsinə nail olub. Bunlardan biri Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics - İAEE) Avrasiya konfransıdır. İAEE-nin builki 38-ci beynəlxalq konfransı Türkiyənin Antalya şəhərində keçirilib: “Tədbirdən öncə İAEE Şurasının iclasında Bakının növbəti beynəlxalq konfransa ev sahibliyi etmək təklifini iştirakçılara təqdim etdik. Uğurlu təqdimatdan sonra İAEE Şurasının üzvləri Bakını Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın 2016-cı il Avrasiya Konfransının ev sahibi kimi təsdiqlədi. Onu da bildirim ki, 1977-ci ildə ABŞ-da yaradılan bu assosiasiya biznes, hökumət, akademik digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. Hazırda biz əlaqədar qurumlarla, o cümlədən ölkədəki mehmanxana turizm şirkətləri ilə birlikdə tədbirin proqramını hazırlayırıq».

Ölkədəki bir sıra konqres mərkəzləri ilə əməkdaşlıq etdiklərini deyən Ayan Zeynalova gələn həftədən «Kristall Hall»ın Heydər Əliyev adına İdman Konsert Kompleksinin rəhbərliyi ilə müzakirələrə başlayacaqlarını söylədi: «Bizim hər birimizin birgə əməkdaşlığı ilə Azərbaycanın beynəlxalq görüşlər məkanı olması o qədər uzaqda deyil».

Sonda Florian Sengstschmid jurnalistləri maraqlandıran sualları cavablandırdı.

 

Abdullayeva, Fəxriyyə.

Mədəniyyət.-2015.- 8 iyul.- S.9.