50 ilin
“Yenilməz batalyon”u
Ötən illərin filmləri
“Ötən illərin
filmləri” rubrikasında
bu dəfə 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Yenilməz batalyon” bədii ekran əsərindən söz açacağıq. Yazıçı
Qılman İlkinin
"Qalada üsyan"
romanı əsasında
lentə alınan film
1905-ci ildə Qara dənizdəki "Potyomkin"
zirehli gəmisində
üsyan qaldıran və Zaqatala qalasına sürgün edilən matroslarla yerli inqilabçıların
Rusiya imperiyasına qarşı birgə mübarizəsindən bəhs
edir. Hadisələr 1907-ci ildə Zaqatalada
cərəyan edir.
Filmin ssenari müəllifi Qılman İlkin, quruluşçu rejissoru Hüseyn Seyidzadədir.
“Yenilməz batalyon”
bədii filmi istər peşəkarlıq,
istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından
rejissorun mükəmməl
işlərindən biri
sayılır. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirir ki, Hüseyn
Seyidzadə filmin çəkilişlərinə başlayarkən onun sənət yanğısı
arxasında kövrək
bir istək gizlənirdi. O, filmi müəllimi Sergey Eyzenşteynin
"Potyomkin” zirehli gəmisi" kino əsərinin davamı kimi görmək arzusunda idi və
bu belə də olur. Lakin bu filmi ərsəyə gətirənə qədər
rejissor böyük çətinliklərlə qarşılaşır.
1960-cı ildə bəyənilən ssenari
1961-ci ildə istehsal planından çıxarılır.
Böyük mübarizələrdən,
yazışmalardan, müraciətlərdən
sonra film yalnız
1965-ci ildə çəkilib
ekranlara buraxılır:
“Hüseyn Seyidzadə
universal intellektli, işgüzar,
zəhmətkeş bir
istedad idi. Onun yaratdığı filmlər
çox sınaqlardan
çıxsa da, ənənəvi qiymətdən,
axından seçilən,
sıçrayışlı, sərbəstliyə nümunə
olan sənət inciləri idi”.
Bədii əsərin mükəmməl
ekran həlli
Filmin ssenari müəllifi Qılman İlkin Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olmaqla yanaşı,
bir çox kinossenarilərin müəllifidir. Müəllifin “Qalada üsyan” tarixi romanında güclü insan xarakterləri və maraqlı talelər yer alıb. “Yenilməz batalyon”
bədii filmi də öz təsir gücünə görə əsərin özündən geri qalmır.
Filmin quruluşçu
rəssamı Nadir Zeynalov,
rəssam assistenti isə Rafiz İsmayılov olub. 1962-ci ildə
Ə.Əzimzadə adına Rəssamlıq
Texnikumunu bitirdikdən
sonra “Azərbaycanfilm”
kinostudiyasında işə
düzələn R.İsmayılov
ilk dəfə “Yenilməz
batalyon” filmində quruluşçu rəssamının
assistenti olur. Xalq rəssamı filmlə bağlı xatirələrində yazır:
“Problemsiz çəkiliş
olmur. Hər bir iş zəhmət
bahasına başa gəlir. Filmin çəkilişləri əsasən Şəkidə
və pavilyonda keçirilirdi. Növbəti çəkilişlər Zaqataladakı
həbsxanada olmalı
idi, amma çəkiliş etməyə
icazə verilmədi.
Nadir Zeynalov filmin
rəssamı idi.
Biz həmin həbsxananı
Şəkidə qurduq.
Assistent olsam da, o qədər
çətin idi ki. Hətta aylarla mən
Şəkidə qalmalı
olurdum. Filmdə hər şey
ssenaridən başlayır.
Ssenarini oxuyarkən o hadisələrin
iştirakçısı olmalı,
özünü o adamların
arasında hiss etməli,
həmin dövrü bilməli və dərindən öyrənməlisən”.
Qeyd etmək yerinə düşər ki, filmdə tanınmış
rejissor Şamil Mahmudbəyovun da əməyi var. O, “Yenilməz
batalyon”da özünü
aktyor kimi sınaqdan keçirib və Qaçaq Əlimərdan rolunu böyük ustalıqla ifa edib.
Teymurun mahnısı
Filmin bəstəkarı Xalq artisti Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb
formalı əsərləri
ilə yanaşı, musiqi xəzinəmizi
zənginləşdirən çoxlu mahnıları da yaddaşlarda əbədi iz salıb. Onun mahnılarında həyatı sevən insanların ürək çırpıntıları, xoş arzuları ifadə edilir. Bəstəkarın hərtərəfli istedadını üzə
çıxaran mahnı
janrı ona daha çox müvəffəqiyyət gətirib.
Cahangir Cahangirovun bu filmdə “Teymurun mahnısı”, “Koroğlu” bədii filmində “Xanəndə qızın mahnısı”,
“Dəli Kür”də
“Ana Kür” və “Bayatılar” mahnıları
sonradan müstəqil
musiqi əsəri kimi böyük sənət ömrü qazanıb.
Filmdə yaddaqalan obrazlardan biri də Teymurdur. Bu rolu mərhum aktyor Ceyhun Mirzəyev
oynayıb. C.Mirzəyevin yaradıcılıq bioqrafiyası
erkən yaşlarından
başlayıb, o vaxtadək
bir neçə filmdə yaddaqalan obrazlar yaratmışdı.
“Yenilməz batalyon”
filminin çəkildiyi
dövrdə o, Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rejissorluq
fakültəsinin tələbəsi
idi və filmlərdə də məharətlə çəkilirdi. Filmdə
“Teymurun mahnısı”nı görkəmli xanəndə İslam Rzayev oxuyub.
Həmin dövrdə filmdə çalışan insanlardan
biri də bu gün rejissor
kimi yaxşı tanınan Rafiq Dadaşovdur. O, 1963-cü ildə
"Azərbaycanfilm" kinostudiyasında
fəhlə olaraq işə qəbul edilib, 1964-cü ildən rejissor köməkçisi
kimi fəaliyyət göstərməyə başlayıb.
“Yenilməz batalyon”
onun ilk böyük işi olub.
Rafiq Dadaşov
bildirir ki, filmin əsas natura çəkilişləri
Şəkidə gerçəkləşib. Bəzi səhnələr
isə Oğuz və Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.
Rejissor müsahibələrinin
birində deyir:
“1964-cü ilin sentyabr
ayı idi, bütün heyətlə
Şəkiyə yollandıq.
Təsəvvür edə bilməyəcəyiniz
qədər güclü
yağış yağmağa
başladı. Gözləməli olduq, bir gün,
iki gün... bu yağış kəsən deyil. Qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini
həyata keçirək.
Bu gecikmələr səbəbindən filmin çəkilişləri bir
ildən çox vaxt aldı. Böyük səhnələrdən
olan ev
tikilməsi, işçilərin
yük daşıması,
kazarma, dərzi Yusifin evi pavilyonda
qurulmuş səhnələr
idi. Bakıdakı pavilyon çəkilişlərini
bitirdikdən sonra yenidən Şəkiyə
yollandıq. Əsas səhnələr
Şəkidəki qalanın
(həbsxananın) ətrafında
reallaşdırıldı”. Filmdəki dava səhnəsində çəkilənlər isə
əsl idmançılar
olub. Eyni zamanda Azərbaycan
hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak
ediblər.
Yarımçıq qalan operator işi
Filmin çəkilişləri
operator Xan Babayevə həvalə edilmişdi. Lakin amansız
xəstəlik operatora
bu işdə sona qədər iştirak etməyə macal vermir. Bir il sonra isə görkəmli operator dünyasını
dəyişir. Çəkilişləri Rasim İsmayılov davam etdirir. Filmdə Anatoli Yurçenko, Vladimir Yemelyanov,
Pavel Vinnik kimi çoxlu rus aktyorları da rol alıb.
Baş qəhrəmanlardan
birini - Xavər obrazını canlandıran
azərbaycanlı aktrisa,
Rusiyanın Xalq artisti Tamilla Ağamirova isə hazırda Moskva şəhərində yaşayır. 12 filmdə çəkilən
aktrisa kino karyerasına son verərək
yaradıcılığını teatrda davam etdirir.
SSRİ Xalq artisti,
tanınmış kinorejissor,
aktyor, müğənni
və rəqqas Nikolay Sliçenko ilə ailə quran Tamilla xanım
uzun müddət
"Romen" teatrında
çalışıb. Filmdə həmçinin İsmayıl Osmanlı, Müxlis Cənizadə, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə,
Mixail Puqovkin, Hüseynağa Sadıqov,
Zoya Çekulayeva və başqa tanınmış sənətkarlar
çəkiliblər. “Yenilməz batalyon” görkəmli aktyor Muxtar Avşarovun kinoda ilk debütü olub.
Qəhrəmanların real həyatı
1803-cü
ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil edildikdən sonra ərazinin hərbi-strateji
əhəmiyyətini nəzərə
alan çar
hökuməti burada qala tikdirmək qərarına gəlir. Qala Cənubi Qafqazda olan rus qoşunlarının
komandanı general İvan
Paskeviçin göstərişi
və nəzarəti altında 1804-1830-cu illər
arasında tikilir.
Çar hökuməti qalanı tikməkdə iki məqsəd güdürdü. Birincisi, yerli
əhalinin üsyanlarının
yatırılmasında qaladan
sığınacaq kimi
istifadə etmək, ikincisi isə Şimali Qafqazı işğal edərkən
buradan hərbi dayaq məntəqəsi kimi yararlanmaq. Beləcə,
Şeyx Şamil hərəkatı dövründə
və Zaqatala üsyanının yatırılması
vaxtı bu qala rus ordusunun
düşərgəsi və
başlıca hərbi
məntəqəsi olur.
Şeyx Şamil hərəkatı
yatırıldıqdan və
Şimali Qafqaz Rusiyaya birləşdirildikdən
sonra qala özünün hərbi əhəmiyyətini itirir.
Ancaq belə bir qalanın
Rusiyanın mərkəzindən
çox uzaqda olması çar II Nikolayın yadından çıxmamışdı. Rusiyada
1905-1907-ci illər inqilabı
zamanı “Potyomkin” gəmisində üsyan edən matrosların cəzalandırılması üçün
Zaqatala qalası münasib hesab edilmişdi. 400 üsyançı matros qalaya salınmışdı.
Qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə
tarixdə kifayət qədər məlumat var.
Görkəmli yazıçı
Qılman İlkinin də real faktlar əsasında qələmə
aldığı “Qalada
üsyan” romanında və filmdə adları çəkilən
qəhrəmanların əksəriyyəti
real tarixi şəxsiyyətlərdir...
Lalə Azəri
Mədəniyyət.-2015.- 8 iyul.-
S.13.