Polad Bülbüloğlu
“Slavyan bazarı” estrada
müsabiqəsinin münsiflər heyətinə rəhbərlik
edir
İyulun 9-da Belarusun Vitebsk şəhərində ənənəvi “Slavyan bazarı” beynəlxalq incəsənət festivalı başlayıb. Bu il 24-cü dəfə keçirilən festivala 40-dək ölkədən iştirakçılar qatılıb. Festivalda estrada mahnı müsabiqəsinin münsiflər heyətinə görkəmli müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu rəhbərlik edir.
Festivalın direktoru Aleksandr Sidorenko jurnalistlərə açıqlamasında bildirib ki, əsas proqrama 90-dan artıq tədbir daxildir, 18 konsert festivalın əsas səhnəsində keçiriləcək. Onlarla tədbir isə teatr proqramı çərçivəsində təşkil olunacaq.
A.Sidorenkonun sözlərinə görə, estrada mahnı müsabiqəsinə 21 iştirakçı qatılıb, onlardan 15-i seçilərək finalda yarışacaq. Müsabiqənin baş mükafatı (Qran-pri) 20 min dollardır. Münsiflər heyətinin tərkibinə Mariya Serifovic (Serbiya), bəstəkar Oleq İvanov (Rusiya), bəstəkar Leonid Şirin (Belarus), həmçinin, Ukrayna, Latviya, İsveç, Böyük Britaniya nümayəndələri də daxildir.
Uşaq estrada müsabiqəsinin münsiflərinə isə Rusiyanın Xalq artisti Dmitri Malikov rəhbərlik edir.
Festival çərçivəsində bəstəkar Aleksandra Paxmutova və şair Nikolay Dobronravovun yaradıcılıq gecələri, “İttifaq dövlətləri dəvət edir” adlı konsertlər də nəzərdə tutulub. Festivalda ilk dəfə olaraq açıq səmada küçə incəsənətini təbliğ edən təqdimatlar reallaşacaq. Burada dünyanın müxtəlif ölkələrindən olan aktyor, rəssam, şair, musiqiçi və müğənnilər öz performanslarını nümayiş etdirəcəklər.
"Vitebsk Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalı iyulun 13-dək davam edəcək.
Lalə
Mədəniyyət.-2015.- 10 iyul.-
S.5.