İncəsənət xadimləri Avstriya dövləti tərəfindən təltif edilib

 

Vyanada Üzeyir Hacıbəylinin, Bakıda isə Volfqanq Amadey Motsartın abidələrinin

ucaldılması iki ölkə arasında dostluq münasibətlərinin göstəricisidir

 

İyulun 7-də Avstriyanın ölkəmizdəki səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, rəssam, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevə Avstriya Respublikasının "Böyük Fəxri Ordeni" və Xalq rəssamı Natiq Əliyevə "Qızıl Fəxri Ordeni"nin təqdim olunması mərasimi keçirilib.

İncəsənət xadimlərinə ordenləri təqdim edən səfir Aksel Vex Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına verdikləri töhfələrə görə Çingiz Fərzəliyev və Natiq Əliyevə ölkəsinin hökuməti adından təşəkkürünü bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını deyib.

Səfir Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın abidələrinin ucaldılmasını iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi kimi xarakterizə edib. Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və heykəltəraş Natiq Əliyevin rolu vurğulanıb, incəsənət xadimlərinin öz ölkələri və dünya incəsənəti xəzinəsinə verdikləri töhfə yüksək qiymətləndirilib. Bu istiqamətdə Prezident İlham Əliyevin himayəsi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi xüsusi qeyd edilib.

Çingiz Fərzəliyev və Natiq Əliyev Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin simasında bu ölkənin hökumətinə yüksək diqqət və etimada görə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 2006-cı il 30 may tarixində Avstriyanın paytaxtı Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılıb. 2011-ci ilin 12 oktyabrında isə Bakının Yasamal rayonunda dünya şöhrətli Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer iştirak ediblər.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.8.