Avropa Oyunları turizm sektorunun inkişafına mühüm zəmin oldu

 

Mütəxəssislər müsbət nəticələrin növbəti illərdə özünü göstərəcəyini deyirlər

 

İyunun 12-dən 28-dək Bakıda keçirilən 1-ci Avropa Oyunları ölkəmizin turizm sektorunun gələcək inkişafına mühüm zəmin hazırladı. İdman bayramı ilə bağlı Azərbaycana gələn turistlərin bir hissəsi yarışlar bitdikdən sonra regionlara səfər edərək ölkəmizin bu sahədə potensialı ilə tanış oldular.

 

Bu isə perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir. Beynəlxalq qiymətləndirmələrə görə, ölkəyə gələn hər turist həftə ərzində min dollar xərcləyirdisə, belə böyük miqyaslı tədbirlər zamanı iki dəfə artıq pul xərcləyir. Deməli, hotellər, iaşə sektoru - restoranlar, kafelər və s. Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə edib.

 

Avropa Oyunları ölkə turizminin yüksək səviyyədə təbliğatına xidmət edib

 

Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, Avropa Oyunları Azərbaycan turizminin ən yüksək səviyyədə təbliğatına xidmət edib. Turizm sənayesi ilə bağlı aparılan ilkin təhlillər bunu deməyə əsas verir: “Oyunların təkcə açılış mərasimi 93 ölkəyə yayımlandı və mərasimi 1 milyarddan çox insan izlədi. İnternetdə Google axtarış sistemində son bir ildə Azərbaycana 33 milyon dəfə baxılıb. Onun təxminən 70 faizi Avropa Oyunlarına bir ay qalmışdan bu yana təsadüf edir. Bu statistika artıq çox şeyi ifadə edir. Digər tərəfdən, Azərbaycana gələn idmançılar, jurnalistlər, digər qonaqlar özləri artıq potensial turist idilər. Düşünürük ki, biz bunun müsbət nəticələrini ilin sonunda qış turizmi və növbəti yay turizmi mövsümündə görəcəyik”.

 

Ölkəmizdə MİCE turizminin inkişafına zəmin yarandı

 

Azərbaycan TurizmMenecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun fikrincə, Avropa Oyunlarının keçirildiyi müasir arenalar bundan sonra ölkəmizə idman yarışları ilə bağlı yeni-yeni təkliflərin gəlməsinə səbəb olacaq: “Bundan sonra böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanımız var. Təbii ki, bununla da ölkəmizdə konqres turizminin inkişafına bir zəmin yaranmış olur. Digər tərəfdən, Oyunların keçirildiyi günlərdə ölkəmizə minlərlə xarici ölkə vətəndaşı gəldi. Bakını tanıdılar, Azərbaycanın mədəniyyəti, mətbəxi haqqında təsəvvürə malik oldular. Bir var bir ölkə haqqında reklam-çap məhsullarından məlumat alasan, birivar öz gözlərinlə görəsən. Hesab edirəm ki, turizmə töhfəsi baxımından bu tədbirin əhəmiyyətini biz bir neçə il sonra daha yaxşı hiss edəcəyik”.

Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri, «Xəzər Travel» şirkətinin rəhbəri Nahid Bağırov deyir ki, hələ tədbirin açılışına bir həftə qalmışdan Oyunları izləmək məqsədilə Azərbaycana səfər edən turist qrupları bölgələrimizə səfər ediblər: “Oyunlara hazırlıq dövründə turistlər üçün müxtəlif turlar təşkil edilmişdi. Açılış və bağlanış mərasimləri öncəsi turist sayı daha da çox oldu. Biz buna ciddi hazırlaşmışdıq. Bakı və şəhərətrafı turistik məkanlara turlar təklif etdik. Bundan əlavə, turistlərin yaxın regionlara da səfərlərini təşkil etdik. Oyunlar bitdikdən sonra burada qalıb Quba, Şəki, Qəbələyə səfər edənlər oldu».

Həmsöhbətimiz Avropa Oyunlarının turizmin inkişafına verəcəyi töhfədən də danışaraq bildirdi ki, sektor növbəti ildən bunu hiss edəcək: «Avropa Oyunları zamanı Azərbaycanın tanıtımı çox yüksək səviyyədə həyata keçirildi. Həm dövlət qurumları, həm də özəl sektorun təmsilçiləri bütün imkanlardan istifadə etməklə bunu reallaşdırdılar. Belə yüksək səviyyəli tədbirlərə ev sahibliyi sayəsində Azərbaycanda artıq turizmin daha bir istiqaməti - MİCE (işgüzar) turizmi sürətlə inkişaf etməyə başlayıb. Bu bütün dünyada önəm verilən və yüksək gəlir gətirən bir istiqamətdir. Qarşıdakı illərdə ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli tədbirləri nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan tezliklə bu sahədə də tanınmış məkanlardan biri olacaq”.

 

 Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 10 iyul.- S.9.