“Ölkənizi və
insanlarınızı çox sevirəm”
“Səfir missiyam başa çatandan sonra Azərbaycanı
birdəfəlik tərk etmək niyyətində deyiləm.
Getsəm də, yenə gələcəyəm”
Azərbaycanla İsrail arasında münasibətlər müxtəlif sahələri əhatə edir. Ölkəmizdəki yəhudi icması bu münasibətlərin inkişafına mühüm zəmin yaradır. Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşmasının tarixi əsrlər öncəsinə gedib çıxır. Hazırda paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında 30 mindən çox yəhudi yaşayır. Onlar ölkəmizin həyatının ayrı-ayrı sahələrində çalışır, o cümlədən mədəniyyətimizə töhfələrini verirlər. Azərbaycanlı və yəhudi xalqları arasında tarixən təşəkkül tapmış mehriban münasibətlər dövlətlərarası əlaqələrdə də özünü göstərir.
İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə söhbətimizdə bu münasibətlərin bir sıra məqamlarına toxunduq.
- Cənab səfir, Azərbaycanla İsrail arasında əlaqələri necə dəyərləndirirsiniz?
- Ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksəkdir, strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra çox gözəl dostluq münasibətlərimiz yaranıb. Siyasi, iqtisadi, enerji sahəsində geniş əlaqələrimiz var. Mədəniyyət, turizm, idman sferalarında əlaqələr inkişaf etməkdədir. İsrail “Bakı-2015” Avropa Oyunlarına 200 nəfərdən ibarət böyük idmançı qrupu göndərmişdi. İsrail televiziyası Bakıdan yarışları birbaşa yayımlayırdı və məmnuniyyət hissi ilə deyə bilərik ki, Azərbaycanın gözəlliyini dünyaya göstərmək imkanımız oldu.
- Azərbaycanda zəngin tarixi olan yəhudi icması da ölkəmizlə bağlı hər zaman məmnunluq ifadə edir...
- Bəli, mən bundan xəbərdaram. Yəhudilər artıq minilliklərdir ki, bu torpaqlarda sülh şəraitində yaşayırlar. Azərbaycanda antisemitizm yoxdur. Yəhudilər Bakıda, eləcə də Sumqayıt, Quba, Gəncə və Oğuzda yaşayırlar. İsraildə də Azərbaycan icması yaşayır və aktiv fəaliyyət göstərir.
- Mədəniyyət xalqlar, ölkələr arasında vacib rol oynayan faktorlardan biridir. Bu sahədə mövcud əlaqələrimizlə bağlı nə deyə bilərsiniz?
- Bu sahədə də əməkdaşlığımız ildən-ilə genişlənir. Qarşılıqlı olaraq mədəni tədbirlərdə iştirak edirik. Məsələn, Bakıda keçirilən caz festivallarında təmsil olunuruq. Qəbələ Beynəlxalq Musiqi Festivalında İsrailin simfonik orkestri, ayrı-ayrı sənətçilərimiz çıxış edib. Yerusəlim musiqi festivalında da Azərbaycan muğamı səslənir. Mədəni əlaqələrimizi genişləndirmək üçün davamlı şəkildə işləməliyik. Məsələn, Azərbaycandan İsrailə köçən yəhudilər Novruz bayramını qeyd edir. Bu yaxınlarda Azərbaycandakı tolerantlıq mövzusunda sərgi keçirdik.
Bunlar əlaqələrimizin inkişafında çox vacibdir. Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir. Biz bunu daha yaxşı bilirik. Bu bir dəyərdir və hər kəs bunu bəyənir. Ölkəmizdə keçirilən tədbirlərdə müxtəlif dini konfessiyaların, icmaların nümayəndələri bir arada olur. Belə bir vəziyyət yalnız Azərbaycandadır.
- Maraqlıdır, Azərbaycana gələnə qədər tariximiz, mədəniyyətimiz haqqında nələri bilirdiniz?
- Səfir təyinatına qədər Azərbaycana gəlməmişdim. Amma ölkəniz barədə məlumatım çox idi. İsraildə bir azərbaycanlı ilə tanış olmuşdum, o mənə Nizami Gəncəvi haqqında danışdı və ivrit dilinə tərcümə olunmuş “Xəmsə”ni göstərdi. Mən Bakıya gələndən dərhal sonra Gəncəyə getdim, Nizaminin məqbərəsini ziyarət etdim. Hesab edirəm ki, Nizami Qafqazın Şekspiridir. Bakıya qayıtdıqdan sonra qərara gəldim ki, İsrail ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı bir layihə həyata keçirək. Bir çox kitablarımız rus dilinə tərcümə olunub, Azərbaycan dilində isə yox idi. İsrail ədəbiyyatının ən məşhur beş müəllifinin kitabını Azərbaycan dilinə tərcümə etdik. Bu layihə ilə çox fəxr edirəm.
- Biz bir-birimizi necə tanıyırıq - yəhudilər azərbaycanlıları, azərbaycanlılar yəhudiləri?
- Ümumilikdə israillilər azərbaycanlıları daha çox tanıyır. Ona görə ki, İsraildə böyük Azərbaycan icması yaşayır. Düşünürəm ki, indi daha çox tanımalıdırlar. Çünki “Bakı-2015” Avropa Oyunları ilə bağlı İsraildə “Azərbaycan”, “Bakı” sözləri daha çox işləklik qazanıb. Bu, mühüm imkandır. Ona görə ki, İsrailə də xeyli sayda əcnəbi turist, jurnalist gəlir və onlar da televiziyada bunları görür. Lakin, fikrimcə, daha çox qarşılıqlı mübadilə, səfərlər olmalıdır. İsraildə sizin milli mətbəx nümunələriniz - ləvəngi, piti, plov hər kəsə yaxşı məlumdur.
- Gəncəyə getdiyinizi söylədiniz. Digər bölgələrimizə necə, səyahət etmək imkanınız olubmu?
- Azərbaycanın bir çox regionlarında olmuşam. Naxçıvan, Lerik, Lənkəran,
Şamaxı, Tovuz, Şəmkir, Göyçay,
İsmayıllı və
s. yerlərə baş
çəkmişəm. Səfirin işi həm də ofisdən çıxıb ətrafı
daha çox görmək, öyrənmək,
layihələr düşünməkdir.
Elə yerlər var ki, bir neçə
dəfə getmişəm.
Çox
gözəl ölkəniz
var. Regionlarda əhali
ilə söhbətdən
xüsusilə zövq
alıram. Naxçıvan çox gözəldir, oraya üç dəfə getmişəm.
Qubaya xüsusi münasibətim
var. Çünki orada
qədim yəhudi icmasının yaşadığı
Qırmızı qəsəbə
mövcuddur. Tez-tez icma
ilə görüşə
gedirəm. İsraillilərin
hər biri Azərbaycanda özlərini
öz ölkələrindəki
kimi hiss edirlər. Bölgələrdə turizm infrastrukturu
inkişaf edib, böyük potensial mövcuddur.
- Yeri gəlmişkən, ölkələrimiz arasında
turizm əlaqələrinin
potensialını necə
qiymətləndirirsiniz?
- Gözəl turizm əlaqələrimiz mövcuddur.
Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə layihəmiz var. Hər il
universitetin 25-30 tələbəsi
təcrübə üçün
İsrailə gedir, hoteldə çalışırlar.
Bu günə qədər 130-dək gənc
bu təcrübədə
olub. Deyərdim ki, onlar
hotel işlərini yaxşı
səviyyədə öyrənə
biliblər. Bu layihə də turizm əlaqələrimizin
inkişafına xidmət
edir. Ölkələrimiz arasında gediş-gəlişlərdə
də heç bir əngəl yoxdur. Artıq 20 ildir ki,
Tel-Əvivlə Bakı
arasında birbaşa təyyarə reysi fəaliyyət göstərir.
İsrail vətəndaşları həmçinin Azərbaycan
vasitəsilə Nyu-Yorka
səfər etmək imkanı qazanıblar.
Bütün bunlar isə
turizm sahəsində inkişafa yol açır.
- İsraildə turizmin
hansı növləri
daha çox inkişaf edib və gələn qonaqlar hansı yerlərə daha çox maraq göstərirlər?
- İsrailə gələnlər
daha çox dini yerləri ziyarət edirlər. Xristian və
müsəlmanlar müqəddəs
yerlərə gedirlər.
Ölkəmizin təbiəti, tarixi
yerləri də turistlər üçün
maraqlıdır. Bir çox
məkanlarımız UNESCO-nun dünya irsi siyahısına daxil olub. Yerusəlim,
Akko, Tel-Əvivdə “Ağ
şəhər” və
s. bu sıraya aiddir. Bu yerlər
turistləri çox cəlb edir. İsrailə biznes məqsədilə
səfər edənlər
də var.
- Cənab səfir, Bakıda sizi hansı tarixi və görməli yerlər özünə cəlb edir?
- Bakı ətrafında Atəşgah, Qobustan, Qala, Yanardağ, palçıq vulkanları
boş vaxtlarımda getdiyim yerlərdir. Şəhərdə isə muzeylərə
gedirəm. Heydər
Əliyev Mərkəzi,
Müasir İncəsənət
Muzeyi, yeni Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Rostropoviçlərin
ev-muzeyi, Qız qalası və Şirvanşahlar sarayı
məmnuniyyətlə
getdiyim yerlərdir. Şəhidlər xiyabanından Bakının
panoramı çox əsrarəngiz görünür.
Ümumiyyətlə, Bakı çox
gözəl şəhərdir.
- Üç ildir burada çalışırsınız.
Azərbaycan haqqında sizdə
hansı təəssürat
yaranıb və Bakını tərk edərkən xatirə olaraq özünüzlə
nə aparmağı düşünürsünüz?
- Burada xeyli azərbaycanlı
ilə tanış
oldum. Yerli toylarda iştirak
etdim. Əlbəttə, fərqli mədəniyyətlərimiz
olduğu üçün
toylarımız da fərqlidir. Təəssüratım isə bundan ibarət oldu ki, oxşar cəhətlərimiz çoxdur.
Məsələn, İsraildə də
insanlar istiqanlı, qonaqpərvərdir, ailə
dəyərləri əsasdır.
Çoxlu azərbaycanlı dostum var. Onlar məni tez-tez evlərinə dəvət
edirlər. Azərbaycan mətbəxini
çox bəyənirəm.
Ölkənizi və insanlarınızı
çox sevirəm.
Səfir
missiyam başa çatandan sonra Azərbaycanı birdəfəlik
tərk etmək niyyətində deyiləm.
Getsəm də, yenə
gələcəyəm. Özümlə isə qəlbimdə
xoş xatirələr
aparacağam.
Mehparə
Mədəniyyət.-2015.- 10 iyul.-
S.10.