Nəsiminin şeirləri Topqapı Saray Muzeyində

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Nigar Babaxanlı İstanbulda elmi ezamiyyətdə olub, Topqapı Saray Muzeyində saxlanan eksponatlar üzərində araşdırma aparıb. Muzeydəki eksponatlar içərisində “Fateh albomu”ndakı miniatür sənəti və xəttatlıq nümunələri sənətkarlıq baxımından yüksək dəyəri ilə seçilir.

İnstitutdan bildiriblər ki, bu əsərlərin müəllifləri arasında Türkiyə, İranOrta Asiya nümayəndələrinin adlarına rast gəlmək mümkündür. Bunlardan Sultan Əli Yəqubi, Əbdürrəhim Xarəzmi, Şeyx Mahmud Hərəvi, Ustaq Məhəmməd Siyahqələm və başqalarını göstərmək olar. Xəttatlar Şeyx Kəmaləddin İsfahani, Əbdürrəhman Cami və İmadəddin Nəsiminin şeirlərini yüksək sənətkarlıqla köçürüblər.

Naməlum xəttat Nəsiminin şeirlərini gözəl nəstəliq xətti ilə yazıb. Orta əsrlərdə tərtib edilmiş albomlarda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə indiyə qədər rast gəlinməyib. Bu səbəbdən də “Fateh albomu”ndakı tapıntı böyük maraq kəsb edir. Albomun səhifələrindən birinin sağ tərəfində öz aralarında söhbət edən iki dərvişin boyalı miniatür rəsmi çəkilib. Rəsmin altında Nəsiminin iki şeiri köçürülüb. Onlardan 7 beytdən ibarət birincisi tam, 3 beytdən ibarət ikincisi natamamdır. Görünür, səhifədə ikinci şeirə yer çatmadığından onu sonadək köçürmək mümkün olmayıb. Nəsiminin əsərlərinin Bakı nəşrləri ilə müqayisədə hər iki şeirdə bir sıra nüsxə fərqləri diqqəti cəlb edir.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.10.