Türkiyə səfiri Azərbaycan Tərcümə
Mərkəzində olub
“Müasir
Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyi türk dilində
nəşr ediləcək
İyulun 9-da Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Qurumun direktoru Afaq Məsud qonağı salamlayaraq, Türkiyə-Azərbaycan qardaşlığının qədim köklərindən, tarixin yaddaşında saxlanan ictimai-siyasi, milli mənəvi bağlantılardan, dil və düşüncə yaxınlığından söz açıb: "Sovet ideologiyasının ən sərt qadağaları dönəmində belə, "türkçülük", "Türkiyə" sözünün yasaq olunduğu ağır dövrlərdə də Azərbaycanda Türkiyəyə böyük bir sevgi, həsrət yaşanırdı. Yadımdadır, atam - Azərbaycanın tanınmış tənqidçi alimi Məsud Əlioğlu çətinliklə əldə etdiyi qədim türkülərin lent yazılarını gizli qəhərlə dinləyir, Yunis Əmrənin, Fazil Hüsnü Dağlarcanın, Nazim Hikmətin şeirlərini əzbərdən deyirdi. Bu gün gənc nəsil Türkiyə ilə Azərbaycan arasında olan o keçilməz səddən, böyük yasaqdan xəbərsizdir. İstəyirəm onlar da bilsinlər ki, indi bəlkə də sadə görünən ölkələrimiz arasındakı münasibətlərin çox çətin, mürəkkəb dövrləri olub. Dil və əqidə ortaqlığından qaynaqlanan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təməli, əslində, daha dərin bir bağlantı üzərində - hər iki xalqın genetik yaddaşına hopmuş müqəddəs türk sevgisi, türk doğmalığı üzərində qurulub".
Daha sonra direktor Tərcümə Mərkəzinin artıq bir neçə dilə tərcümə edilmiş ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı antologiyası"ndan danışıb. Bu gün Prezident İlham Əliyevin dilə, ədəbiyyata, tərcüməyə verdiyi dəyəri xüsusi vurğulayan Afaq Məsud bildirib ki, biz milli ədəbiyyatımızı layiq olduğu səviyyədə dünyaya çıxarmaq iqtidarındayıq. Artıq rus, Belarus və ərəb dilinə tərcümə olunmuş ikicildlik bu ilin payızında Moskvada və Minskdə, gələn il isə Qahirədə nəşr olunacaq.
Diqqətə çatdırılıb ki, hazırda kitab türk dilinə tərcümə olunur, gələn il Ankarada, İstanbulda nəşri və geniş təqdimat mərasiminin təşkili üzrə danışıqlar aparılır. İkicildliyin ingilis, ispan, fransız və alman dilinə tərcüməsi də nəzərdə tutulub.
Səfir İsmail Alper Coşkun öz növbəsində Türkiyədə yaşanan Azərbaycan sevgisindən, Azərbaycanın uğurunun da, kədərinin də türk xalqı tərəfindən həyəcanla qarşılandığından söz açıb.
Bildirib ki,
iki ölkə arasında əlaqələrin
dərinləşməsi istiqamətində Tərcümə
Mərkəzinin gördüyü işlər
təqdirəlayiqdir: “Biz görülən
bütün bu işlərin
- Türkiyə-Azərbaycan ədəbiyyatlarının
qarşılıqlı mübadiləsi körpüsünün
özülünü daha
əsaslı şəkildə qoymalıyıq. Bu, davamlı, üzünmüddətli bir işbirliyi
olmalıdır”.
Mədəniyyət.-2015.- 10 iyul.-
S.11.