Neçə ömür
yaşadacaq könüllər səni...
Gülağa Məmmədov - 90
Şirin
nəğmələr, ürəyəyatan ifalar insanları
öz dünyasına aparır, xatirələri çözələyir.
Gözəl ifaların bir əsas missiyası da var ki, dinlənilən
zaman insanın hirsinin, kininin qarşısında keçilməz
sədd yaradır, mənfi emosiyalarına su səpir. Musiqi mədəniyyətimizdə
özünəməxsus səsi, nəfəsi olan sənətkarlarımızdan
biri də görkəmli müğənni, Xalq artisti
Gülağa Məmmədovdur.
Ömür
vəfa etsəydi, bu il 90 yaşını qeyd edəcəkdi.
Özü də böyük tamaşaçı sevgisinin, rəğbətinin
müşayiəti ilə. Amma alın yazısı deyilən
bir inam var və bu, yalnız onu yazanın qüdrətinə
tabedir... 69 illik ömründə saysız-hesabsız
insanın qəlbində taxt qurmaq hər musiqiçiyə nəsib
olmur. Gülağa Məmmədov bunu çox möhtəşəm
şəkildə bacardı...
Sevilən
müğənni 1925-ci il iyunun 28-də Lənkəran şəhərində
dünyaya gəlib. Ailə vəziyyətlərinin çətin
olması səbəbindən Bakıya köçürlər.
Kiçik yaşlarından paytaxt mühitinə düşən
Gülağa musiqiyə böyük maraq göstərir.
Gözəl səs tembri ilə zümzümələr edər,
öz uşaq arzularının qanadlarında xəyallar
qurardı. Günlərin birində həmişəki kimi
qonşu uşaqları başına yığıb mahnı
oxuduğu zaman təsadüfən həmin küçədən
keçən dahi bəstəkarımız Üzeyir Hacıbəyli
onun səsini eşidir. Bu zaman Gülağanın 12
yaşı varmış...
Uğurlu sənət yolu
1938-ci
ildə Moskvada Azərbaycan mədəniyyəti
ongünlüyü keçiriləcəkdi. Üzeyir bəy
bu tədbirdə “Koroğlunun ariyası”nı ifa etmək
üçün istedadlı uşaq axtarırmış.
Gülağanın səsinə valeh olan bəstəkar həyətə
keçir və balaca istedadla tanış olur. Onu Opera
Teatrında keçiriləcək müsabiqəyə dəvət
edir. Gülağa Üzeyir Hacıbəyli, Bülbül kimi sənətkarların
qarşısında çıxış edir və ifası bəyənilir.
Beləliklə o, Moskvada keçirilən Azərbaycan mədəniyyəti
ongünlüyünün iştirakçısı olur.
Böyük
Teatrın səhnəsində maestro Niyazinin müşayiəti
ilə “Koroğlu” operasından ifa etdiyi “Səni
gördüm, aşiq oldum” ariyası böyük
alqışlarla qarşılanır. Moskvadan gümüş
medal və fəxri fərmanla qayıdır. Hətta bu
uğurlarına görə ona ikiotaqlı ev və aylıq təqaüd
də ayrılır. Bir neçə ildən sonra isə 15
yaşlı Gülağa Səid Rüstəmovun ansamblına
qəbul edilir. Konservatoriyaya daxil olan gənc ifaçı
burada görkəmli sənətkar Bülbüldən dərs
alır. Böyük Vətən müharibəsi illərində
Şövkət Ələkbərova ilə hərbi hissələrdə
əsgərlərin qarşısında konsert proqramları ilə
çıxışlar edir.
Gülağa
Məmmədov 20 yaşından Musiqili Komediya Teatrında
çalışmağa başlayır. Burada “Arşın mal
alan”, “Beşmanatlıq gəlin” və digər tamaşalarda
baş rolları ustalıqla ifa edir. Lakin bir neçə ildən
sonra teatrdan ayrılır. Ən çox ifa etdiyi mahnılar
isə Səid Rüstəmova məxsus olur. Çünki bəstəkar
mahnılarının əksəriyyətini məhz onun
üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir
Cahangirovun da əsərlərini ilk səsləndirənlərdən
biri Gülağa Məmmədov olub.
Bütün
yaradıcılığı boyu müğənni 600-dən
artıq xalq və bəstəkar mahnısı oxuyub. 15-dən
çox bədii filmdə, teatr tamaşalarında
mahnıları səsləndirib. Xalq çalğı alətləri
ansamblları, simfonik orkestrlər və “Dan ulduzu” instrumental
ansamblı ilə çıxışlar edib. Bir müddət
Azərbaycan Dövlət Filarmoniyasının, 1952-ci ildən
ömrünün sonuna qədər Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin xalq
çalğı alətləri ansamblının solisti olub.
Eyni zamanda bir çox xarici ölkələrdə qastrol səfərlərində
musiqimizi sevə-sevə təbliğ edib.
Dəli Kürü ovsunlayan
“Ana Kür”
Sənətkarın ifasında “Oxu gözəl”, “Həkim qız”, “Şeir deyilmi” mahnıları (musiqi - Səid Rüstəmov) böyük populyarlıq qazanmışdı. Amma onun
ifasında bu gün sevilən, daim Gülağa Məmmədovu xatırladan
bir əsər - Cahangir Cahangirovun “Dəli Kür” filmi üçün bəstələdiyi “Ana Kür”
mahnısı da var.
Xalq artisti Nəriman Əzimov xatirələrinin
birində deyir: “Orkestrdə uğurlarımızın
əsas səbəbkarı
Gülağa olub. Onu həmişə alqışlarla
qarşılayardılar. Çoxlu dostu vardı. Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqaları. Bəstəkarlar onunla işləməkdən
həzz alardılar.
Yaxşı xatırlayıram, şair Rəfiq Zəkanın sözlərinə
yazdığı "Ana Kür"
mahnısı lentə
alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəldi. Onun bu sözləri indiyə qədər yaddaşımda qalıb:
"Ay Gülağa, sən
avazınla, şirin səsinlə məcrasına
sığmayan Kür
çayını ovsuna
saldın".
Dəqiq ifası və səlis oxu tərzi olan sənətkar 1942-ci ildən
radioda Bədii Şurasının üzvü
olub. Azərbaycan musiqisinə
yad olan bəstələrə öz
fikrini qəti şəkildə bildirərmiş...
Sənətkarın sevgi hekayəti
Böyük Vətən müharibəsindən
sonra Gülağa Məmmədov həyətlərində
yaşayan Rəssamlıq
Məktəbinin tələbəsi
Aliyə adlı qızla ailə qurmaq istəyir. Qızın valideynləri
isə bu evliliyin əleyhinə olurlar. Amma uşaqlıqdan çox
zirək, həm də inadkar olan Gülağa istəyindən dönmür.
Gizlicə Aliyənin pasportunu
əldə edərək
nikahlarını rəsmiləşdirir.
Onlar birlikdə xoşbəxt günlər yaşayırlar.
Uzun illər övlad həsrəti çəkən
cütlük on ildən
sonra - 1956-cı ildə
arzularına qovuşurlar.
Yeganə övladları Gülarə
dünyaya gəlir.
Gülarə xanımın atası
ilə bağlı xatirələrindən: "Atam
sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük,
ən qəribə, gözlənilməz hədiyyəsi,
söz yox ki, pasportuna vurdurduğu evlənmələri
barədə möhür
olmuşdu. Sonralar da
anama həmişə
sürprizlər edib.
Onlar birlikdə, demək olar, dünyanın az
qala yarısını
gəziblər. Anam deyərdi
ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar”.
Gülarə xanım deyir ki, atasını xatırlayanda tez-tez uşaqlıq illəri yadıma düşür:
“Məni özü ilə iş yerinə aparırdı. Artıq orada hamı məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən
kimi kamançada adımı səsləndirərdi.
Bu elə xoşuma
gəlirdi ki. Atam iş yerində
məni dahi sənətkarlarla tanış edərdi.
Onların çoxunu evimizdə
də dönə-dönə
görmüşəm. Bizə atamın sənət yoldaşları - müğənnilər,
musiqiçilər, bəstəkarlar
tez-tez gələrdilər.
Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın
idi. İki gündən bir
atamın başına
bu qədər adamın toplaşmasından
narazılıq eləməzdi.
Əslində, biz buna alışmışdıq.
Elə bilirdik, belə də olmalıdır.
Onun həyatda iki amalı vardı: ailəsini, balalarını xoşbəxt
görmək, bir də Tanrının
qismət etdiyi səsinin qədrini bilmək. Tez-tez qastrol səfərlərinə
gedərdi. Evimizə qayıdanda
elə bil dünyanın naz-nemətlərini
ona verərdilər.
Sevinərdi, fərəhlənərdi.
Səhər tezdən evdən
çıxardı, çəkilişlərdə,
səsyazma studiyasında,
məşq zalında
çalışardı. Gecəyarı gəlsə də,
gileylənməzdi. Çünki sənətindən həzz
alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli
mükafatlar almışdı...”
Yaqub Zurufçu: “Məni
Azərbaycana Gülağa
Məmmədov tanıdıb”
Həsrət, nisgil soraqlı
müğənni Yaqub
Zurufçunun da mərhum sənətkarla bağlı xatirələri
var. Gülağa Məmmədovu
minnətdarlıqla yada
salır: “1988-ci ilin sonlarında Almaniyanın
Köln şəhərində Quzey azərbaycanlı bir nəfər mənə zəng vurub dedi ki,
Gülağa müəllim
bizim qonağımızdır.
“Ayrılıq” klipinizə baxıb
və sizinlə danışmaq istəyir.
O, ifamı çox bəyənmişdi. Telefon əlaqəsi
saxladıq. Mən Gülağa
müəllimlə danışanda
çox həyəcan
hissi keçirdim və təsəvvür etmirdim ki, nə
vaxtsa onunla görüşə bilərəm.
Elə həmin gün qatara minib Kölnə
yollandım. Dəmiryolu vağzalına
dostlarla özü də məni qarşılamağa gəlmişdi.
İki gün birlikdə olduq. Orda Gülağa müəllim
söz verdi
ki, “Ayrılıq” klipini Azərbaycan Dövlət Televiziyasında
yayımlayacaq. Sonra onlar
Azərbaycana qayıtdılar.
1989-cu ilin yayında
mənə bir dəvətnamə gəldi.
“Vətən” cəmiyyətinin sədri
Elçin Əfəndiyev
və Gülağa Məmmədov məni Azərbaycanda konsertə dəvət edirdilər.
Sentyabr ayında sözügedən
konsert baş tutdu. 14 gün
indiki Heydər Əliyev Sarayında silsilə konsertlər verdim. Bununla yanaşı, Azərbaycan
xalqı ilə çiyin-çiyinə istiqlal
uğrunda mübarizəyə
qoşuldum. Bu gün çox xoşbəxtəm ki, mənim də o hərəkatda payım, izim var.
Allah Gülağa müəllimə
rəhmət eləsin. Çox şən
insan idi. Ən önəmlisi isə mənim sənətimə
ən böyük dəstək verənlərdən
biri olub. Həmçinin bütün
musiqiçi dostlarımızın
uğuruna sevinən adam idi.
Konsertlərimizi Gülağa müəllim
və Şövkət
Ələkbərova ilə
birlikdə verirdik”.
Vida
7 iyun 1994-cü il. Həmin gün 69 yaşlı sənətkar məşqə və səs yazısına getməli idi. Səhər saatlarında özünü yaxşı hiss etməsə də, ailəsinin təkidlərinə qulaq asmır və işə gedir. Elə həyətdəcə ürəyindən sancılar onu yaxalayır və infarkt bir sənətkar ömrünü yarımçıq qoyur... Haradasa çox uzaqlarda bir musiqi səslənir: Ana Kür... Yaşa Kür... Hələ neçə ömür yaşadacaq könüllər səni...
Lalə Azəri
Mədəniyyət.-2015.- 10 iyul.-
S.13.