Lacivərd sahildə Azərbaycan günləri
Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə Kann şəhərində mədəniyyətimizin
növbəti təqdimatı keçirilir
İyulun 14-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlər iyulun 31-dək davam edəcək.
Fransanın şərqində lacivərd sahil boyunca bənzərsiz koloriti ilə turistləri cəlb edən şəhər üçüncü dəfə zəngin mədəniyyətimizin rəngarəng nümayişinə ev sahibliyi edir. Tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Tədbirlərə iyulun 14-dən Kannda başlayan ənənəvi Pirotexnika Sənəti Festivalında (Festival d'Art Pyrotechnique) iştirakla start verilib. Qeyd edək ki, Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayıb.
“Bakı Atəşfəşanlıq Qrupu”nun şou proqramında Azərbaycanın zəngin musiqi palitrasından Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası, Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi, Tofiq Quliyevin “Qaytağı” əsəri, Müslüm Maqomayevin “Azərbaycan”, həmçinin “Azərbaycan maralı”, “Sarı gəlin” xalq mahnıları, muğam ustası Alim Qasımovun ifası yer alıb.
Gecədə məşhur qarmon ifaçısı Ənvər Sadıqov və ansamblının konserti də olub.
İyulun 15-də Kann şəhərindəki Festivallar Sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgi açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim olunacaq. Sərgi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq.
İyulun 15-də daha sonra Festivallar Sarayında Azərbaycan musiqisi gecəsi keçiriləcək. Konsert proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq.
Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif bannerlər quraşdırılıb.
Xatırladaq ki,
Fransa və onun
regionlarında bir sıra tədbirlər
həyata keçirən Heydər Əliyev Fondu
dünyanın ən seçilən festivallarının təşkilatçısı
olan, yüz minlərlə
turistin ziyarət etdiyi
Kann şəhərində 2013-cü ildən
Azərbaycan mədəniyyəti günləri təşkil
edir.
Mədəniyyət.-2015.- 15 iyul.-
S.2.