Ölkəyə daha çox turist cəlb etmək üçün bütün məsələlər həllini tapmalıdır

 

Prezident İlham Əliyev elektron viza prosedurunun tezləşdirilməsi, aviabiletlərin və

hotellərin qiymətlərinin aşağı salınması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib

 

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib.

Müşavirədə giriş nitqi söyləyən dövlət başçısı ilin ilk yarısının nəticələrinin çox müsbət olduğunu, ölkənin dinamik inkişafının davam etdiyini vurğulayıb. Qeyd olunub ki, ilin 6 ayında iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. İlin birinci yarısında ümumi sərmayə qoyuluşu 12,7 milyard manat olub.

Bu gün dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə qanlı toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu diqqətə çatdıran Prezident bütün bunların bizi düşünməyə vadar etdiyini deyib. Dövlət başçısı Azərbaycanın beynəlxalq və ikitərəfli əməkdaşlıqda hər zaman milli maraqlarımızın əsas götürüldüyünü vurğulayıb. Son vaxtlar bəzi dairələrdə Azərbaycan əleyhinə aparılan kampaniya barədə fikirlərini bölüşən Prezident bu kampaniyanın ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində daha da alovlandığının təsadüfi olmadığını deyib: Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniyabu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.

* * *

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin 6 ayının yekunları ilə bağlı məruzələrlə çıxış ediblər.

* * *

Yekun nitqində Prezident İlham Əliyev ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirib. Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını deyib. Ölkədə meliorasiya tədbirlərinin davam etdirildiyini, sənayeləşmə prosesinin uğurla getdiyini deyən dövlətimizin başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətədavamlı məhsulların istehsal olunması və yeni yerlərinin yaradılması ilə bağlı göstərişlərini verib.

Prezident qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb, yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını, ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını diqqətə çatdırıb.

Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının sürətləndiyini bildirən Prezident turistlərə vizaların verilməsinin tezləşdirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə tapşırıqlar verib: “Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər. Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompüterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir”.

Dövlət başçısı bildirib ki, müasir dünyada insanlar sürətlə hərəkət edirlər: “Gəlmək istəyən turist iki gün, üç gün ərzində hotel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək”.

Prezident həmçinin aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib: “AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır.

Mənə bir siqnal da gəlir ki, bizdə hotellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. Bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdironlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu hotellər azdır, ikiulduzlu hotellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, hotellərin qiymətləri və üçulduzlu, ikiulduzlu hotellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versineyni zamanda, sahibkarlar da bunu eşitsinlər”.

Nitqinin sonunda Avropa Oyunlarından söz açan dövlət başçısı bu tədbirin Olimpiya Oyunları səviyyəsində keçirilməsinin ölkəmizin gücünü və potensialını göstərdiyini vurğulayıb: “İdmançılarımız bizi sevindiribkomanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin təntənəsidir. Biz ölkəmizlə, xalqımızla fəxr edirikuğurla irəliyə gedirik”.

 

Mədəniyyət.-2015.- 15 iyul.- S.3.