“O” italyan dilində
Şair-publisist Rəşad Məcidin şeirlər
kitabının Milanda təqdimatı keçirilib
Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) şeirlər kitabının və italyan dilində şeirlərinə bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, Xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, gənc yazıçılar Günel Anarqızı, Pərvin, İtaliyanın ədəbi və mədəni dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Milan şəhər bələdiyyəsi milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır.
Vurğulanıb ki, Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo-2015” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonu vasitəsilə bu ölkəni daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yaranıb.
Ölkəmizin dostu, italyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri çıxış edərək kitabın mədəni əlaqələrimizə mühüm töhfə verəcəyindən danışıb. Bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcid kimi istedadlı bir ədibin yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.
Sonra muğam üçlüyünün (Sevinc Sarıyeva, Fikrət Verdiyev, Elşən Mansurov) ifasında muğam səslənib. Tədbir boyu Azərbaycan və İtaliya musiqilərinin sintez şəkildə müşayiəti ilə Rəşad Məcidin həm Azərbaycan, həm də italyanca səslənən şeirləri tamaşaçılarda böyük maraq oyadıb. Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilər də improvizə olunmuş rəqs və balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.
Yeni nəşr ölkələrimizin
ədəbi əlaqələrinə müsbət təsir
göstərəcək
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm və etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.
Bildirilib ki, Rəşad Məcid ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü, orijinallığı ilə tanınan Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığı Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan və izlər salan, jurnalistika və publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə də öz möhürünü vurub. O deyib: “Fikrimcə bu görüş və təqdimatına yığışdığımız kitab İtaliya Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın və ədəbi-mədəni əlaqələrimiz genişlənsin”.
Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə Azərbaycan Yazıçılar Birliyi tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən italyan dilinə çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. “Treditre” nəşriyyat evində çapdan çıxan kitab D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqqında essesi verilib.
Milan Konservatoriyasında Azərbaycan
muğamı səslənib
Cüzeppe Verdi adına Milan Konservatoriyasında İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) ilə birgə təşkil olunmuş “Poeziya dünyası və Azərbaycanın muğam mədəniyyəti” mövzusunda konsert proqramı da təşkil olunub.
Tədbiri açan Milan Konservatoriyasının professoru Davide Qualtieri açaraq İtaliyada Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına marağın getdikcə artdığını bildirib. Vurğulayıb ki, xüsusilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın milli musiqi janrlarından biri olan muğam çox böyük mədəniyyətdir. O deyib: “Biz tarixi köklərimizə aid özəlliklərin çoxunu unutmuşuq, lakin Azərbaycan bu dəyərləri qoruyub saxlayıb. Bu, böyük nailiyyətdir”.
Azərbaycan ədiblərinin əsərlərinin İtaliyada daha geniş kütləyə çatdırılmasının əhəmiyyətini vurğulayan Davide Qualtieri qeyd edib ki, biz şeir, rəqs, musiqi kimi anlayışları vəhdətdə təqdim etməklə Azərbaycan incəsənətini və ədəbiyyatını İtaliyada daha dərindən hiss etdirməyə çalışırıq. O deyib: “Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında hiss etdiyimiz əsas element milli adət-ənənələrin ön planda olmasıdır. Məhz, bu ənənələrin kökündən gələn əsərlər Azərbaycan ədəbiyyatını özünəməxsus edir. Azərbaycanlı şairlər bu ənənələrin təbliğatçıları olmaqdan qürur duyurlar. Ədəbiyyatınızı, incəsənətinizi yanan bir alova bənzədirəm. Azərbaycan şairləri isə bu alovun qığılcımlarıdır”.
Sonra Fikrət Verdiyev, Elşən Mansurov
və Sevinc Sarıyevanın ifalarında
muğamımız səsləndirilib. Azərbaycan milli geyimində olan italyan rəqs ustaları və musiqiçilərin
çıxışları
iştirakçılarının zövqünü
oxşayıblar. Azərbaycan və italyan
musiqiləri səslənərkən səhnədə
italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyib.
Davide Qualtieri öz bəstələrinin fonunda
Rəşad Məcidin şeirlərini italyanca
oxuyub.
Mədəniyyət.-2015.- 15 iyul.-
S.6.