“Milan Expo”dakı
“Azərbaycan günü”ndə
möhtəşəm konsert
Xəbər verdiyimiz kimi, iyulun 9-da “Milan Expo-2015” ümumdünya
sərgisindəki Azərbaycan
pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün”
çərçivəsində pavilyonumuzun rəsmi təqdimat mərasimi keçirilib.
Mərasimə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, İtaliya hökumətinin nümayəndələri,
bu ölkədəki diplomatik korpusun təmsilçiləri və
digər qonaqlar qatılıblar.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət
ustaları möhtəşəm
konsert proqramı ilə çıxış
edib.
Azərbaycan mədəniyyətinin yerli sakinlərə və pavilyona digər ölkələrdən
gələn qonaqlara tanıdılması proqramı
“Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına
Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi
ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar
artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev
çıxış ediblər.
Sonra konsert Azərbaycan milli pavilyonu qarşısında
“Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin
Xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub.
Azərbaycan musiqisi və
rəqsləri pavilyona
gələn yüzlərlə
ziyarətçi tərəfindən
böyük maraqla qarşılanıb. Meydana toplaşanlar
da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər milli pəhləvanlarımız
- Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını
da izləyiblər.
Yüzlərlə izləyici incəsənət
ustalarımızın ifalarını
“Azərbaycan” deyərək
alqışlayıblar.
Azərbaycan pavilyonunda, həmçinin
milli mətbəximizin
və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu
Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilmiş muğam sənətindən
nümunələr səsləndiriblər.
Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.
Pavilyondakı “IDEA-Biomüxtəliflik parkı”nda quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bugünlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib.
Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo-2015”də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan pavilyonu “Milan Expo-2015” sərgisi çərçivəsində mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur.
Sərgini ziyarət edən milyonlarla insana Azərbaycanın qədimliyi və müasirliyi, tarixi və bu gününə dair təqdimatlar olur. Azərbaycan pavilyonu “Milan Expo-2015” sərgisinin ən ilkin hazırlanmış və ən çox ziyarətçi qəbul edən pavilyonlarından biridir.
Azərbaycan pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə yaradılmış Azərbaycan pavilyonu
buraya gələn hər bir
ziyarətçiyə ölkəmiz haqqında xoş təəssüratlar bəxş edir.
Mədəniyyət.-2015.- 15 iyul.-
S.8.