"Bilinməyən
tarix, Nargin adası əsarəti"
TRT ortaq tariximizin bir dramını günümüzə
gətirir
TRT kanalı "Bilinməyən
tarix, Nargin adası əsarəti"
adlı sənədli
filmin çəkilişlərinə
başlayıb. Çəkilişlər
Bakıda, Nargin adasında və Gəncədə aparılır.
Ekran əsəri
I Dünya müharibəsində
çar Rusiyası ordusu tərəfindən əsir götürülərək
Nargin adasında saxlanılan Osmanlı əsgərlərindən və
onlara kömək əlini uzadan azərbaycanlılardan bəhs
edir.
Layihə
ilə bağlı ətraflı məlumat almaq üçün TRT-nin Bakı təmsilçiliyinin
rəhbəri Yıldıray
Arslan, professor, araşdırmaçı-yazar
Bingür Sönmez, prodüser İsmayıl Raqif Keçmənlə həmsöhbət olduq.
Ekran əsərinin mövzusuna
toxunan Y.Arslan I Dünya müharibəsində
əsir türk əsgərlərinin Nargin
adasında saxlanılmasının
ortaq tariximizin geniş ictimaiyyətə
ən az
məlum olan səhifələrindən biri
olduğunu deyir. Onun sözlərinə görə, bu tarix eyni zamanda
dostluq və qardaşlığın ən
çətin durumlarda
necə üzə çıxdığını isbatlayır: “Nargin adası həm də əsarətdən dustaqlığa qaçışdır.
Bu adadan Sibirə
qədər uzanan türk əsirlərin hekayəsi, Azərbaycanın
müstəqilliyinin hekayəsi
hər kəsə bəllidir. TRT ortaq tariximizin bir nöqtəsini, bir dramını təkrar günümüzə
gətirdi. Bu çəkilişlərə verdiyi
dəstəyə görə
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına,
Müdafiə Nazirliyinə,
Xarici İşlər
Nazirliyinə minnətdarlığımızı
bildiririk. Artıq dekabr
ayında sənədli
film nümayiş etdiriləcək.
Əsas məsələ bizim ortaq tariximizdir. Bu tarixi yazan
da bizik, bunu ən gözəl
şəkildə təqdim
etmək də bizim vəzifəmizdir”.
Professor, araşdırmaçı-yazar Bingür
Sönmezin babaları
Sarıqamış döyüşünün
qurbanlarındandır: “İllərcə
bizim ölkəmizdə
də Sarıqamış
unutdurulmuşdu. Amma biz uzun
illərdən sonra bu tarixi gündəmə
gətirdik. Oradakı döyüşlər
bitdikdən sonra ikinci pərdə açılır ki, bunlar da əsirlərdir.
Əsir götürülən türk
əsgərlərin bir
qismi Gəncəyə,
Tiflisə, Bakıya, digər qismi Sibirə göndərilir.
Bakıya göndərilənlər Nargin adasına aparıldı. Məqsəd də müsəlman xalqların onlara yardım etmələrinin
qarşısını almaq
idi. Amma burada azərbaycanlıların
qəhrəmanlığını görürük. Rus işğalı
altında olmalarına
rəğmən özlərini
təhlükəyə ataraq
Nargindəki əsirlərə
yardımlar edirlər.
Adadakı vəhşəti
Nəriman Nərimanov
qəzetlərdə açıq
şəkildə yazır:
“Bu ada bir Kərbəladır, burada
insanlar su, yemək, çörək
istəyir”, - deyə
o qeyd edirdi. Bakı milyonçuları, xeyriyyə
cəmiyyətləri onlara
kömək edirdi”.
Prodüser İsmayıl Raqib
Keçmən də Narginlə bağlı dramın Türkiyədə
bəlli olmadığını
bildirir: “Türkiyədə
də bilinməlidir ki, 1914-1918-ci illərdə
Nargin adasında 10-15
min türk əsiri olub. Əsirlərin bir çoxuna
Azərbaycan türkləri
tərəfindən çox
çətinliklə yardım
edilib, əsirlikdən
qaçırılaraq İran
yolu ilə Türkiyəyə keçirilib.
Adada həlak olan şəhidlərin çoxu
orada torpağa gömülüb. Təsəvvür edin, torpağı bir qədər eşələdikdə sümüklər
çıxır. Bizim məqsədimiz
bu tarixi filmlə nümayiş etdirməkdir. Ona görə
də filmin adını "Bilinməyən
tarix, Nargin adası əsarəti” qoyduq. Öyrəndik ki, Nargin adası çox da gediş-gəlişi olmayan yerdir. Bununla bağlı dövlət də bizə dəstəyini əsirgəmədi.
Ona görə də özümü çox xoşbəxt hesab edirəm. Çünki ortaya çıxacaq
işin keyfiyyətli olacağına əminəm”.
Filmin yaradıcı
heyəti bu layihənin mediada geniş işıqlandırılması
ilə bağlı istəklərini dilə gətirdilər.
Mehparə
Mədəniyyət.-2015.- 15 iyul.-
S.11.