“Balaban müqəddəs
addır”
“Bu
söz orta əsrlərdə
soydaşlarımızın musiqi təfəkküründə
“ulu səs” anlamında meydana
gəlib”
Müsahibimiz Türkiyənin Batman şəhərində yaşayan soydaşımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Seyran Qafarzadədir.
- Seyran müəllim, nə vaxtdan Türkiyədə çalışırsınız?
- Türkiyəyə 1999-cu ilin
sentyabrında getmişəm.
2000-ci ildə Afyonkarahisar şəhərində
yeni açılan konservatoriyadan mənə müəllimlik təklifi
gəldi. 2010-cu ilədək Afyon Kocatəpə Universitetinin
konservatoriyasında çalışdım.
2010-2013-cü illərdə
Bakı Musiqi Akademiyasında musiqi tarixi kafedrasının baş müəllimi olmuşam. 2013-cü ilin fevralından Türkiyənin Batman şəhərində
yeni açılan universitetdə müxtəlif
musiqi fənlərindən
dərs deyirəm.
- Bildiyimizə görə, Türkiyədə çoxlu
azərbaycanlı musiqiçilər
işləyirlər...
- Türkiyənin şəhərlərində
musiqiçilərimiz var,
lakin onların çoxu ifaçılardır.
İstanbul, Ankara, İzmir, Əskişəhər,
Konya, Qars şəhərlərində
musiqişünas müəllim
və alimlərimiz bu ölkənin tədris sisteminə öz töhfələrini
verirlər.
- Araşdırmalarınızda ney alətinin Azərbaycan-türk
kökənli olduğunu
əsaslandırırsınız.
- “Azərbaycan Sovet Ensiklopediyası”nda ney ərəb və fars musiqi
aləti kimi göstərilir. Mən isə neyin
türk kökənli
alət olduğunu sübut edirəm. Bunun izlərini şumerlərdə
axtarıram. “Ney” sözü “nay”dan törəyib. Türk xalqlarında
“nay/naay” sözü nəfəsli alətləri
tanıdan bir sözdür. Məsələn:
zurna/zurnay, surnay, karnay/karanay, marnay və s.
“Nay” anlayışı beynəlxalq təsnifat sistemində fleyta tipli alətlərə aid
edilir. Bu tipli alətlərdə səs
fit vasitəsilə yaranır.
Bir çox nəfəsli alətlər var ki, onların səsləri titrəşən
qamışla çıxır
(zurna, qaboy).
- Tarixən dilimizə yabançı sözlər gəldiyi kimi, musiqimizə də müxtəlif alətlər gəlib. Onlardan zövqümüzü dəyişənlər də var, zövqümüzə uyğunlaşanlar da...
- Musiqi aləti əslində toplumun intonasiya səciyyəsini, düşüncəsini ifadə edən bir modeldir. Məsələn, elektron piano Qərb mədəniyyətinin, texnologiyasının ərsəyə gətirdiyi bir alətidir. Musiqişünaslıq elmində sübuta yetirilən bir fakt var: hər bir toplumun özünəməxsus tembr anlayışı mövcuddur. Məsələn, zurna çalınan zaman azərbaycanlıların qanı qaynayır. Katolik və protestant avropalı insan isə orqan musiqisindən ilahi bir zövq alır. Çində insanları ruhi hüzura sövq edən vurmalı alət tipləri sevilir.
Bəs necə oldu ki, məsələn, klarnet bizim alətimizə çevrildi? Çünki klarnetin səs tembri əslində zurna-balaban səsini təcəssüm etdirir. Yəni klarnet zurna-balabanı yamsılayır. Bu mənada qıraqdan gələn musiqi alətləri milli özünəməxsusluğa uyğunlaşdırılır.
- Çox zaman bəzi musiqi alətlərimizin adı və özü mübahisə mövzusuna çevrilir...
- Alətlərin adlanmasında iki mərhələ var: birinci mərhələdə alət çıxardığı səsə uyğun adlandırılır. Məsələn, dum+bul, düm+bələk. Bu adlarda müəyyən mənada zərbə, vuruş səsi əks olunub. Yaxud düdük, dudka, truba - burada səs uzanması var. Eləcə də tar, lira, skripka - burada isə sürtmə, titrəşmə var.
Elə alətlər var ki, onların adlanması bəşəridir. Məsələn, “düdük” sözü bizdə “tütək”, ruslarda “dudka”, çinlilərdə “di” olaraq deyilir. “Balaban” adının meydana gəlməsi mədəniyyətlə və milli şüurumuzun inkişafı ilə bağlıdır. Balaban Azərbaycan türklərində müqəddəs bir anlam daşıyır və qədim tanrıçılıq görüşlərini əks etdirir. Əski çağlarda balaban “düdük” adlandırılıb. “Balaban” adının yaranması islamdan sonrakı hadisədir. Fikrimcə, Quzey Azərbaycanda “balaban” adı düdüyə verilmiş ikinci, müqəddəs bir addır. Türkiyənin şərqində, Gürcüstanda, İranda və Quzey Azərbaycanda eyni tipli bir alətin müxtəlif adlanma biçimləri bu fikri müəyyən mənada doğrulayır.
“Balaban” sözü
səs yamsılanması deyil. Sözü yanlış olaraq
“bala - kiçik səs”
kimi izah edirlər. Əslində o, “böyük
səs”dir. “Bala” fars dilində
“böyük” deməkdir.
Balaban orta əsrlərdə soydaşlarımızın musiqi
təfəkküründə “ulu səs” anlamında
meydana gəlib.
- Bədnam qonşularımız
“düdük” sözünün
və alətinin (bizim balabanın) onlara məxsus olduğunu söyləyirlər...
- “Düdük” səsin
əks-sədası ilə
ərsəyə gələn
bir sözdür, səs yamsılanmasıdır.
Düşünürəm ki, islamiyyətin sonrakı dövrlərində
türklərin düşüncəsində
“düdük” sözü
ikinci plana keçir. Bunun səbəbi türkdilli
xalqların təfəkkür
dəyişməsi və
musiqi şüurunun inkişafı ilə bağlıdır. Artıq bu
mərhələdə nəfəsli
alətlər yox, mizrablı və kamanlı alətlər dəbə minir. Tar, türk tamburu,
ud, kamança ilə məclis musiqisi inkişaf edir. Bu prosesdə
bizim nəfəsli alətlərimiz qonşu xalqlar tərəfindən
solo və ansambl çalğı alətləri
kimi mənimsənilir.
“Düdük” sözünün
yabançı nəfəsli
alətlərə deyilməsini
sübuta yetirən bir başqa faktı məşhur türk səyyahı Övliya Çələbi
(1611-1682) “Səyahətnamə” əsərində göstərir. O, nəfəsli
alətlərimizi zurna,
ney, qaval,
balaban, qarnay olaraq vurğulayır. Özgə alətləri isə ərəbi düdük, macar düdüyü, mız-mız düdüyü,
qaba düdük kimi qeyd edir.
- Niyə yalnız Azərbaycanda dəfə qaval deyilir?
- Türkiyədə qaval/kaval nəfəsli, Azərbaycan da isə zərb alətidir. Türkiyədə neyin, daha doğrusu, düdüyün
inkişaf etmiş örnəyinə həm
“ney”, həm də “qaval/kaval” deyirlər. Ney ifaçısı peşəkar musiqiçiləri,
qaval/kaval isə peşəkar olmayan, xalq musiqiçilərini
təmsil edir. Neyin sabitləşən 6 (üst)
+1 (alt) dəlik - pərdəsi
var, qavalın isə dəyişən
6-8 dəliyi olur.
Deyirlər ki, “qaval” sözü “qav”dan törəyib, “içi boş” anlamını bildirir. Daha inandırıcı fikir budur ki, “qaval”
sözü ərəbcə
“qavvaş” sözündən
törəyib “istiqamət”,
“yön verən” deməkdir. Bu baxımdan
Türkiyədəki kaval
çobanın qoyun sürüsünə yön
verən kommunikativ vasitə kimi izah olunur. Azərbaycanda isə qaval
xanəndənin əlində
şaman izlərini daşıyan, muğam - məclis musiqisində ümumi nəbzi qoruyan, istiqamət verən zərb çalğı alətidir.
Qobustanda
məşhur Qavaldaş
adının meydana gəlməsi də onun qədim mərasimlərdəki “yönləndirici”liyi
ilə bağlıdır.
“Qaval” sözünün
çoxanlamlı xüsusiyyəti
geniş arealda müşahidə edilir.
Vaxtilə Osmanlı asılılığında
olan xalqlarda qaval nəfəsli musiqi aləti mənasında işlədilir.
S.Soltanlı
Mədəniyyət.-2015.- 15 iyul.-
S.12.