İlk konsert və
üç medalın
sevinci
Xəbər verdiyimiz kimi, iyun ayında TÜRKSOY-un təşəbbüsü ilə
Ankarada türkdilli ölkələrin təmsilçilərindən
ibarət Gənclər
Xoru yaradılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və
Tatarıstan təmsilçilərinin
də yer aldığı kollektiv qatıldığı ilk beynəlxalq
tədbirdə - 2-ci Avropa
Xor Oyunlarında 3 qızıl medal qazanıb.
İyulun 5-dən 12-dək
Almaniyanın Maqdeburq şəhərində keçirilən
sənət yarışmasında
dünyanın müxtəlif
ölkələrindən xor
kollektivləri iştirak
ediblər. Müsabiqəyə
Türkiyə adına qatılan
TÜRKSOY Gənclər Xorunun
səsləndirdiyi folklor
melodiyaları dinləyicilərin
xüsusi rəğbətini
qazanıb.
Mükafatlandırma mərasimində çıxış
edən Saksoniya-Anhalt əyalətinin təhsil və mədəniyyət
naziri Stefan Dorgerloh tanınmış alman şairi Johann Gottfried Seumenin
“Qəlblərdəki fəzilət
musiqi ilə boy atır, Nəşə var nəğmə söylənilən hər
yerdə” misralarını
sitat gətirərək
müsabiqə iştirakçılarının
mədəniyyətlərarası dialoqa töhfə verdiklərini vurğulayıb.
TÜRKSOY-un
baş katibi Düsen Kaseinov Türkiyəni və türk dünyasını
təmsil edən xor kollektivinin üç kateqoriyada qızıl medal almasından
məmnun olduğunu bildirərək gənc və istedadlı sənətçilərin uğurlarının
daha da artmasını
arzu etdiyini dilə gətirib:
“TÜRKSOY Gənclər Xorunu
türk dünyası
xorları arasında repertuar, musiqi dəyişikliyi edə bilməsi və türk musiqisini dünyaya tanıtmaq məqsədilə qurduq. Məqsədimiz musiqinin daha
fərqli sahələrində
olduğu kimi, xor musiqisi sahəsində
də nə qədər böyük potensialımızın olduğunu
ortaya qoymaqdır”.
Qeyd edək
ki, Avropa Xor Oyunlarına 30 ölkədən iki minə yaxın sənətçi qatılıb. TÜRKSOY Gənclər Xorunu bu yarışmaya TRT-nin Radio Xoru şefi, soydaşımız
Elnarə Kərimova və Qazaxıstan Filarmoniyası Xorunun rəhbəri Gülmira Kuttibadamova hazırlayıblar.
32 gəncin yer aldığı kollektivə
ölkəmizdən Bakı
Musiqi Akademiyasının
tələbələri Dilarə
Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan
Milli Konservatoriyasının
tələbələri Emin
Zeynallı, Əlisafa
Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi
Kamilla Heydərova daxildir.
Kollektiv növbəti konsertini iyulun 16-da Türkiyənin
Balıkəsir vilayətinin
Ayvalık şəhərində
verəcək. Bundan sonra xor üzvləri təhsillərini
davam etdirmək üçün ölkələrinə
dönəcəklər.
Mehparə
Mədəniyyət.-2015.- 15 iyul.-
S.7.