Mədəniyyət və turizm naziri Oğuz şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda vətəndaşlarla görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 15-də Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində Şəki, Mingəçevir şəhər, Oğuz, Balakən, ZaqatalaQax rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir Oğuz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda müraciətlər əsas etibarilə yerlərdə mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni abidələrin mühafizəsi, təmir-bərpası, mədəniyyət ocaqlarında ixtisaslı kadrlara tələbat, işlə təminat və digər məsələlərlə bağlı olub.

Zaqatala rayonundan qəbula gələn vətəndaşlar tərəfindən rayon Tarix-Diyarşünaslıq Muzeyində bərpa emalatxanasının yaradılması, Mədəniyyət mərkəzində istilik sisteminin quraşdırılması, "Qala" Tarix-Mədəniyyət Qoruğunda abidələrin tarixinin dəqiqləşdirilməsi, Yuxarı Çardaxlar kənd mədəniyyət evinin əsaslı təmir edilməsinə köməklik göstərilməsi barədə müraciətlər olunub.

Qax rayonundan olan vətəndaşlar Cəfər Cabbarlı adına Mərkəzi kitabxana fondunun ixtisaslaşmış tibb, kənd təsərrüfatı ədəbiyyatı və elektron nəşrlərlə zənginləşdirilməsi, rayon uşaq incəsənət məktəbinin xanəndəlik və rəqs şöbələrinin müəllim və şagirdləri üçün respublikanın təcrübəli pedaqoqları və sənətkarları tərəfindən ustad dərslərinin təşkili, mədəniyyət evlərindəki xalq teatrı və uşaq-gənclər teatr studiyalarının rayonlara qastrollarının təşkili barədə xahişlərini diqqətə çatdırıblar.

Balakən rayon Bülbül adına uşaq incəsənət məktəbində heykəltəraşlıq dərslərinin keçirilməsi üçün avadanlığın, məktəbin rəqs kollektivi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarındakı həvəskar dram dərnəkləri üçün geyimlərin verilməsi, Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenilənməsi, Balakən şəhər kitabxanasında ixtisaslı kadrlara ehtiyac barədə müraciətlər edilib.

Həmçinin Oğuz rayonu ərazisində tarix və mədəniyyət abidələrinin mühafizə zonalarının təyin edilməsi, Oğuz şəhər musiqi məktəbin fortepianoqarmon musiqi alətləri ilə təminatına köməklik göstərilməsi xahiş olunub.

Şəki rayonundan qəbula gələn vətəndaşlar tərəfindən "Gələrsən-görərsən" qalasında konservasiya işləri barədə, Şəki şəhərindəki M.F.Axundzadə adına kinoteatrın təmir-bərpa olunması və eyniadlı mədəniyyət mərkəzinin bu məkana köçürülməsi məsələləri qaldırılıb, şəhərdə turizmin inkişafı istiqamətində təkliflər səsləndirilib.

Mingəçevir şəhərindən qəbula yazılanların müraciətləri işlə təminat və əlillərə istirahət yerlərində, sanatoriyalarda maddi güzəştlərin edilməsi barədə olub. Bundan əlavə, qəbulda mədəniyyət işçilərinin xarici ölkələrdə təcrübə kurslarına göndərilməsi, uzun illər bu sahədə çalışan insanların mükafatlandırılması barədə müraciətlər də edilib.

Görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, sakinlərlə bu cür birbaşa ünsiyyət bir çox aktual məsələlərin gündəmə gəlməsinə, eləcə də mövcud problemlərin operativ şəkildə həllinə kömək edir.

 

Mədəniyyət.-2015.- 17 iyul.- S.3.