“Azərbaycan milli mətbuatı - 140: inkişaf yolumüasir dövrün çağırışları”

 

 

İyulun 16-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı-140: inkişaf yolumüasir dövrün çağırışları”mövzusunda regional konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Mərkəzdə rəssam Kərim Kərimovun rəsmlərindən ibarət sərgi ilə tanışlıq olub.

Konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açaraq, mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli sərəncamının icrası ilə bağlı tədbirlər planına əsasən Zərdab, Gəncə, Qəbələ və Masallıda regional konfranslar keçirilib, yekun tədbir iyulun 22-də Bakıda təşkil olunacaq.

Milli mətbuatın inkişaf mərhələlərindən söz açan Prezident Administrasiyası rəsmisi ulu öndər Heydər Əliyevin azad mətbuatın formalaşmasında xidmətlərindən danışıb, 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edildiyini, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul olunduğunu, 2003-cü ildə Mətbuat Şurasının yaradıldığını xatırladıb. Bildirilib ki, ümummilli lider tərəfindən əsası qoyulan mətbuata dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısının imzaladığı sərəncamla 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov tədbirdə 11 rayondan nümayəndələrin iştirak etdiyini xatırladaraq regionlarda da jurnalistlərin fəaliyyəti üçün münbit şərait yaradıldığını diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın Qubada keçirilməsinin təsadüfi olmadığını bildirərək, ilk regional qəzetin məhz bu rayonda fəaliyyətə başladığını xüsusi qeyd edib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə göstərilən dövlət qayğısından, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan danışıb. Bildirib ki, media işçiləri 2013-cü ildə onlar üçün tikilmiş binada hər bir şəraiti olan mənzillərlə təmin ediliblər. İkinci bina isə gələn il təhvil veriləcək.

Sonra rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları çıxış edərək, region mətbuatının hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Prezident Administrasiyasının rəsmisi T.Süleymanov sonda mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından bəhs edərək, qaldırılan təkliflərə münasibət bildirib.

 

Mədəniyyət.-2015.- 17 iyul.- S.3.