“Maarifpərvər şair
Seyid Əzim Şirvani”
Görkəmli ədibin
180 illiyinə həsr olunmuş dəyirmi
masa keçirildi
İyulun 16-da Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin 180 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
“Maarifpərvər şair Seyid Əzim Şirvani” adlı tədbiri MKS-nin direktoru Nəcibə Hüseynova açaraq ədibin həyat və yaradıcılığından danışdı. Qeyd olundu ki, Şamaxıda ruhani ailəsində dünyaya göz açan şair mədrəsədə oxuyub, orta ruhani təhsili alıb. 1869-cu ildə Şamaxıda yeni üsullu məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edib. Köhnə mollaxanalardan fərqli olaraq, o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı, pedaqoq Sultan Məcid Qənizadə onun məktəbinin yetirmələri olublar.
Dəyirmi masada iştirak edən ADPU-nun professorları Məhərrəm Hüseynli, Ramin Əhmədov, filologiya elmləri doktoru Xalid Rəhimli, şair Oqtay Rza və başqaları Seyid Əzimin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, janr müxtəlifliyindən söz açdılar. Qeyd olundu ki, zəngin ədəbi yaradıcılığa malik olan şairin bədii irsi azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca olan hissənin əsasını isə qəzəllər təşkil edir. Bu qəzəllərdə həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.
Çıxış edənlər maarifpərvər şairin “Məkri-zənan” və “Bəlx qazisi və xarrat” əsərlərinin dramaturji tərəfləri haqqında fikirlərini bölüşdülər. Bildirildi ki, böyük şairin maarifçilik ruhunda yazdığı əxlaqi-tərbiyəvi mahiyyət daşıyan əsərləri uzun illərdən bəri gənc nəslin mənəvi cəhətdən yetkinləşməsində mühüm rol oynayır.
Tədbirdə kitabxananın fəal oxucularının ifasında şairin qəzəlləri qiraət olundu, Adil İsgəndərov adına Mədəniyyət evinin özfəaliyyət kollektivinin solistləri və xanəndələrin ifasında muğam parçaları təqdim edildi.
L.Azəri
Mədəniyyət.-2015.- 17 iyul.-
S.4.