Azərbaycan-Fransa əlaqələri
müxtəlif sahələrdə inkişaf
edir
İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - “Bastiliyanın alınması günü” münasibətilə rəsmi qəbul təşkil edib.
Əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Ölkələrimiz arasındakı əlaqələrdən söhbət açan diplomat qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafına əlverişli zəmin yaratdığını deyib.
Azərbaycanın dinamik inkişafını qeyd edən səfir siyasi, iqtisadi əlaqələrin, habelə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafına verdiyi töhfələr qeyd edilib.
Səfir Bakıda ilk Avropa Oyunlarının çox uğurla keçdiyini vurğulayıb. O, Fransanın Oyunlarda 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunaraq 5-ci pillədə qərarlaşdığını xatırladıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. Nazir müavini ölkələrimiz arasında əlaqələrin zəngin tarixi olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi komissiya və parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. “Biz inanırıq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfəsini verəcək”, - deyə Sevda Məmmədəliyeva bildirib.
Qəbula rəsmi şəxslər, Milli Məclisin deputatları, elm
və mədəniyyət xadimləri, xarici
ölkələrin Azərbaycandakı səfirləri,
ictimaiyyətin nümayəndələri qatılıblar.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.5.