Argentinada caz musiqimiz maraqla
qarşılanıb
“Azərbaycanda bizim ölkəmizdə az
tanınan musiqi cərəyanı var ki, bu
da etno-cazdır”
Xəbər verdiyimiz kimi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən “Piano-Piano” beynəlxalq festivalında iştirak edib. Azərbaycanlı cazmen bu tədbirə ölkəmizin Braziliyadakı səfirliyi ilə əməkdaşlıq edən braziliyalı musiqiçi, "Piano-Piano" beynəlxalq musiqi festivalının bədii rəhbəri Benjamin Taubkin tərəfindən dəvət olunub.
Qeyd edək ki, B.Taubkin 2013-cü ildə Bakıda “Muğam aləmi” beynəlxalq festivalına qatılıb. Musiqiçi həmçinin Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun "Bayatılar" musiqisini Braziliyada ifa edib.
İyulun 4-də paytaxt Buenos-Ayresdə Argentina Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kirşner Mədəniyyət Mərkəzində gerçəkləşən konsertdə Salman Qəmbərov Xalq artisti, tanınmış kamança ifaçısı Fəxrəddin Dadaşov və zərb alətləri ifaçısı Eldar Qafarovla birlikdə "Lətif" layihəsi ilə uğurla çıxış edib. Bu, 1930-cu ildə “Bakı” studiyasında çəkilmiş "Lətif" səssiz filminə musiqi improvizasiyasıdır.
Festivalda musiqiçilərimizlə yanaşı dünya şöhrətli musiqiçilər Danilla Peres (Panama), Bojan Zet (Serbiya), Bakı Caz Festivalının iştirakçıları olmuş Qonzalo Rubalkaba (Kuba), Kreyq Taborn (ABŞ) və başqa tanınmış ifaçılar iştirak ediblər.
Festivalın təşkilatçıları tərəfindən hazırlanmış bukletdə Salman Qəmbərov və Azərbaycanda caz musiqisi barədə aşağıdakı fikirlər yer alıb: "Tarixçi Erik Hobsbaum əmin edir ki, caz yayılma surəti və əhatə dairəsinə görə yalnız xristianlıqla müqayisə oluna bilər. Lakin o, azərbaycanlı Salman Qəmbərov kimi bir nümunəni unudur. S.Qəmbərov Bakıda anadan olub və ölkəsinin Dövlət Konservatoriyasında musiqiçi və bəstəkar kimi təhsil alıb. Cazın sirlərinə təcrübədə, xüsusilə doğma şəhərinin musiqi ənənələrində çevriliş edən "Band Akustik Jazz" qrupunda yiyələnib. Azərbaycanda bizim ölkəmizdə az tanınan musiqi cərəyanı var ki, bu da etno-cazdır. 40-50 il bundan əvvəl həmin ölkənin ənənəvi musiqisi olan muğamın müasir cazla sintezi nəticəsində yaranıb. Salman Qəmbərov həmin cərəyanın parlaq nümayəndələrindən biridir".
Festivalın keçirildiyi
Kirçner Mədəniyyət Mərkəzi
Latın Amerikasında birinci, dünyada isə üçüncü
ən böyük mədəniyyət mərkəzi
hesab olunur. Mərkəzin
açılış mərasimi 2015-ci ilin
may ayında keçirilib
və "Piano-Piano" festivalı da bu münasibətlə
təşkil olunan tədbirlərdən biridir.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.5.