“Ruhlar şəhərinin
sakinləri” filminin təqdimatı
Ekran əsəri Ağdama,
Qarabağ ağrı-acılarına,
yaşadığımız faciələrə həsr olunub
İyulun 15-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub.
Tədbirdə
çıxış edən “Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
filmin tarixi əhəmiyyətindən söz açıb.
Bildirilib
ki, 1988-ci ildən başlayaraq ermənilərin
işğalçılıq siyasəti nəticəsində
Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Ermənistan Azərbaycan
əhalisinə qarşı etnik təmizləmə siyasəti
aparıb, 1 milyondan artıq soydaşımız öz
yurd-yuvasından didərgin düşüb. BMT-nin məlum qətnamələrinə
baxmayaraq, Ermənistan bu gün də
işğalçılıq siyasətini davam etdirir.
Vurğulanıb
ki, film iyulun 23-də işğal tarixini yenidən qeyd edəcəyimiz,
hazırda “ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ
ağrı-acılarına, faciələrinə həsr
olunub. Ekran əsərində torpağa, yurda bağlı
insanlardan, onların nəyin bahasına olur-olsun öz evlərinə
qayıtmaq istəyindən söhbət açılır.
Filmin
ssenari müəllifi Bəxtiyar Sadıqov deyib ki, müstəqillik
illərində Azərbaycan çox problemləri həll edib,
heç bir dövlətə, heç bir xalqa nəsib olmayan
bir inkişaf yolu keçib. Lakin həll edə bilmədiyimiz
yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Bunun da başlıca səbəblərindən
biri ikili standartlardır. Azərbaycan münaqişənin
sülh yolu ilə həllinə çalışır.
Dostlarının, qələm adamlarının məsləhəti ilə “Ruhlar şəhərinin sakinləri” mövzusunda yazdığı yazı əsasında ssenari hazırladığını bildirən B.Sadıqov əlavə edib ki, bu iş heç də asan başa gəlməyib. Ekran əsəri üç dəfə yenidən işlənib.
O, filmdə əks olunan rəmzlərdən danışaraq deyib: “Xarabalığa çevrilmiş yurd yerlərini göstərməklə erməni xislətini əməlləri ilə ifşa etməyə, qaçqınların, məcburi köçkünlərin Vətən həsrətini bir daha önə çəkərək vətənpərvərlik duyğularını qabartmağa çalışdıq. Filmdə şərti olaraq dörd surət var. Bunlardan biri ruhlardır. Bu, olduqları yeri, işğal altındakı torpaqlarımızı tərk etməyən ruhlardır. Eyni zamanda burada məcburi köçkünlərin, Ağdamdan kənarda doğulub, lakin o torpağı görmək eşqi ilə yaşayan uşaqların da obrazı var”.
Vurğulanıb ki, bu ekran əsəri xalqımızın başına gətirilən müsibətlərə bir qələm adamının münasibətidir.
Qarabağ mövzusuna həsr edilən filmlərin çəkilməsini yüksək qiymətləndirən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, Azərbaycanın haqq işinin təbliğində belə ekran əsərlərinin böyük rolu var.
Sonra film nümayiş olunub.
20 dəqiqəlik bədii-sənədli filmin çəkilişləri Ağdamın işğaldan kənarda qalan kəndlərində aparılıb. Filmin rejissoru Kəmalə Mirzəyeva, operatoru Manaf Əzizli, montaj rejissoru Rasim Yaxşıxanov, redaktoru İxtiyar Hüseynli, layihə rəhbəri Bəxtiyar Qaracadır. Mətni Əməkdar artist Azad Şükürov səsləndirib.
Milli Məclisin
deputatları Aqil Abbas,
Elman Məmmədov və başqaları
çıxış edərək filmlə bağlı fikirlərini
bölüşüblər. Bildirilib ki, belə ekran əsərləri
xalqımızın başına gətirilən müsibətləri
dünya ictimaiyyətinə
çatdırmaq baxımından təqdirəlayiqdir. Bu ekran əsəri hər
bir tamaşaçını işğal altında inləyən
torpaqları unutmamağa səsləyir.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.6.