"Bakı-2015”in
xoşbəxt anları fotoların yaddaşında
İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş “Bakı-2015”: Xoşbəxt anlar" adlı fotosərginin açılış mərasimi keçirildi.
Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Tədbirin qonaqları arasında ikiqat paraolimpiya çempionu İlham Zəkiyev də var idi.
Mərasimdə çıxış edən "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədov və "Coca-Cola" şirkətinin nümayəndəsi Qabil Əhmədov müsabiqə və sərgi barədə məlumat verdilər. Bildirildi ki, sərgidə 16-30 iyun tarixində keçirilmiş fotomüsabiqədə seçilmiş fotolar nümayiş olunur.
Fotolar Avropa Oyunları zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları, idmançıların və azarkeşlərin sevincini əks etdirir. Fotolar özünəməxsus adlar altında nümayiş olunur və sanki həmin anları bir daha xatırladırdı.
Tədbirdə fotomüsabiqənin qalibləri mükafatlandırıldı. Birinci yerə "Qürurverici hisslər" fotosuna görə Rüstəm İsmayılov, 2-ci yerə "Tapşırıq yerinə yetirildi" adlı fotoya görə Bakı Media Mərkəzinin əməkdaşı Vüqar İbadov layiq görüldü. Üçüncü yeri isə 2 nəfər - "Əhsən qızlar" fotosuna görə Bəkir Dəlləkov və "Bakı-2015" fotosuna görə Mirsadıq Hüseynov bölüşdürüb. Qaliblərə diplomlar və hədiyyələr təqdim edildi.
Sonra sərgiyə
baxış keçirildi. Müsabiqədə
seçilmiş 50-dək fotonun
nümayiş olunduğu
sərgi iyulun 22-dək davam
edəcək. Qeyd edək ki,
sərgidə “Mədəniyyət” qəzetinin əməkdaşı
Ceyhun Vəliyevin müəllifi olduğu foto da yer alıb.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.6.