Ölkəmizin turizm
imkanları Monteneqroda geniş
təbliğ olunur
Xəbər verdiyimiz kimi, iyunun 25-dən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə) çarter aviareysi açılıb. Həftədə bir dəfə «Montenegro Airlines» şirkəti tərəfindən «Embraer-190» təyyarəsi ilə həyata keçirilən reyslər iyulun 23-dən etibarən həftədə iki dəfə reallaşdırılacaq.
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu ölkəyə səfər edən vətəndaşlarımız həm xidmətdən, həm də uçuşların rahat və sərfəli olmasından razılıq edirlər: «Düşünürəm ki, burda Azərbaycanla Monteneqro arasında isti münasibətlərin olması önəm daşıyır. Bugünlərdə Bakıda keçirilən 1-ci Avropa Oyunlarının açılışına Monteneqronun prezidenti Filip Vuyanoviç öz xanımı ilə qatıldı. Bütün bunları əsas götürərək ölkələrimiz arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinə nail olmaq mümkündür».
Həmsöhbətimiz bildirdi ki, uçuşlar sentyabrın ilk ongünlüyünə qədər nəzərdə tutulur. Ümumilikdə bu müddətdə 17 reysin həyata keçirilməsi planlaşdırılır: «Bu reyslərə biletlərin əksəriyyəti demək olar ki, satılıb. Bu da onu göstərir ki, Azərbaycan vətəndaşlarının Moteneqroya böyük bir marağı var. Monteneqro turistik ölkədir. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, bu ölkəyə turist səfərlərinin sayında 3-4 faiz artım var».
Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 7 gecə 1990 manat, 4 ulduzlu hotel üçün - 2 244 manat, 5 ulduzlu hotel üçün 4 464 manatdan başlayır: «Bu tam səyahət paketidir, qiymətlərə sadəcə günorta və axşam yeməyi daxil deyil. Bunun da səbəbi odur ki, Monteneqroya gedən turist hoteldə oturmur, gün ərzində müxtəlif ekskursiyalara gedir, turproqramlarda iştirak edir.
Vüqar Əliyev onu da bildirdi ki, gələcəkdə çarter reyslərini ilboyu uçuşlara keçirməyi hədəf seçiblər: «Dörd il əvvəl İstanbuldan bu ölkəyə həftədə bir dəfə uçuşlar reallaşdırılırdı, hazırda Türkiyə paytaxtından hər gün iki uçuş həyata keçirilir. Monteneqro ildə öz əhalisindən 3 dəfə çox turist qəbul edir. Bunun bir səbəbi də adıçəkilən ölkəyə viza almaqda problemin olmamasıdır. Monteneqro bir çox ölkələrlə turizm mövsümündə viza sistemini ləğv edir. Martın 20-dən Azərbaycan vətəndaşları da bu ölkəyə vizasız gedir. Ötən il bu qayda 8 ay tətbiq olundu, bu il vizasız rejimin ilboyu davam etməsi nəzərdə tutulur».
Həmsöhbətim Monteneqroda Azərbaycanın turizm imkanlarının təbliğindən də danışdı: «Bu yaxınlarda Monteneqroda oldum və ölkənin Turizm Nazirliyində görüşlər keçirdim. Bu görüşlərin əsas məqsədi iki ölkə arasında turist səfərlərinin qarşılıqlı təşkili ilə bağlı idi. Bizim əsas məqsədlərimizdən biri də bu ölkədən Azərbaycana səfərlərin təşkilidir. İstəyirik ki, ötənilki göstəricini bu il daha da artıraq. Monteneqrodan Azərbaycana daha çox nümayəndə heyətləri, biznes görüşləri məqsədilə gələnlər çoxluq təşkil edir. Amma bizim məqsədimiz bununla bərabər adi turistlərin sayını artırmaqdır. Bu məqsədlə Monteneqroda Azərbaycanın turizm potensialının ciddi təbliğatı qurulub. Bu ölkədə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu təşkilatla Azərbaycanın turizm şirkətləri arasında imzalanan sazişə görə, iyul ayından ölkəmizə turistlərin cəlb edilməsi məqsədilə təbliğat işlərinə başlanılıb”.
Fəxri konsul qeyd etdi ki, sentyabrın əvvəlində Monteneqronun aparıcı turizm şirkətlərinin nümayəndələrindən ibarət heyətin Azərbaycana infoturu həyata keçiriləcək: “Onların Bakı və ətraf məkanlara, regionlarımıza səfərlərini planlaşdırırıq. Səfərin dəstəklənməsi üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə də müraciət edəcəyik».
F.Abdullayeva
Mədəniyyət.-2015.- 17 iyul.-
S.7.