Festivallar şəhərində Azərbaycan
mədəniyyəti günləri davam edir
Xəbər verdiyimiz kimi, iyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub.
Mərasimdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri
iştirak ediblər.
Fransanın
şərqində lacivərd sahil boyunca bənzərsiz
koloriti ilə turistləri cəlb edən festivallar şəhəri
artıq üçüncü ildir ki, Azərbaycan mədəniyyətinin
nümayişinə ev sahibliyi edir. İyulun 31-dək davam edəcək
tədbirlər çərçivəsində Azərbaycanın
milli, klassik və caz musiqisi, ənənə və
müasirliyini yaşadan incəsənətinin təqdimatına
həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.
Tədbirin
aparıcısı ölkəmiz haqqında məlumat verib, Azərbaycan-Fransa
əlaqələri, bu münasibətlərin inkişafına
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun töhfələri barədə
danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin
mədəniyyəti və incəsənəti Fransada
böyük maraqla qarşılanır.
Fransa-Azərbaycan münasibətləri
dostluq və qarşılıqlı hörmət əsasında
qurulub
Mərasimdə
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Mehriban Əliyeva çıxış edib.
Azərbaycan
gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın
Milli Bayramı günündə keçirildiyini qeyd edən
Mehriban Əliyeva bayram münasibətilə bütün
fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan
münasibətləri dostluq, qarşılıqlı maraq,
hörmət əsasında qurulub və son illər sahələrdə
sürətlə inkişaf edir”, - deyən Mehriban xanım bu
baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən
bəhs edib, son bir neçə il ərzində Azərbaycanla
Fransanın 12 şəhəri arasında əməkdaşlıq
və dostluq sazişinin imzalandığını diqqətə
çatdırıb.
Ötən
ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük
uğurla keçirildiyini qeyd edən “Bakı-2015” Təşkilat
Komitəsinin sədri xarici ölkələrdə bu
Oyunların təqdimatının ötən il ilk dəfə
məhz Kann şəhərində baş tutduğunu
xatırladıb. O, Azərbaycanın yığma
komandasının ümumi nəticələrə görə
21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu
böyük qürur hissi ilə qeyd edib, dost Fransanın 43
medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız
idmançılarını bu qələbə münasibətilə
təbrik edib.
Mehriban
Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə
dördüncü İslam Həmrəylik Oyunlarını
keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası
dialoqa verdiyi növbəti töhfə olacaq.
Kann
şəhərinin meri David Lisnar Azərbaycan-Fransa əlaqələrinin
inkişafından danışıb, bütün sahələrdə,
o cümlədən mədəniyyət sferasında uğurlu
əməkdaşlığın mövcud olduğunu qeyd edib.
O, ölkəmizdə bütün sahələrdə
olduğu kimi, idman və mədəniyyət sahəsində də
davamlı inkişafından danışaraq bildirib ki, bu amil Azərbaycan-Fransa
əlaqələrinin daha da möhkəmlənməsinə
töhfəsini verir. “Azərbaycan bəşər
sivilizasiyasının mühüm bir parçasıdır”, -
deyən David Lisnar yaxın rəsmi nümayəndə heyəti
ilə ölkəmizə səfərə gəlmək niyyətində
olduğunu diqqətə çatdırıb.
Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Festivalda ilk çıxış edən
ölkə Azərbaycan
olduğundan Fransanın
və Azərbaycanın
dövlət himnləri
səslənib. “Bakı Atəşfəşanlıq
Qrupu” ənənəvi
“Pirotexnika sənəti”
festivalının açılışını
edib. 25 dəqiqəlik
atəşfəşanlıq şousu Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəyli, Fikrət
Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev və Ələkbər Tağıyevin
ölməz əsərləri
və muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunub.
“Azərbaycan xalçaları incəsənətdə”
sərgisi
İyulun 15-də Kann şəhərinin Festivallar sarayında “Azərbaycan xalçaları
incəsənətdə” sərgisinin
açılışı olub. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə
ətraflı məlumat
verir. Burada Azərbaycan rəssamları
Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin Vəliyevin əsərləri-xalça
eskizləri əsasında
milli xalça motivlərinin dayandığı
modern, pop-art xarakterli əsərlər,
installyasiyalar təqdim
edilir.
Gənc rəssam Elçin Vəliyevin sərgidə
7 əsəri nümayiş
olunur. "Azərbaycan
xalçaları incəsənətdə"
sərgisi üçün
hazırlanan bu əsərlər öz orijinallığı ilə
seçilir. Yağlı boya
ilə işlənən
və əsasını
xalça motivləri
təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı
təəssürat yaradır.
Bu, rəssamın ilk sərgisidir.
Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə
yaratdığı xalça
eskizləri nümayiş
olunur. Təqdim olunan 15 əsər
ilk dəfədir nümayiş
etdirilir. Bunlar məhz
Lətif Kərimovun özünün müəllifi
olduğu ornamentlərin
eskizləridir.
Ekspozisiyada tanınmış rəssam
Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə
təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır.
Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif
Kərimovun eskizləri
ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern
rəssamlıqda tətbiqini
nümayiş etdirir.
Həmçinin XV-XVI əsrlərdə dünya
rəssamlarının əsərlərində
yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını,
görkəmli rəssamların
Azərbaycan milli xalça ornamentlərinə
verdikləri dəyərdən
bəhs edir.
Tanınmış rəssam Vüqar Muradovun sərgidə 7 əsəri yer alıb. Rəssam bu əsərləri
Kann sərgisi üçün hazırlayıb.
Portret, mənzərə janrında
olan və yağlı boya ilə işlənmiş əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə
təqdim edir.
Azərbaycan xalçaçılıq sənəti
sahəsində dünyanın
aparıcı ölkələrindən
biridir. 2010-cu ildə
Azərbaycanın ənənəvi
xalçaçılıq sənəti UNESCO-nun bəşəriyyətin
qeyri-maddi mədəni
irsin reprezentativ siyahısına salınıb.
Milli xalçaçılıq ənənələrinin
qorunması və inkişaf etdirilməsində
Heydər Əliyev Fondu da mühüm
işlər görür.
Fond tərəfindən
2011-ci ildə “Azərbaycan
xalçaları” kolleksiyasının
nəşri, Azərbaycan
xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində
həyata keçirilən
layihələr görülən
işlərin tərkib
hissəsidir.
Kannda “Azərbaycan
xalçaları incəsənətdə”
sərgisi iyulun 31-dək
davam edəcək.
Qeyd edək ki, Azərbaycan
mədəniyyəti günləri
çərçivəsində Kannın məşhur Kruazett bulvarında
“Bakı-2015” birinci Avropa
Oyunlarının simvolları
olan Nar və Ceyran heykəlləri də sərgilənir. Səkkiz heykəl Azərbaycan və digər ölkələrin rəssamları
tərəfindən müxtəlif
ornamentlərlə rənglənmiş
əsərlərdir. Bu
əsərlər Kann
şəhər sakinləri
və buraya gələn qonaqlarda çox böyük maraq doğurur.
Mədəniyyət.-2015.- 17 iyul.- S.8.